ƏN BÖYÜK SƏRVƏTİMİZ

0

Onlar bir əfsanədir. “Ata” kəlməsinin mənası uşaqları üçün tam fərqlidir. Yıxıldığı zaman “ana!” deyə qışqıran uşaq, arxasından atasının qaçıb gələcəyindən və onu yerdən qaldıracağından əmindir. Çox zaman ona güvənərək addım atar. Bilir ki, çətinliyə düşəndə atası arxasında duracaq.

Ana hər vaxt baş tacımız, ata isə könül yoldaşımızdır. Anamız hisslərimiz, atamız məntiqimizdir. Hər vaxt bizi qucaqlayan sevgisi vardır üzərimizdə, bizi qoruyan, nəzarət edəndir. Nə etsək də bizi atmayacağından əminik. Bəzən ən yaxşı yoldaşımız, bəzən qəlb qırıqlarımız. Amma hər şərtdə ürək döyüntülərimiz… Güclü, qərarlı, sərt baxışlı, qoruyucu, etibarlı tanıdığımız ilk adam… Dünyaya gəlmə vəsiləmiz… Bir çinar kimi dərin və möhkəmdirlər.

Dünyaya gəldikdən sonra öyrəndiyimiz ilk sözlərdən biri ana isə digəri atadır. Çünki bizi onlar dünyaya gətirdi. Canlarından can, qanlarından qan, sevgilərindən sevgi qatdılar Həyatı onlarla tanıdıq, onlardan öyrəndik, onların sayəsində bu günlərə gəldik. Bizi onlar qədər içdən, qarşılıqsız sevən bir başqa insan yoxdur. Onların varlığı, insana varlıq qatdığı kimi, yoxluqları da heç bir zaman dolmaz və yerləri həmişə boş qalar.

Peyğəmbərimiz hələ dünyaya gəlmədən əvvəl atasını, dörd yaşında bir uşaq olarkən də anasını itirmişdi. O yetim böyümüşdü. Uca Allah onu anasız atasız qoymuşdu, amma öz xüsusi himayəsinə və tərbiyəsi altına almışdı və Peyğəmbərimiz “Məni Rəbbim tərbiyə etdi”, buyurmuşdu. Onun qədər ana-atanın haqqını və dəyərini öyrədən bir başqası yoxdur.   

Ana-atanın insan üzərindəki haqqı daha geniş və əhatəli olaraq Peyğəmbərimizin ifadələrində görünür. Bu mövzudakı hədislərə nəzər salarsaq daha yaxşı qavramış olacağıq.

Bir adam Peyğəmbərimiz (s.ə.s.)in yanına gəldi və dedi:

“- Allahdan savab və mənəvi qarşılıq gözləmək niyyətiylə cihad etmək və hicrət etmək üçün sizinlə beyət etməyə gəldim”.

 Peyğəmbərimiz (s.ə.s.):

“- Ana-atandan biri sağdırmı?”

“- Hər ikisi də sağdır”

“- Allahdan savab istərsənmi?”

“- Bəli, Ya Rəsulullah”

“- Elə isə ana-atanın yanına get, onlara xidmət et”.

Abdullah ibn Məsud deyir: Peyğəmbərimiz (s.ə.s.)dən soruşdum:

“- Allah qatında ən yaxşı əməl nədir?”

“- Vaxtında qılınan namazdır”.

“- Sonra hansıdır?”

“- Ana-ataya yaxşılıq və itaət etməkdir”.

“- Sonra hansı?”

“- Allah yolunda cihaddır”.

Anadan sonra yaxşılıq, sevgi, hörmət, itaət və maraqlanmanın vacibliyi ataya aiddir. Ata, həyatı boyunca heç bir qarşılıq gözləmədən uşağını yetişdirər, xərcə girər və imkanlarını sərf edər. Bu məsələni yenə Peyğəmbərimiz (s.ə.s.)dən öyrənirik:

Həzrəti Aişə rəvayət edir:

“- Bir gün Peyğəmbərimizin yanına bir adam gəldi. Yanında yaşlı biri var idi. Peyğəmbərimiz adama:

 “- Bu qoca kimdir?” deyə soruşdu

 “- Atamdır” dedi.

Peyğəmbərimiz:

“- Elə isə qarşısına keçmə, o oturmadan sən oturma. Onu adıyla çağırma və ona kimsəni söydürmə”.

Ana-ata insanın həm dünyasını, həm də axirətini xoşbəxt edəcək və ya alt-üst edəcək bir səbəbdir. Bu əhəmiyyətli məqamı hədisdən öyrənirik:

Əbu Ümamə söyləyir:

“Bir adam Peyğəmbərimizdən soruşdu:

“- Ana-atanın uşaqları üzərindəki haqqı nədir?”

“- Onlar sənin ya Cənnətin, ya da Cəhənnəmindir”. Yəni ana-ataya lazım olan yaxşılıq və itaəti göstərən insan, onları sevən, sayan və başı üzərində tutan övlad məsud, xoşbəxt və dinc olacağı kimi; onları incidən, qəlblərini qıran və ziyan vuran övlad da öz əliylə həyatını zəhər etdiyi kimi, axirətini də yıxaraq, təhlükəyə atır. Onsuz da ana-ataya qarşı gəlmək və üsyan etmək böyük bir günahdır. Hətta ən böyük günahlar arasındadır.

Əbdürrəhman ibn Əbu Bəkirin rəvayətinə görə, Peyğəmbərimiz (s.ə.s.) bu günahı belə bildirir:

“Sizə ən böyük günahları bildirimmi?”

“- Bəli, Ya Rəsulullah, bildir”.

 “- Allaha ortaq qoşmaq, ana-ataya üsyankar olmaqdır”.

Ana-ataya edilən yaxşılıq və hörmətin qarşılığını insan dünyada ikən artıq alır. Bu mövzuda Peyğəmbərimizin müjdəsi vardır: “Ruzisinin çoxalmasını və ömrünün uzanmasını istəyən, ana-atasına yaxşılıq və lütfkarlıq göstərsin və qohumlarını ziyarət etsin”.

Digər tərəfdən övlad, zamanı gəlincə özü də ana, yaxud ata olacaq, uşaqlarından bir qarşılıq gözləyəcək, etdiyinin qarşılığını görəcək, ana-atasına nə etmişsə, eynisini öz uşaqlarından görəcək. Peyğəmbərimiz (s.ə.s.) belə buyurur: “Ana-atanıza yaxşılıq edin və lütfkarlıq göstərin ki, uşaqlarınız da sizə itaət etsin və hörmət göstərsin”.

Başqa bir hədisi-şərifdə Peyğəmbərimiz (s.ə.s.) buyurur: “Heç bir övlad atasının haqqını ödəyə bilməz, əgər onu kölə olaraq tapar və satın alaraq azad etsə atalıq haqqını ancaq o zaman ödəmiş olar”.

            ”Atanın övladına duası, peyğəmbərin ümmətinə duası kimidir”.

Müjdəsini könlümüzün başına yazıb onların sevgisini, hörmətini qazanaraq onların xeyir-dualarını almalıyıq. Rəbbimizin razılığının da bu dualarda gizli olduğunu unutmamalıyıq.

Əlif GÜLDAR

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANIN İLK MƏTBƏƏLƏRİ

İlk mətbəələr Güney Azərbaycanda mətbəə üsulu ilə ilk çap prosesinə 1812-ci ildə Təbrizdə başlanılsa da, Qafqaz Azərbaycanında bu proses XIX...

Bağla