Əl- Həlim (c.c) cəzalandırma imkanına və gücünə sahib olduğu halda günahkarların cəzasını dərhal verməyən deməkdir. Qəzəbi mərhəmətini örtməyən, yolunu azmışların yanlışlarını düzəltmək üçün, asilərin üsyanlarından dönməsi üçün səbirli və əfv sahibi olan, bəndələrinin günahını başa düşməsinə və tövbə etməsinə imkan verən, tələsik və qəzəblə davranmayan, cəza verməkdə tələsməyən, mülayim davranan deməkdir. Allah-Təala belə buyurur: “Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!” (İsra,44)
Allah asiləri və günahkarları bir anda yox edərək cəzalandırmağa qadir olduğu halda bizə qarşı Həlimdir. O, çox mülayim davranan, dərhal cəzalandırmayan, möhlət verib tövbə qapılarını açıq tutandır.
Həlim olmayıb günahımızı dərhal cəzalandırsaydı halımız necə olardı?
“Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, (Yer) üzündə bir nəfəri belə (sağ) qoymazdı. Lakin Allah onları (onların cəzasını) müəyyən bir vaxta (qiyamət gününə) qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda (həmin müddət yetişib qiyamət qopduqda hamını yenidən dirildərək hərəyə öz əməli müqabilində cəza, yaxud mükafat verər). Çünki Allah öz bəndələrini görəndir!” (əl-Fatir, 45)
Qurani-Kərimdə Uca Allah “Xəlil”im, “Dostum” dediyi Hz. İbrahimi və oğlu Hz. İsmayılı bu sifətlərlə anaraq bizə onların gözəl əxlaqını örnək göstərir.
“Həqiqətən, İbrahim həlim xasiyyətli, (həmişə dua edərək) yalvarıb-yaxaran və özünü tamamilə (Allaha) təslim etmiş bir zat idi. (İbrahimin mələklərlə mübahisəsi onun bu yüksək keyfiyyətlərindən irəli gəlirdi)”. (Hud, 75)
“Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmayıl) ilə müjdə verdik”. (əs-Saffət, 101)
İbn Məsuddan (r.a) rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur:
“Cəhənnəmə kimin girməyəcəyini və ya Cəhənnəmin kimi yandırmayacağını sizə xəbər verimmi? Cana yaxın olan, hər kəslə gözəl davranan, yumşaq sözlü olub insanlara asanlıq göstərən kimsələri Cəhənnəm yandırmaz ”. (Tirmizi, Qiyamət, 46)
Ya Həlim! Bizi insanları incitməyən, onları bağışlaya bilən qullarından et!
“Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı qazanmış) salehlərlə (yaxşılar zümrəsinə) qovuşdur!”. (əş-Şuəra, 83)
Amin!
Aygün Məmmədzadə