ƏMƏLİSALEH QONŞU KİMDİR?

0

İnsan sosial varlıqdır və o, yaradılışına uyğun olaraq həyat fəaliyyətini davam etdirdiyi mühitdə digər insanlarla ünsiyyət qurur, əlaqəyə girir, eyni cəmiyyəti və dəyərləri paylaşaraq onlarla bərabər yaşamağa çalışır. Bu mənada insanlar yaxınlıq və sevgi baxımından bir – birindən fərqlənirlər. Belə ki, sevgidə qan bağlılığı səbəbilə insanın yaxın qohumları ona daha əziz və canayaxın olur. Bununla bərabər heç bir mənfəətə dayanmayan səmimi dostluqlar və yaxınında yaşadığı qonşular insanın qan bağlılığı sayılan qohumlari qədər əziz olur.

İslam dini qonşu haqlarına riayət və bu haqların önəmi barədə möminlərə bir sıra qayda-qanunlar qoymuşdur. Qonşular ev xalqından sonra ən çox görüşdüyümüz insanlardır. Rəsuli-Əkrəm (s.ə.s) üzərimizdəki haqlarına görə qonşuları 3-ə ayırmışdır:

Bir haqqı olan qonşular; Qeyri-müsəlmanlar kimi. Bunların yalnız qonşuluq haqqı vardır.

İki haqqı olan qonşular; Müsəlman qonşular kimi. Bunların həm din qardaşlığı, həm də qonşuluq haqları vardır.

Üç haqqı olan qonşular; Yəni qohum olan qonşular. Bunların isə həm qonşuluq, həm din qardaşlığı, həm də qohumluq haqları vardır.

Qonşu haqqının vacibliyini ümmətinə tövsiyə edən Allahın Rəsulu (s.ə.s.), xanımı Həzrət Aişəyə (r.anhə.) hədiyyə verərkən ona yaxın olan qonşusundan başlamasını nəsihət etmişdi. Qonşu haqları İslam dinində o qədər əhəmiyyətli bir mövzudur ki, Rasulullah (s.ə.s.) həqiqi möminin imanını qonşuluq haqlarına riayət etməklə ölçüldüyünü bir hədisində belə dilə gətirmişdir:

“Allaha və axirət gününə iman gətirən kəs qoy qonşusuna yaxşılıq etsin, Allaha və axirət gününə iman gətirən kəs qoy qonağına hörmət və ikram eləsin, Allaha və axirət gününə iman gətirən kəs ya xeyir söz söyləsin, ya da sussun” (Buxari 7/184, Müslim 1/68).

Qurani-Kərimdə Allah-Təala yaxın-uzaq ayri-seçkiliyi qoymadan bütün qonşularla gözəl keçinməyi digər haqlarla bərabər tutaraq belə buyurmuşdur:

“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə,byoxsulara, yaxın və uzaq qonum-qonşuya, yaxın dosta, (pulu qurtarıb yolda qalan) səfərdə olana, əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənəri sevməz!” (Nisa, 36)

Qurani-Kərim ayəsində Allah qatında qonşu haqlarına təcavüz etmənin Allaha şərik qoşmaq kimi böyük günahlarla bir tutulduğu müşahidə edilir. Qonşuluq haqlarına riayət etməməyin, bu haqları pozmağın ilahi lənətə və insanların lənətinə səbəb olacağı Allah Rəsulu (s.ə.s.) tərəfindən belə bildirilmişdir:

“Əbu Cuheyfədən (r.a.) rəvayət olunmuşdur ki, bir nəfər Peyğəmbərin yanına gələrək qonşusunun ona əziyyət verdiyindən şikayət etdi. Allah Rəsulu (s.ə.s.) ona:

“Evindəki əşyaları bayıra çıxart, qoy yola! Onun yanından keçən hər kəs ona lənət oxuyacaq”.

Adam Peyğəmbərin (s.ə.s.) dediyi kimi etdi. Hər kəs əşyaların yanından keçərkən məsələdən xəbərdar olub o qonşuya lənət oxumağa başladı. Adam bu vəziyyəti gəlib Allah Rəsuluna (s.ə.s) bildirəndə O:

“Şübhəsiz ki, Allahın lənəti onların lənətindən daha üstündür!”- dedi. Sonra da şikayətçiyə: “Bu sənə yetər”,- dedi.

Qonşuya yaxşılıq etmək və onun haqlarına riayət etməyin İslam dinində o qədər mühüm yeri vardır ki, insan bu haqları oxuduqda hardasa qonşunun qonşuya varis olacağı fikrinə belə qapılır. Bu mövzuda gözəl bir örnək İmam Əhməd İbn Hanbəldən rəvayət edilmişdir:

