Allah-Təala bizə ən gözəl örnək, ən üstün model, üsveyi-həsənə olaraq Varlıq Nurunu, kainatın əbədi Fəxri olan Həzrət Peyğəmbər r-i bəxş etdi.
O, ayə-ayə Quranı yaşayan müəzzəm əxlaqı, hikməti-ilahiyyə ilə təchiz olunmuş müstəsna xislət və xüsusiyyətləri ilə sadə insandan dövlət başçısına, şəfqətli ailə rəisindən əzəmətli bir komandana, mütəvazi çobandan qitələrarası ticarətlə məşğul olan iş adamına, cəmiyyətin ən aşağı təbəqəsindən ən üst təbəqəsinə qədər hər insana və hər peşəyə ən mükəmməl nümunə, model alınacaq ən kamil örnək oldu.
Rəsulullahın yeganə müəllimi və mürəbbisi Allah-Təala idi. Mövcudatın iftixar qaynağı, insanlığın zirvəsi olan o insanın yetişdirilməsində nə ana, nə ata, nə tələbə, nə də cəmiyyətin heç bir payı yoxdur. Onu Rəbbi yetişdirmişdi. Necə də gözəl yetişdirmişdi!
O, ilahi tərbiyə ilə formalaşmış şəxsiyyəti ilə Allah-Təalanın razı olduğu, arzu etdiyi ideal insanı sərgiləyərkən, iyirmi üç illik risalət həyatında xüsusi tərbiyəsiylə yetişdirdiyi əshabıyla da bizə ideal cəmiyyət nümunəsini ərməğan etdi.
İslam hüququ metodologiyasının ən mümtaz simalarından olan Qərafinin də dilə gətirdiyi kimi:
“Peyğəmbər r-in səhabələrdən başqa heç bir möcüzəsi olmasaydı, onlar Allah Rəsulunun nübüvvətini isbat üçün kifayət edərdi.”
Çünki həm keyfiyyət, həm də kəmiyyət cəhətdən zirvə sayılan belə bir təlim-tərbiyə ancaq bir peyğəmbərə, Fəxri-Kainat r-ə nəsib ola bilərdi.
Bu gerçəkdən hərəkət edərək Tomas Karlayl adlı bir əcnəbi belə iltifat etmişdir:
“Başında tac olan heç bir imperator öz əliylə yamadığı əbanı geyən Həzrət Məhəmməd qədər etibar görməmişdir.”
Tarixdə kütlələri istiqamətləndirən, onları bir hədəfə sövq etmiş, bir şəkildə təsirli olmuş bəzi şəxsiyyətlərə təsadüf edilir. Fəqət heç birinin yetişdirdiyi cəmiyyət səhabeyi-kiramın sərgilədiyi insani, əxlaqi, irfanı inkişafı sərgiləyə bilməmişdir. Hətta bir çoxu arxasınca apardığı kütlələri xeyrə deyil, şərə, zirvələrə deyil, çuxurlara aparmışdır. Firon və onun dünyada küfr və zülm bataqlığında, axirətdə də cəhənnəm odunda boğduğu qövmü kimi…
Əsri-səadət cəmiyyəti isə dünyada Allah-Rəsulunun cənnət rayihəli söhbətlərində qəlbi səadəti yaşamış, axirət yurdunda da cənnətlə müjdələnmək bəxtiyarlığına nail olmuşdur.
O BƏXTİYARLAR…
Allah və Rəsulunu qəlblə tanıyan, elm, irfan, mərhəmət, nəzakət, zərafət cəmiyyəti idilər.
Onlar İki Cahan Günəşi dünyalarına doğmadan əvvəl cəhalət qaranlığında idilər. Ümmi idilər. Əsrlər uzunu hidayətdən uzaq qalmışdılar. Cahilanə şəkildə bütlərə sitayiş edir, şüursuz şəkildə bir-birilərini qətl edir, vəhşiliklə lovğalanırdılar.
Rəsulullahın möcüzəvi təlim və tərbiyəsi, irşad və təzkiyəsi nəticəsində cəhalət qaranlığından dərin bir təfəkkür və oyanış sabahına çıxdılar. Allah-Təalanı və Rəsulunu daha yaxından tanımağa başladılar. Düşüncələrinin, ideallarının mərkəzinə tövhidi yerləşdirdilər.
