İslam dininin nüfuzlu mərkəzlərindən olan, Misirdə fəaliyyət göstərən “Əl-Əzhər” rəsmiləri, kovid-19 səbəbindən dünyasını dəyişənlərin şəhid sayılacaqları barədə fətva verib.
Bu barədə Misir fətva evi (Darul-İfta) yazılı bəyanat yayıb. Bəyanatda, ölənin yuyulması, kəfənlənməsi və cənazə namazının qılınması kimi qaydaların qüvvədə olduğu vurğulanıb.
“Kovid-19 səbəbilə dünyasını dəyişənlər axirət şəhididir. Şəhidlər 5 qrupdur: Epidemiyaya yoluxanlar, ishal olanlar, suda boğulanlar, dağıntılar altında qalanlar və Allah yolunda döyüşdə şəhid olanlar.” – deyə bəyanatda İslam Peyğəmbərinin (ﷺ) hədisinə istinad edilərək bildirilib.
Qeyd edək ki, son günlər Misirdə koronovirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Səhiyyə Nazirliyinin məlumatına görə indiyə qədər bu ölkədə 146 809 nəfər virusa yoluxub, 8 029 nəfər bu səbəbdən dünyasını dəyişib.