Uca Allah insanları doğru yola dəvət etmək üçün ilahi kitablar və peyğəmbərlər göndərmişdir. Peyğəmbərləri “rəsul” və ya “nəbi” olaraq da adlandıra bilərik. Peyğəmbərlərdən bəziləri digərlərindən üstün olmuşdur. Bu həqiqət İsra surəsinin 55-ci ayəsində öz əksini tapmışdır: “Sənin Rəbbin göylərdə və yerdə olanları daha yaxşı bilir. Həqiqətən, Biz peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik. Biz Davuda Zəbur verdik.” (İsra 17/55).
Bilindiyi kimi Həzrət Məhəmməd (s.ə.v.) peyğəmbərlərin sonuncusudur. Həzrət Məhəmmədin (s.ə.v.) sonuncu peyğəmbər olması və üstün məziyyətləri haqqında bütün ilahi təbiətli kitablarda məlumatlar yer alır. Ələlxüsus, Tövratda yer alan bu məlumatlar mövzunun əhəmiyyətini daha da artırır. Tövratda yer alan məlumatlara misal olaraq aşağıdakıları göstərə bilərik:
Hər şeyə hakim olan Rəbbin buyurur; “Yenə vaxt azdır və mən göyləri və yeri, dənizi və qurunu silkələyəcəyəm… Mən bütün millətləri silkələyəcəyəm, bütün millətlərin Himadası gələcək və bu məbədi izzət və şərəflə dolduracağam.” deyir (Əhdi-Ətiq (Tövrat) Haqqay 2/6-7).
Tövratın bu hissəsinin ilkin mətnində gələcəyindən xəbər verən və adı çəkilən “Himada” sözü ərəbcə Məhəmməd adı ilə eyni kökdəndir və “Ha, Mim və Dal” hərflərindən ibarətdir. Əhməd adı eyni mənaları daşıyır. Beləliklə, Hz. Məhəmmədin (s.ə.v.) adı və ya adının mənasını verən söz gələcəkdə baş verəcək şanlı hadisə ilə qeyd olunur.
“Doğrudan da Musa dedi: “Rəbb sizin üçün qardaşlarınız arasından mənim kimi bir peyğəmbər göndərəcək və siz onun nə dediyini eşidəcəksiniz. Bütün peyğəmbərlər, İsmail və bir-birinin ardınca gələnlər, həmişə danışılan bu günləri bəyan etdilər.” (Əhdi-Cədidin İşləri, Fəsil: 3, Beyt: 22).
Həzrət Musa (ə.s.) israiloğullarına səslənərək “qardaşlarınız” dediyi kimsələr Həzrət İbrahimin (ə.s.) oğlu Həzrət İsmayılın (ə.s.) nəslindən gələn kimsələrdir. Həzrət İsmayılın nəslindən isə sadəcə Həzrət Məhəmməd (s.ə.v.) peyğəmbər olaraq gəlmişdir.
“Rəbb Sinaydan gəldi və onlar üçün Sairdən doğuldu; Paran dağlarında parıldayırdı və ondan on min müqəddəs gəldi. Sənin sağında onlar üçün alovlu bir əmr var idi.” (Qanunun təkrarı, 33-cü fəsil, ayə: 2)
Mətndə “Paran” və ya “Faran” olaraq keçən ifadə Məkkənin öncəki adıdır. Buna əsasən müfəssirlər bu pasajın Həzrət Muhəmmədin (s.ə.v.) peyğəmbər olaraq göndəriləcəyinə işarə etdiyi fikrini müdafiə edirlər. Peyğəmbərimiz (s.ə.v.) haqqında Tövratda yer alan bu ifadələr onun həqiqətən son haqq peyğəmbər olduğunu və aləmlərə rəhmət olaraq göndərildiyini sübut edir. Buna baxmayaq inkarcılar hələ də Həzrət Məhəmmədin (s.ə.v.) peyğəmbərdən öncə “məcnun” və ya “şair” olduğunu iddia edirlər. Fikirlərində və ifadələrində ifrata varanların cavabını Allah Qurani-Kərimdə necə də gözəl vermişdir: “Bu iki dəstənin vəziyyəti kor və karın vəziyyəti ilə görən və eşidənin vəziyyəti kimidir. Bunlar eyni ola bilərmi? Siz hələ də dərs almamısınız?” (Hud 11/24).
Murad Ağayev