Qəbilə qovğalarından qan gölünə dönən qorxunc səhralarda xoş bir bahar mövsümü yaşandı. Hər tərəf əmin-amanlıq oldu.
O quraq torpaq bərəkətli vəhy yağışları və feyzli bir bağbanın üstün əməkləriylə dünyanın ən gözəl gülüstanı, ən müstəsna çiçək bağçası halına gəldi.
Onlar Qurani-Kərimlə yaşadılar…
Quran üçün yaşadılar…
Quranın göstərdiyi sirati-müstəqim üzrə yaşadılar…
Həyatlarının yeganə idealı Quranı yaşamaq və yaşatmaq idi. Bu xüsusda tarixdə misli görünməmiş bir duruş sərgilədilər. İşgəncəyə, təzyiqə və zülmə məruz qaldılar, lakin inandıqları dəyərlərdən əsla vaz keçmədilər.
Ac qaldılar, qınandılar, hədələndilər, döyüldülər, həqarətə məruz qaldılar, öldürüldülər… Fəqət Allahın kəlamının və Həbibinin yolundan əsla dönmədilər. Canları bahasına da olsa azacıq da olsa güzəştə getmədilər.
Allahın lütf etdiyi ayələri yaşaya bilmək üçün lazım gəldikdə mallarını, yurdlarını tərk edib hicrət etdilər…
Lazım gəldikdə həyatlarını fəda etməyi gözə aldılar.
Lazım gəldikdə öz qohumları, hətta ataları, qardaşları və övladları ilə qılınc-qılınca gəldilər.
Ən təhlükəli anlarda belə Qurandan ayrılmadılar. Çünki onlar üçün dinin hər rüknü bir ləzzət halına gəlmişdi. Həm də
DOYULMAZ BİR LƏZZƏT
Onlar bu Quran mərkəzli həyatı da bütün fəzilətlər kimi Fəxri-Kainat r-dən öyrəndilər. Çünki Allah Rəsulu da əshabına verdiyi tərbiyədə Quran mərkəzli bir təlimi təqib etdi. Quranı əsas aldı… Quranı üstün tutdu.
Əbu Talha t rəvayət edir:
“Bir gün Həzrət Peyğəmbərin yanına getdim. Aclıqdan ikiqat olmuş, belini dik tutmaq üçün qarnına daş bağlamışdı. Bu halda Əshabi-Suffəyə Quran öyrədirdi. Səhabələr bu haldan nümunə götürdülər, Mədinə qarilərlə (Quran müəllimləriylə) doldu.”
Əshabın diqqətini cəlb edən ilk sahə Quran idi. Nazil olan hər bir ayə sanki göydən enən süfrə kimiydi. Bütün cəhdlər o süfrədən yüksək səviyyədə istifadə etmək, ayələri dərk etmək, yaşamaq və təbliğ etmək üçün idi. Gecə namaz qılmağı, səhərlər də Quran oxumağı yatmağa tərcih edirdilər. Hətta gecə qaralığında evlərinin yaxınlığından keçənlər arı uğultusuna bənzər nəğmələr eşidirdilər. (İbn Sad və İbn Əsir)
Xülasə, onlar iyirmi dörd saatlarını Qurana görə nizamlayan bir nəsil idilər. O cəmiyyət;
BİR QURAN CƏMİYYƏTİ
Əshab hissə-hissə nazil olan Quran Kövsərini udum-udum içdi, əzbərlədi və hərfiyyən həyata tətbiq etdi. Bu da tədrici təlimə nümunə oldu…
Onlar ayələrin hansı hadisəyə görə nazil olduğuna şahid olur, səbəbi-nüzulunu şəxsən yaşadıqları üçün ayədəki ilahi muradı daha yaxşı anlayır, anlaya bilmədiklərini də ülvi kəlamın təbliğçisi, ilk bəyan və təfsirçisi və ən gözəl surətdə həyata tətbiq edən Rəsulullahdan soruşmaq bəxtiyarlığına da sahib idilər.
Fərziylə, nafiləsiylə hər namazda Quran oxumağın zərurəti onlara Quran həqiqətlərinin daimi şəkildə təlqin edilməsinə səbəb oldu.
