“ƏGƏR UŞAQLAR ÖLDÜRÜLÜRSƏ BU SİYASİ HALDIR, DİNƏ AİD DEYİL DEMƏK DÜZGÜN OLMAZ”

0

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 1 iyul tarixində KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının növbədənkənar sessiyasında iştirak etdi. KAICIID Direktorlar Şurasının daxili prosedurlara həsr olunmuş onlayn toplantısının gündəmində duran əsas məsələ qurum adından bəyanatların verilməsi üçün meyarların müəyyən edilməsi idi.

Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə onlayn sessiyada çıxış etdi. Beynəlxalq Mərkəzin bəyanat meyarlarının diqqətlə nəzərdən keçirilməsini vacib kimi dəyərləndirən Şeyxülislam A. Paşazadə bildirdi ki, bununla bağlı Kommunikasiya departamentinin təkliflərini müsbət qarşılayır. QMİ sədri xüsusi vurğuladı ki, dünya dinlərinin təmsil olunduğu Mərkəz olaraq KAICIID-in dini məkanların təhqir edilməsi hallarına olduğu kimi, bütün dinlərdə müqəddəs sayılan insan həyatına qəsd hallarına öz birmənalı münasibətini bildirməsi arzu olunandır.

KAICIID Beynəlxalq  Dialoq Mərkəzinin Əsasnaməsində siyasətə qarışmamaq barədə müddəanı xatırladan Şeyxülislam A. Paşazadə qeyd etdi ki, baş verən hər hansı zorakılıq hallarında qətl edilən uşaqlar, qocalaq varsa, bu siyasi məsələdir və dinə aidiyyatı yoxdur demək, laqeydliklə susmaq düzgün olmaz. Azərbaycanın dini lideri mülki şəxslərə qarşı törədilən hər hansı terror və ekstremist aktlarını, nifrətə çağırışları, xüsusilə də insan tələfatı ilə nəticələnən əməllərin dini və ya qeyri-dini mahiyyəti üzrə təsnif edilməsinin əleyhinə çıxış edərək, KAICIID-in motivasiyasından asılı olmayaraq zorakılıq faktlarına dair münasibətin bildirilməsinin məqsədəuyğun olduğuna diqqəti çəkdi. Şeyxülislam A. Paşazadə bunu onunla əsaslandırdı ki, din xadiminin, dini liderin borcu müqəddəs dəyər olan insan həyatının və mənəvi dəyərlərin qorunmasıdır. Bu baxımdan, QMİ sədri KAICIID-in yalnız dinlər deyil, mədəniyyətlər arası, yəni toplumlar arası dialoq üzrə ixtisaslaşmasına uyğun olaraq təkcə dini deyil, bəşəri əhəmiyyətli humanitar məsələlərə öz münasibətini bildirməsini məqsədə müvafiq və zəruri hesab etdi.

Bu əsnada çıxış edən  Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen ölkəsində olan erməni din xadimlərinin ona müraciət edərək, işğaldan azad olunmuş Azərbaycan torpaqlarında guya erməni dini abidələrinin dağıdılması barədə məlumatlar verməsi və buna dair bəyanat verməyə təhrik etdiklərini onlayn sessiya iştirakçılarının diqqətinə çatdırdı. David Rosen qeyd etdi ki, onun bu məsələyə dair hər hansı bəyanat verməkdən imtinasının səbəbi həmin məlumatların həqiqəti əks etdirmədiyini, heç də dini təəssüb deyil, siyasi mahiyyət daşıdığını fərq etməsi olub. Belə ki, D. Rosen Direktorlar Şurasında həmkarı olan Şeyxülislam A. Paşazadənin KAICIID tribunasından etdiyi mütəmadi çıxışlardan Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində 67 məsciddən 65-nin, 2 pravoslav kilsəsinin və sinaqoqların dağıdılıb təhqir olunması barədə məlumatlara malik olduğunu bildirdi. Şeyxülislam A. Paşazadə, öz növbəsində, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosenin din xadiminə layiq mövqeyini təqdir etdi və belə bir prinsipial yanaşmasına görə Azərbaycan xalqı adından ona təşəkkür etdi.

 Onlayn sessiya məhsuldar keçdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏBƏDƏ QURBAN BAYRAMI HAZIRLIQLARI BAŞLAYIB – FOTO

Həcc mövsümünə hazırlıqlar çərçivəsndə müqəddəs Kəbənin örtüyü yuxarı qaldırılıb. Bu barədə Səudiyyə Ərəbistanı “Harameyn” işləri üzrə dövlət komitəsi sosial şəbəkədəki...

Bağla