ƏDƏB

0

İbn Xəlduna görə insan sosial varlıqdır (İbn Xəldun, Müqəddimə, 2/127) və o, cəmiyyətdən uzaq yaşaya bilməz. İnsan cəmiyyət içində yaşayır, yaradır və sahib olduğu dəyərləri gələcək nəsillərə ötürür. Elə isə hər kəsin xoşbəxt olması üçün birgə yaşayış qaydalarına əməl etməsi vacibdir. Bu qaydalar toplusuna “ədəb qaydaları” da deyə bilərik.

            Ədəb qaydaları ana bətnindən başlayır. İnsan sahib olduğu davranışları övladına ötürür. Bu, o qədər önəmli nüansdır ki, əfsanə və salnamələrdə belə öz yerini almışdır. Məsələn, Əhəməni İmperiyasının qurucusu olan II Kir babası Astiaq tərəfindən ölümə məhkum edilir. Kiçik yaşlı uşaq çoban tərəfindən qurtarılır. Zaman keçdikcə uşaq böyüyür və nəsildən gələn xüsusiyyətlər özünün büruzə verir (Heredot, Tarix, 468). Belə ki, böyük həkim İbn Sina da əsərlərində buna təmas etmişdir.

            Ədəbin ikinci mərhələsini ailədaxili təlim-tərbiyə təşkil edir. Xüsusilə, analar, övladlarının təlim-tərbiyəsi ilə ciddi məşğul olmalıdır. Onlar, övladlarını necə tərbiyə edərsə, övladları da cəmiyyət içərisində aldığı tərbiyəyə uyğun hərəkət edəcəklərdir. Övlad tərbiyə edərkən, əvvəla, valideynlərin ədəb qaydalarına riayət etməsi lazımdır. Onlar, ədəb qaydalarına riayət etdikdə övladları da onları örnək alacaqlardır. Bu mövzuya təmas edən ayələri Yusif surəsində görə bilərik. Belə ki, Həzrət Yusif atasına müraciət edərkən “atam” deyərək müraciət edir (Yusif surəsi 12/4). Həzrət Yəqub isə övladına “oğlum” deyərək qarşılıq verir (Yusif surəsi 12/5). Qurani-Kərimdə qeyd edilən bu nünas ailədaxili ədəb qaydalarının nə qədər önəmli olduğunu göstərir.

            Ailədə öyrənilən ədəb qaydaları bizim cəmiyyət içindəki davranış qaydalarımızı da müəyyən edir. Ədəb, dostlar arasındakı münasibəti, elm və ziyafət məclislərindəki davranış qaydalarını təyin edən əsas ünsürdür. Dinimiz də ədəbə böyük önəm verir. Belə ki, yuxarıda qeyd etdiyimiz nüans bunu təsdiq edir. Eyni zamanda Həzrət Peyğəmbər (s.) müsəlmanlara ədəb qaydalarını təfsilatlı olaraq açıqlamış, tətbiq etmiş və müsəlmanları bu mövzuda təşviq etmişdir. Kutubi-Sittəyə (altı əsas hədis kitabı bura daxildir) nəzər yetirdikdə, ədəblə əlaqədar qələmə alınan fəslləri görə bilərik.

            Ədəb millətlərin yüksəlmə səbəbidir. Ədəbdən yoxsun millətlər isə tarix boyu məhvə məhkum olmuşlardır. Tarix boyu ədəb və əxlaqi keyfiyyətlərin unudulması inkişaf etmiş cəmiyyətlərin sonunu hazırlamışdır. Sadə və dəyərsiz kimi görünən hər bir ədəb qaydası həyatımızın vazkeçilməzidir. Əgər ədəb önəmsiz bir məhfum olsa idi,əvvəla, dinimiz və Həzrət Peyğəmbərimiz (s.) bu mövzuda ciddi addımlar atmazdı. Deməli, ədəb sadəcə söz deyildir, həyatımıza yön verən əsas komponentdir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
LAÇIN ŞƏHƏRİNDƏ HEYDƏR ƏLİYEV FONDUNUN XƏTTİ İLƏ MƏSCİD İNŞA EDİLƏCƏK

"Eyni zamanda, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək". Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 28-də Məsim...

Bağla