Belə ki, ənsardan olan bir səhabə rəvayət edir ki, bir gün mən əhli-əyalımla birgə Rəsulullahın (s.ə.s.) yanına getdim. Həmin vaxt O, bir kişi ilə üzbəüz durub söhbət edirdi. Mən bu söhbətin şəxsi söhbət olduğunu güman edib onlara yaxınlaşmadım və kənarda durub söhbətin bitməsini gözlədim. Rəsulullahın (s.ə.s.) söhbəti o qədər uzandı ki, mən onun uzun-uzadı ayaq ustə durmağına acıdım. Allah Rəsulu (s.ə.s.) söhbətini bitirdikdən (və həmin adam çıxıb getdikdən) sonra mən ona yaxınlaşıb dedim: “Ya Rəsulullah, bu

adam söhbəti o qədər uzatdı ki, mən sizin uzun-uzadı ayaqüstə durmağınıza acıdım”. Rəsulullah (s.ə.s.) soruşdu:

“Bilirsənmi o kim idi?” Mən:

“Xeyr, bilmirəm”, – dedim. Rəsulullah (s.ə.s.):

“O, Cəbrail idi. O mənə qonşu haqqında o qədər nəsihət etdi ki, artıq hardasa ona da mirasdan pay düşəcəyini güman etdim. Əgər sən yaxınlaşıb Cəbrailə salam versəydin, o sənin salamını alardı” (Əhməd İbn Hanbəl, Müsnəd, V/32).

Bu hədis qonşuluq haqlarına riayət etməyin vacib olduğunu, habelə onu incitməyin və ona əziyyət verməyin günah olacağını möminlərə işarə edir. Rəsululah (s.ə.s.) İslamın gözəlliklərini ümmətinə izah edərək onları qul haqları sayılan bu kimi haqzıslıqlardan uzaq durmağı, örnək sayılan, sevilən və sevgi aşılayan biri olmağı tövsiyə etmişdir.

Yaşadığımız mühitdə bizimlə bərabər eyni cəmiyyəti, binanı, həyət və ərazini paylaşan insanlar bir-birləri ilə xoş keçinməyi İslamın bir əsası olaraq bilməli, qonşunu narahat edəcək hər hansı bir səs-küyün, yuxari mərtəbədən atılan çör – çöpün və digər tullantıların onlara zərər verəcəyini düşünməlidir. İndiki zəmanədə balkonlardan atılan məişət tullantıları digər qonşunun balkonunu, evini natəmiz vəziyyətə salır. İnsanlar bunları edərkən qonşusunun haqqına girdiyini, ona əziyyət etdiyinin fərqinə belə varmır. Evində müxtəlif cins heyvanlar saxlamaqla onların qoxusu və səslərinin ətrafdakı qonşularını narahat etdiyini, televizor, radio və maqnitofonların səsini artıraraq yan və alt qonşusunu narahat edə biləcəyini ağlına belə gətirmir və ya gətirmək istəmir. 20 il bundan öncə yaxın qohumlarımın qonşu ölkələrdən birində, axşam vaxtı evdə yüksək səslə danışdıqları üçün qonşu tərəfindən polisə verildiyi indiyə kimi yadımdadır. Əslində düşündüyümüzdə şikayət edən qonşunu məzəmmət etmək yerinə haqlı olduğunu, bunların qul haqlarına girdiyini dini şüurumuzun artmasından sonra daha yaxşı anlayır və ona haqq veririk. Kiçik gördüyümüz, elementar şeylərə qarşı diqqətli olmaq, məsələn, ev yığışdırarkən, xalça çırparkən öncə qonşusuna səslənərək təmiz paltarlarını yığmasını söyləməsi böyük bir nəzakət və incəlikdir. Təbii ki, özünə rəva bilmədiyini başqasına da bilməmək dinimizin qoyduğu prinsiplərdəndir ki, bu sayədə başqasının da hisslərini özün kimi hiss etmiş olursan.

Qonşusuna evini tərk edənədək əziyyət vermək kimi hallar, eyni zamanda insanın imanının zədələnməsinə, həlak olmasına gətirib çıxarar. Bu mövzuda Sövbandan (r.a.) gələn rəvayətdə Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu ifadə edir:

“Üç gündən artıq bir-birindən əlaqəni kəsən elə iki nəfər yoxdur ki, ikisindən biri həlak olmasın. Və əgər beləcə küsülü halda ölsələr, hər ikisi həlak olar. Qonşusuna əziyyət verən, onu alçaldan, beləliklə də, onu öz evindən çıxardan elə bir adam yoxdur ki, həlak olmasın” (İmam əl – Buxari, əl-Ədəbul-Mufrad).

Nəticədə qonşular arasında birlik, bərabərlik və mehribançılığın təsisi əsas şərtdir. Rəsulullah 4 şeyin insanın səadətinə səbəb olacağını vurğulamışdır:

“Geniş ev, əməlisaleh qonşu, salehə xanım və rahat minik” (İmam əl-Buxari, əl-Ədəbul-Mufrad, Saleh qonşu babı). Bütün bu sadalananlara sahib olmaq diləyi ilə Allahın mərhəməti və qoruması hamımızın üzərinə olsun. Amin!

Samirə Mahmudova

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SÜZGƏC TESTİ

Düşünürəm ki, çoxunuz son illərdə xaricdən ölkəmizə gətirlən avtomobillərin yan güzgülərindəki ərəb, ingilis və ya korea dillərindəki yazıları görmüsünüz. Yan...

Bağla