Əbül Həsən Harakani təxminən hicri 352-ci ildə İranın Şəhrud şəhərində Bistam qəsəbəsinin şimalındakı Harakan kəndində dünyaya gəlmişdir. Bəyazid Bistamini zahirən görməmiş, ancaq mənəvi və Üveysi yolla (Üveysilik cismani olaraq görüşmələri mümkün olmayan kəslərin yuxu və ya hal yolu ilə mənən görüşmələridir) ondan yararlanmışdır.
Həzrəti Əbül Həsən Harakani 12 il Harakandan Bistama müəlliminin qəbrini ziyarət üçün getmişdir. Bu ziyarətə gedərkən yolda Qurani-Kərimi xətm edərdi. Hər getdiyində ziyarətlə bağlı vəzifələrini yerinə yetirdikdən sonra: “Ya Rəbbi, böyüklüyünün haqqına Bəyazidə ehsan etdiyin elmlərdən Əbül Həsən quluna da ehsan eylə!” – deyə yalvarardı. 12 il sonra Allahın lütfü ilə Bəyazidin ruhaniyyətindən istifadə edib kamala çatır.
Bir gün İbn Sina, Həzrəti Əbül Həsəni evində ziyarət etmək üçün Harakana yollandı. Xanımı onu danlayaraq meşədə olduğunu söylədi. Xanımı Həzrəti Əbül Həsənin böyüklüyünə inanmadığı üçün ona yersiz sözlər dedi. İbn Sina meşəyə doğru gedərkən Əbül Həsənin bir aslana odun yükləyib gəldiyini gördü. İbn Sina: “Bu nə haldır?” – deyə soruşduğu zaman, “Evimdəkinin sıxıntı və bəla yükünü daşıdığım üçün bu aslan da bizim yükümüzü daşıyır”,- deyə cavab verdi.
Qaznəli Mahmud, Harakan kəndi yaxınlığına gələrkən mədhini eşitdiyi Həzrəti Əbül Həsən Harakanini ziyarət etmək istəmişdi. Əvvəla bir adamı çağıraraq Həzrəti Harakaninin evinə getməsini və:
– “Qaznə sultanı ziyarətinizə gələcək siz də müridlərinizlə bərabər onu qarşılamağa çıxın”,- deməyini əmr etmişdi. Əgər tərəddüd edərsə: “Allaha, Rəsuluna və sizdən olan əmr sahiblərinə (idarəçilərə) itaət edin” (Nisa surəsi, 59) ayəsini xatırlatmağı tənbeh etdi. Bu təlimatıyla Həzrətin necə davranacağını görmək, onun mənəvi aləmini yoxlamaq istəyirdi.
Elçi öz vəzifəsini yerinə yetirincə Həzrəti Harakani ona belə dedi:
- “Sultan Mahmuda de ki, Əbül Həsən “Allaha itaət edin!” əmriylə elə məşğuldur ki, “Rəsuluna itaət edin!” əmrini belə haqqıyla yerinə yetirə bilmir, səninlə maraqlanacaq halı heç yoxdur”.
Bu söz Sultan Mahmuda çox təsir etdi və yanındakılara:
- “Qalxın, şeyxin hüzuruna gedək, bu fərqli bir insandır, bizim bildiyimiz insanlardan deyil”,- dedi.
Hüzuruna gedən Sultan Mahmud:
- “Mənə bir nəsihət verin”,- dedi.
Həzrəti Harakani:
- “Ey Mahmud, 4 şeyə diqqətlə yanaş: Təqva, camaatla qılınan namaz, comərdlik və xalqa şəfqət”.
Sultan Mahmud:
- “Mənə dua et”,- deyə xahiş edir. Həzrət:
- “5 vaxt namazda, Allahım, mömin kişiləri və mömin qadınları bağışla, deyə dua edirəm. Sən də buna daxilsən”,- buyurdu.
Sultan Mahmud:
- “Xüsusi dua istəyirəm”,- dedi.
Həzrəti Harakani:
- “Ey Mahmud, aqibətin Mahmud (xeyirli və gözəl) olsun”,- deyərək dua etdi.
Sultan Mahmud Əbül Həsən Harakaninin önünə bir qab qızıl qoydu. Buna qarşılıq olaraq Əbül Həsən sultanın önünə arpa unundan hazırlanmış çörək qoydu. Sultan çörəkdən bir tikə qopardı, amma tikəni uda bilmədi. Bunu görən Həzrəti Əbül Həsən:
- “Bir tikə çörəyi uda bilmirsən, bəs istəyərsənmi bu bir qab qızıl bizim də boğazımızda qalsın? Biz pul – para ilə əlaqəmizi çoxdan kəsmişik. Bu qızılları önümdən götürün”,- dedi. Sultan, Əbül Həsənin pulları götürməsini çox istəsə də o qəbul etmədi. Sultan Mahmud ondan bir xatirə istədi. Həzrəti Əbül Həsən də ona əbasını verdi.
Qaznəli Mahmud və adamları gedərkən Həzrəti Əbül Həsən onları ayaq üstə yola saldı. Sultan Mahmud:
- “Gəldiyim zaman belə qarşılamamışdınız, indi isə ayağa qalxırsınız. O hal nə idi, bu ikram nədir?” – deyə sual edincə, Həzrəti Harakani:
- “Gələrkən sultanlıq qüruruyla və imtahan üçün gəlmişdin, indi isə könlü qırıq şəkildə və dərviş halıyla gedirsən. Dərvişlik dövlətinin günəşi üzərində parlamağa başladı. Daha öncə sultan olduğun üçün qalxmadım, amma indi dərviş olduğun üçün qalxıram!” – dedi. Sultan Mahmud da döyüşə getmək üçün oradan ayrıldı.
