“Türkiyənin NATO üzrə müttəfiqləri güclü həmrəylik nümayiş etdirməlidir”.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Ankarada NATO baş katibi Yens Stoltenberqlə görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Məlumata görə, tərəflər regional problemləri – Şərqi Aralıq Dənizində, Suriyada və Liviyada yaranmış vəziyyəti müzakirə ediblər.
Türkiyə prezidenti Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti şərh edib. Dövlət başçısı xatırladıb ki, BMT-nin Təhlükəsizlik Şurasının və ATƏT-in qətnamələri Ermənistanı işğal edilmiş Azərbaycan ərazilərini dərhal, ilkin şərtsiz və tamamilə tərk etməyə çağırır.
Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın NATO-nun Şərqi Aralıq dənizindəki Türkiyə və yunan hərbçiləri arasında toqquşma hadisələri riskinin qarşısını almaq təşəbbüsünü dəstəklədiyini də açıqlayıb.
Türkiyə lideri bəzi NATO üzvlərinin PKK/PYD/YPG terrorçuları ilə iş birliyinin və FETÖ terror təşkilatına himayədarlıq etmələrinin alyans daxilindəki müttəfiqlik həmrəyliyinə zərər vurduğunu söyləyib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə bütün regionun və Avropanın təhlükəsizliyinə görə miqrasiya böhranı ilə təkbaşına mübarizə aparır.
Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Türkiyə NATO-nun qətiyyətli mövqe tutan və Liviyada güc balansının bərpası prosesində kömək edən yeganə üzvüdür.
Report