B baxımdan hər rükətdə oxunan Fatihə necə də böyük təlqindi…
* İlk növbədə şeytandan və onun bütün hiylələrindən Allaha sığınaraq Allahın adıyla başlamaq…
* Bütün sənaların yeganə ünvanının Allah olduğunun idrakı… Həmd və şükür…
* Bildiyimiz və bilmədiyimiz bütün aləmlərin Rəbbi, sahibi, tərbiyəçisi və ruzi verəninin himayəsinə və tərbiyəsinə girməyə dəvət…
* Rəhman və Rəhim olan Rəbbimizin mərhəmət təlqinindən nəsib ala bilmək və məxluqata Xaliqin nəzəriylə baxa bilmək…
* Qiyamət gününü hafizələrdə canlı tuta bilmək, sığınacaq yerin yalnız Allah-Təala olduğunun idrakı içində ola bilmək…
* Allaha cəm halda qulluq cəhdi içində ola bilmək və yardının da ancaq Ondan gələcəyinin şüuru içində ola bilmək…
* Həzrət Peyğəmbərin ruhani feyzindən nəsib alaraq onun getdiyi sirati-müstəqimdə izini təqib etmək üçün daima hidayət duasına davam etməyin zərurəti… Yəni həyatımızın hər mərhələsində onun halıyla həmhal ola bilmək cəhdi içində olmaq…
* İlahi nemətə nail olmuş Haqq dostlarından olmağa təşviq…
* Dəlalət və qəzəbə düçar olmuş toplumların halına düşməmək üçün xəbərdarlıq…
* Tarixdən, qissələrdən ibrət alma tənbehi…
* Cəm qəlibləriylə bir camaat və cəmiyyət içində olmağın zərurəti…
Saysız sirr və hikmətlərə sahib, yüksək təlqin və mesajları ehtiva edən Fatihə əshab üçün tamam başqa bir mənəviyyatla oxundu və yaşandı.
Əshabi-kiram hökmlərinin və əmələrinin dürüst olması üçün Quran qissələrindən ibrət aldılar. Allahın nemət verdiyi, siddiqlər, şəhidlər, salehlər zümrələrinin ən şərfəliləri oldular.
Səhabələrin ümmi, yəni Quranla müşərrəf olana qədər başqa heç bir kitaba müxatəb olmamaları onların hidayətə susuz beyinlərini və qəlblərini Quran çeşmələrindən doya-doya içmələrinə səbəb oldu. Başqa heç bir mədəniyyətlə ləkələnməmiş zehni və qəlbi bütün idrak mələkələri Qurani-Kərimdə cəmləşdi. Beləliklə bütün məxluqata həyat haqqı tanıyıb səadət bəxş edən zirvə bir mədəniyyət meydana gəldi. Əshab tabiunu, yəni özlərindən sonra gələn nəsli, onlar da təqib edən nəsilləri Allah Rəsulu və Allah kəlamının rəhbərliyində yetişdirdilər. Beləliklə hər cəhətdən əsil və orijinal bir mədəniyyət, İslam Mədəniyyəti meydana gəldi.
FƏZİLƏTLƏR MƏDƏNİYYƏTİ
Mömini kamilləşdirən ağıl və qəlbdən ahəng içində və müştərək bir şəkildə istifadə edildi. Mömində eşq və həyəcan üsnürü canlı tutularaq təfəkkür dərinləşdi. İnsanlar bu dünyanın bir imtahan dərsxanası olduğunun idrakı içində yaşadılar. Qəlblər ilahi əzəmət və qüdrət axışlarına aşina oldu. Oxuyub-yazmağı bilməyən bir cəmiyyət mədəniyyətdə zirvələşdi.
Abdullah bin Məsud adi dəvə çobanı idi. Həzrət Peyğəmbərin tədrisindən keçdikdən sonra Kufə hüquq məktəbini qurdu. Əbu Hənifə və bir çox müctəhid bu məktəbin tələbəsi idi. Dünyada məşhur hüquqçu kimi tanınan Solon və hammurapi Əbu Hənifənin yanında yalnız şagird ola bilərlər.
O səhabə nəsli ilə çağlar və zamanlar formalaşdı. Bəşəriyyətə bir əsri-səadət ərməğan edildi.
