“Bir işə yönəlmək”, “qərar vermək” kimi mənalara gələn niyyət kəlməsi, insanın bir işə Allahın rizasını qazanmaq və ya bir mənfəət əldə etmək məqsədilə yönəlməsidir. İslam dinində insanın etdiyi əməllər niyyətə görə dəyər qazanır. Allah Rəsulu (s.ə.s) bir hədisində: “Əməllər niyyətlərə görədir”, – buyuraraq (Buxari, Bədul-vəhy, 1) bu məsələyə aydınlıq gətirmişdir. Buxari, bu hədisin insanlara faydalı olması baxımından ən önəmli hədis olduğu qənaətindədir. Bu səbəblədir ki, alimlərin bir çoxu bu hədisin İslamın üçdə birinə və ya dörddə birinə bərabər olduğunu söyləmişdir. (İbn Həcər, “Fəthul-Bari”, I, 11). Bu hədisdən yola çıxan bir çox alim niyyətin əməldən daha üstün olduğunu qəbul etmişdir. Çünki əməllərə pisliyin qarışması mümkün olduğu halda niyyətə pisliyin qarışması mümkün deyil. Bu mənada Təbəraninin əsərində belə bir hədis də nəql olunmuşdur: “Möminin niyyəti əməlindən daha xeyirlidir. Münafiqin əməli niyyətindən daha xeyirlidir. Hər kəs öz niyyətinə görə əməl edər. Mömin bir əməl etdiyi zaman qəlbində bir nur parıldayar“. (Təbərani, “əl-Möcəmul-kəbir”, VI, 185).
İslam əxlaqının ən önəmli tərəflərindən biri əməllərdəki niyyət duyğusudur. Rəsulullah (s.ə.s) “Əməllər niyyətlərə görədir” – buyurarkən İslamın ən əhəmiyyətli bir prinsipini açıqlamışdır ki, müsəlman üçün bu niyyətin arxasındakı ən böyük istiqamətverici duyğu möminin bütün davranışlarında Allah rizasını gözləmə duyğusudur. Çünki, həqiqi bir mömin hər hansı bir davranışda olarkən heç vaxt dünyəvi bir mənfəət və ya axirət üçün bir savab gözləməyib qəlbində Allah rizasını və Allah sevgisini qazanmaq arzusunda olur. Qurani-Kərimdə Uca Allah belə buyurur: “Onların özlərinin yeməyə ehtiyacları olduqları halda yeməyi yoxsula, yetimə və əsirə yedirtərlər və sonra da yedirtdikləri kimsələrə belə deyərlər; -Biz sizi yalnız Allah rizası üçün yedirtdik, biz sizdən buna görə nə bir mükafat, nə də bir təşəkkür istəmirik.” (İnsan 76/8-9). Bir qüdsi hədisdə Allah Təala yenə bu barədə belə buyurur: “Qulum bir günah etmək istədiyi zaman o günahı etmədiyi müddətcə yazmayın. Əgər (niyyətləndiyi) o günahı işləyərsə, etdiyi o günaha bərabər günah yazın. Əgər o günahı məndən qorxduğuna görə tərk edərsə, niyyətləndiyi o günahı onun üçün savab olaraq yazın. Əgər qulum bir yaxşılıq etmək istəyər və həyata keçirməzsə, bunu onun üçün savab olaraq yazın. Əgər o yaxşılığı həyata keçirərsə, onun üçün on qatdan yeddi yüz qata qədər savab yazın”. (Buxari, Tövhid, 34).
Nəticə olaraq insanın əməli qəlbindəki niyyətinə görə dəyər qazanır. Qəlbdəki niyyət sağlam olduqca əməllər də dəyər qazanar. Qəlbdəki niyyət saf olmazsa, insanın əməli nə qədər gözəl olursa olsun insana savab olaraq heç bir şey qazandırmaz.
f.f.d Səfa Muradov