ƏMƏLSİZ İMAN

0

İnsan son nəfəsdə iman etsə onun imanı qəbul olmaz. Bunun ən böyük dəlili fironun ibrətamiz ölümüdür. Yunus surəsi 91-ci ayədə Rəbbimiz belə buyurur: “İndimi (iman edirsən), halbu ki, öncələri üsyan etdin və fəsad çıxaranladan idin”. Nisa surəsi 18-ci ayədə belə buyrulur: “Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” – deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.” Ğafir surəsi 85-ci ayədə eyni məqam xatırladılır: “Lakin o zaman əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi.” Son nəfəsdə, yəni can boğaza dayananda imansız bir insanın iman etməsi qəbul olmursa da, keçmiş günahlara tövbə edərək Allahdan bağışlanma diləmək hər zaman məqbul bir ibadətdir. Bu barədə Hicr surəsi 99-cu ayədə Rəbbimiz buyurur: “Sənə ölüm gələnə qədər Rəbbinə ibadət et”. Zikr və Allahdan bağışlanma diləmək, son nəfəsdə məqbul olan ibadətlərdən sayılır.

Quranda “iman” və “əməli saleh” kəlmələri qoşa işlədildiyini nəzərə alsaq (Bəqərə 25, Maidə 93), tərəddüd etmədən deyə bilərik ki, bu iki məfhum bir-biri ilə sıx ələqəlidir. Saleh əməllərlə tamamlanmayan iman, təməlsiz evə bənzəyir. Belə bir evin içində məskunlaşmaq çox təhlükəlidir. Əməllə dəsdəklənməyən iman, qanadı qırıq quşa bənzəyir. İmanın ifadəsi sayılan şəhadət kəlməsini Allah qatına ucaldan güc saleh əməllərdir (Fatir 10). Saleh əməllərin imanı faydalı qıldığını Ənam surəsinin 158-ci ayəsindən başa düşürük. “Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik””. Bu ayədə vurğulanan “imanında bir xeyir qazanmamış kimsə” məsələsi son nəfəsdə iman gətirməyin faydalı olmayacağını xəbər verir. İmanın fayda verməsi onu gücləndirən saleh əməllərlə bir başa əlaqəlidir.

Qısaca tərif etsək, səmimi niyyətlə Allahın əmrlərini tətbiq etmək və qadağan etdiklərindən çəkinmək saleh əməl sayılır. Namaz, oruc, zəkat, qonşuya yaxşılıq, kimsəsizə sahib çıxmaq, haqqı söyləmək, doğru sözlü olmaq, dürüst ticarətlə məşğul olmaq kimi bir çox saleh əməl saya bilərik. 

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyə arasında qaz tədarükünə dair Memorandum təsdiq edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın tədarükünə dair...

Bağla