İslami həssasiyyətin artması və ruhani həyatın inkişafı ilə təfəkkür zirvələşdi, ideal insanlar yetişdi. Ancaq belə bir atmosferdə meydana çıxacaq sənət, ədəbiyyat İslam mədəniyyətində meyvə verdi. Mövlanalar, Sinanlar, Füzulilər yetişdi. Yenidən belə yüksək şəxsiyyətlərin yetişməsi üçün, yenidən səadət cəmiyyətinin formalaşması üçün təqib olunacaq yolda nümunə götürəcəyimiz yeganə nəsil səhabə nəslidir.
Əshabi-kiramın yetişməsindəki iki mərhələdə də böyük sirlər var. Məkkənin iman həyəcanı yaşanmalıdır ki, Mədinədə bir mədəniyyət inşa edilə bilsin. Məkkədə imanın həyəcanı yaşandı. Qəlbdə imana mane olacaq bütün əngəllər aşıldı. Məkkədə yaşanan imanın vəcd və həyəcanı Mədinədəki misilsiz fəzilətlər mədəniyyətini formalaşdırdı.
Musablar, Bilallar, Ammarlar, Həmzələr, Ərkamlar, İbn Məsudlar, Əbu Zərlər… Hər biri bu iman kimliyini böyük çilələr çəkərək qazandı və əsri-səadətin təməl sütunları oldu.
Çünki Məkkədə İslami bir kimlik, Mədinədə isə Allahın bütün məxluqatına səadət bəxş edən İslami bir cəmiyyət inşa edilmişdi. Məkkədə yüksək səviyyəyə malik “fərd” yetişdirilmiş, Mədinədə isə yalnız o səviyyədəki fərdlərin rəhbərliyi ilə yüksək fəzilət ölçülərində bir toplum meydana gətirilmişdi.
ELƏ BİR MƏDƏNİYYƏT Kİ!
Səhralar sükunət tapdı, ağaclar rahatlığa qovuşdu. Yaşıllıqlar artdı. Yaş bir budağı qoparmaq qadağan edildi. Allah Rəsulunun Mədinədəki ilk fəaliyyətlərindən biri şəhərin mərkəz hissəsini harəm / toxunulmaz elan edərək təbii həyata zərər verilməməsini təmin etmək olmuşdu.
Ehsan, yəni hər işi Allahın gördüyünü düşünərək və Allah görürmüş kimi bir həssaslıq və gözəllik içində etmək həyatın əsası oldu. Çox keçmədən üstü örtüləcək bir qəbir belə gözəl şəkildə qazıldı. Axıb gedən çayda belə israf edilmədi. Heyvanların məmələri incidilməsin deyə dırnaqlar kəsilmədən süd sağılmadı.yarpaq tökmək üçün ağaclar silkələndiyi zaman kökünə və budaqlarına zərər verməmək üçün həssas davranıldı.
Onlar qəlblərindən dünyəvi mənfəətləri, yəni ilahları çıxarmağa nail oldular. Mal və can bir vasitə sayıldı. İmanın ləzzəti dadıldı. Mərhəmət dərinləşdi. Cəmiyyətə çox geniş bir mərhəmət hakim oldu. Hətta heyvanlar da rahatlığa qovuşdu. Zalımların şərindən əmin oldu… artıq yük vurmaq bir tərəfə, üstündə oturaraq söhbət etmək zavallı heyvana zülm kimi qəbul edildi. Balalarını əmizdirən köpək üçün böyük bir ordunun hərəkət istiqaməti dəyişdirildi. Bütün məxluqata bir nəzakət sərgiləndi. Canlı və cansız olan hər şey Allahın əmanəti sayıldı.
Xidmət həyat tərzinə çevrildi. Fədakarlıq və İslam şəxsiyyəti sərgiləndi. Mərhəmətin gərəyi olaraq gördükləri əmri-bilməruf, və nəhyi anil-münkər (yaxşılığı əmr etmək, pislikdən çəkindirmək) ömürlərinin qayəsi oldu. Bu qayə uğrunda heç yorulmadılar, bezginlik də göstərmədilər. Əmr nil-məruf, və nəhyi anil-munkər vəzifəsini icra edə bilmək insanda üç xüsusiyyətin olmsını tələb edir:
- Bilik, faydalı elm…
- Fədakarlıq…
- Şəxsiyyət…
Səhabələr bu üç sifəti birlikdə sərgilədilər.