Həzrəti Harakani belə deyərdi:
“İlahi, insanları incitdiyim zaman məni görər – görməz yollarını dəyişirlər. Səni o qədər incitdiyimiz halda sən yenə bizimlə bərabərsən”.
Dostlarına və müridlərinə belə deyərdi:
“Allah–Təala sizi dünyaya təmiz olaraq göndərdi. Siz də onun hüzuruna kirli olaraq getməyin!”
“Səhər vaxtı qalxan alim elminin, zahid də zühdünün artmasını istəyər. Əbül Həsən isə bir insanın qəlbinə sevinc, xoşbəxtlik vermək dərdindədir”.
“Türküstandan Şama qədər birinin barmağına batan tikan mənim barmağıma batmış sayılır, birinin ayağına batan daş mənim də ayağımı incitmiş sayılır, bir qəlbdə hüzün varsa o qəlb də mənimdir və birinin sıxıntısı varsa o da mənim sıxıntımdır”.
“Bu iki insanın çıxardıqları fitnəni şeytan belə bacara bilməz. Biri dünya ehtirasına sahib olan alim, digəri isə elimdən yoxsul sufi”.
“İxlas və riya nədir?”-deyə soruşulduğu zaman Həzrəti Əbül Həsən buyurdu ki, “Allah-Təala üçün etdiyin hər iş ixlasdır. Xalq üçün etdiyin hər şey də riyadır”.
Belə deyərdi:
“Hər kim bu dərgaha gələrsə, çörəyini verərik, amma inancını sorğu – sual etmərik. Çünki Allah qatında ruh daşıyan hər kəs Əbül Həsənin süfrəsində çörək kəsməyə layiqdir”.
Həzrəti Əbül Həsən Harakani buyurur ki: “Nemətlərin ən gözəli, ən yaxşısı çalışaraq qazanılandır. Dostların ən yaxşısı Allahı xatırladandır. Qəlblərin ən nurlusu içində mal sevgisi olmayandır”. “Dünyada alimlər və abidlər (ibadət edən) çoxdur. Amma axşam və səhər Cənabı- Haqqın rızasını qazanmaq mühümdür”. “Qəlblərin ən nurlusu içərisində Cənabı-Haqqın sevgisindən başqa bir sevgi olmayandır. Əməllərin ən yaxşısı riyadan uzaq olan, yəni ixlaslı olandır”. “Siz Allahdan danışarkən başqa şeydən söhbət açanla dostluq etməyin”. “Cənnətdə Tüba ağacının altında Allah-Təaladan qafil olaraq qalmaqdansa, dünyada bir tikan ağacının altında daima onu xatırlamağı daha çox arzu edərəm”. “Rəsulallahın varisi onun işlərinə uyan və şəriətinə tabe olandır”.
Bir dəfə Cənabı-Haqq Həzrəti Əbul Həsən Harakaniyə yuxusunda belə xitab etmişdir: “Ey Əbul Həsən! Sənin bəzi qüsur və ayıbların var. İnsanlar bunları bilmir. Bunları xalqa göstərib sirlərini ifşa etsəm, halın necə olar?” Həzrəti Harakani naz məqamında belə cavab vermiş: “Ey Allahım! Sən Rəhmansan, Rəhimsən. İstərsən mənim sirlərimi xalqa ifşa edib məni rüsvay edərsən, istərsən onları örtərsən. O sənin biləcəyin işdir. Bəs mən Sənin sirlərini bu xalqa anlatsam, o zaman necə olacaq? Sənin çox mərhəmətli olduğunu, hər kəsi bağışlamaq istədiyini söyləsəm, heç kimin alnı səcdəyə getməz”. Bunun üzərinə Cənabı-Haqq Harakaniyə: “O halda nə sən mənim sirlərimi söylə, nə də mən səninkiləri”,- buyurmuşdur.
Bütün insanlar Allaha ibadət etsə, onun şəninə bir şey əlavə olunmaz. Bütün insanlar Allahı inkar etsə, onun şənindən bir şey əskik olmaz. Allah dostlarının bu cür sözləri dostluq və məhəbbətdən qaynaqlanan naz məqamındakı sözlərdir. Balaca uşaqlar tanımadıqları kimsələrə deyil, ana və ataları kimi sevdiklərinə nazlanarlar. Allah dostları da məhəbbətləri səbəbi ilə Onunla naz məqamında danışmışlar.
Həzrəti Əbül Həsən Harakani hicri 425-ci ildə Aşura günü (11 dekabr, 1033) vəfat etmişdir. Qəbri İranda Şəhrud şəhərinin Harakan qəsəbəsindədir. Bundan əlavə Qarsda özünə aid olan bir məqamı (simvolik məzar) vardır. Əbül Həsən Harakaninin bəzi sözləri “Nurul – ulum” adlı farsca bir əsərdə toplanmışdır. Bu əsər Harakaniyə aid edilsə də, əslində bir müridi və ya davamçısı tərəfindən hazırlanmışdır.
Prof. Dr. Nəcdət Tosun