FAYDALI ELMİ TƏHSİL ETDİLƏR
Onlar üçün elm dünyada təfəkkür, saleh əməl və xidmətə, axirətdə də cənnətə vəsilə olan bilgi idi. Onlar Elmin şəhəri olan Rəsulullahın dizinin dibində, ilahi vəhy bulağının başında, heç bir bilgini sadəcə zehndə saxlamaq üçün təhsil etmədilər. onlar Quranı ayə-ayə həyata tətbiq etmək üçün öyrəndilər. Peyğəmbərimizin hər sözünü, hər feilini addım-addım təqib etdilər.
Beləliklə də “həqiqi bilənlər” oldular.
Böyük şair və mütəfəkkir Məhəmməd İqbal bir şeirində nəfsi təzkiyə edib, qəlbi eşqlə dolduraraq həqiqi bilənlərdən olmağın əhəmiyyətini necə də gözəl anladır:
Məhəmməd İqbal bir şeirində necə də gözəl anlatmışdır:
Bir gecə ktabxanamda bir güvənin pərvanəyə (işıq ətrafında fırlanan kəpənəyə) pərişan halda belə dediyini eşitdim:
“İbn Sinanın kibalarının içində yerləşdim, Fərabinin əsərlərini gördüm. (onların Bitib-tükənməyən quru sətirlərinin və o sətirlərdəki hərflərin arasnda gəzindim və gəmirdim. Fərabinin fəzilətlərin şərhi mənasını verən Mədinətul-Faziləsini küçə-küçə, məhəllə-məhəllə dolaşdım, fəqət bu həyatın fəlsəfəsini heç cür anlamadım. Kabuslu labirintə bənzər küçələrin pərişan bir yolçusu oldum. Bir günəşim yoxdur ki, günlərimi işıqlandırsın…”
Güvənin bu fəryadına cavab olaraq qanadları yarı yanmış pərvanənin bu gözəl və incə cavabını heç bir kitabda tapmazsan:
“Çırpıntılardır həyatı daha canlı edən, çıpıntılardır həyatı qanadlandıran!..
Yəni pərvanə yanıq qanadlarını güvəyə göstərərək hal dili ilə:
-“Sən bu mütəvərrim (vərəmli) yoxuşlarda həlak olmaqdan özünü qurtar! Eşq, vəcd və feyz dolu məna dəryasından faydalanaraq vüsala doğru qanadlan!..” – deməkdəydi.
Məhz Səhabələrin həyat və elmdəki halı da eynilə belə idi. Onlar Hz. Peyğəmbərin elm nuru ətrafında təkcə qanadlarını deyil, könüllərini də yandıran pərvanələr kimi idilər.
Ona görə sahib olduqları elm imanlarına yəqin qatdı, saleh əməllərinə təşviq oldu, gecələr səcdə və qiyam içində, axirət qorxusunu hər an qəlbində hiss edən, Rəbbinin rizasını istəyən gözü yaşlı arif könül oldular. Yəni elmin qayəsi olan mərifətullahdan, Allahı qəlb ilə tanımaqdan nəsib aldılar.
Gecələri gündüzə döndü. Qışları bahar oldu. Təfəkkürləri açıldı, insan vücudunun bir damla sudan, quşun bəsit bir yumurtadan, ağacın və meyvələrin yox deyə biləcəyimiz nir çəyirdəkdən meydana gəlişləri və əmsalları üzərində dərin təfəkkürlər başladı… Həyat Allah rizasına indeksləndi. Mərhəmət, şəfqət, haqqı bərqərar etmək xüsusunda dərinlik zirvələşdi.
Beləcə;
FƏDAKARLIQ QƏHRƏMANLARI OLDULAR
Əmr bil-məruf və nəhyi anil-münkər üçün özlərini aydınladan nuru bütün insanlıqla paylaşmaq üçün Çinə, Səmərqəndə, Dağıstana, Qazana və arxadan gələnlər də Əndəlüsə qədər səfər etdilər.
Əmri bil-mərufdan uzaq qalmamaq “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” (əl-Bəqərə, 195) ayeyi-kəriməsindəki xəbərdarlığın şümuluna girməmək üçün Əbu Əyyub əl-Ənsari t səksən yaşında ikən İstanbulun fəthi üçün hazırlanan yürüşdə iştirak etdi. Fani bədəni İstanbula ülvi bir xatirə və bərəkət oldu.
Onun ixtiyarlığı üzür saymaması kimi Abdullah bin Ümmü Məktum t da gözlərinin görməməsini bəhanə gətirmədi, İslam bayrağını diyar-diyar dalğalandıran, insanları iki dünya səadətiylə tanışdıran Qadisiyyə səfərində bayraqdar oldu.
Səhabələr üçün həyatın ən zövqlü və mənalı anları insanlığa tövhid mesajını çatdırmaq oldu. Edam edilmək üzrə ikən üç dəqiqə möhlət verən müşrikə səhabə təşəkkür etdi və: “Deməli, təbliğ üçün üç dəqiqə vaxtım var” –dedi.
Səhabələr təbliğin böyük bir axirət məsuliyyəti və əbədi səadət sərmayəsi olduğunu şəxsən Allah Rəsulundan idrak etdilər. Onlar Rəsulullahın xüsusilə Məkkə dövründə ümmətinin hidayəti üçün necə çırpındığını, öz əmisi Əbu Ləhəbin həqarətləri, həmyerlilərinin hücumları, taiflilərin onu daşa basması qarşısında ümidsizliyə düşmədən bütün imkanları ilə amalını çatdırmaq üçün necə səy göstərdiyini görmüşdülər.
Əbu Hüreyrə t ın buyurduğu kimi onlar öz aralarında daim bu həqiqətdən bəhs edirdilər:
“Qiyamət günü bir adamın heç tanımadığı bir nəfər gəlib yaxasından yapışar. Adam təəccüblə:
“Məndən nə istəyirsən? Mən səni heç tanımıram axı!” –deyər.
Yaxasından yapışan adamsa:
“Dünyada ikən məni xəta və çirkin əməllərlə məşğul olarkən görürdün, amma xəbərdarlıq etməzdin, məni o pis əməllərdən çəkindirməzdin.” –deyərək ondan şikayətçi olar.” (Munziri, ət-Tərğib vət-Tərhib, Beyrut 1417, III, 164/3506)
Əshabi-kiram təbliğin bu ağır məsuliyyətini çiyinlərində hiss edərək bütün imkanlarını xidmət və təbliğə səfərbər etdilər. Həmçinin bu ülvi xidmətə vəsilə olan müxatəblərini də bu səbəblə böyük qənimət bildilər. Onlara daima şəfqət və etina ilə yanaşdılar. Başqa ifadə ilə desək, onlar daima;
ŞƏXSİYYƏT SƏRGİLƏDİLƏR
Xitab etdikləri insanlar hələ onların sözlərini, dəvətlərini dinləmədən simalarında, hallarında, davranışlarında İslamın gülər üzünü seyr etdilər. Əbu Harun əl-Abdi ın nəql etdiyi bu qissə buna necə də gözəl şahiddir:
Biz gənclər Əbu Said t dan bəzi məsələləri öyrənə bilmək üçün onun yanına gedərdik. O, bizi görən kimi belə deyərdi:
“Rəsulullah r-in bizə vəsiyyət və əmanət etdiyi insanlar, xoş gəldiniz! Rəsulullah bizə belə buyurdu:
“İnsanlar sizə tabe olacaqlar. İnsanlar dünyanın dörd tərəfindən yanınıza gəlib dini yaxşı öyrənmək və onda dərinləşmək istəyəcəklər.Yanınıza gəldikləri vaxt onlarla xoş rəftar edin!” (Tirmizi, Elm, 4/2650; İbn Macə, Müqəddimə, 17, 22; Darimi, Müqəddimə, 26; Hakim, I, 164/298)
Onlar mümtaz şəxsiyyət olmağı Allah Rəsulundan öyrəndilər.
Əshab Allah Rəsulundan nə götürdü?
- İnikas, yəni ruhani təsir…
- Əqrabiyyət / Ən yaxınında olmaq…
Beləliklə əshabın gözündə və könlündə xeyir və haqq bütün gözəlliyi ilə, şərr və batil də bütün çirkinliyi ilə aşkar oldu. Hər hərəkət və hər nəfəsdə Allahın rizası axtarıldı…
Əshabi-kiramda Allah, kainat və nəfs haqda yeni bir anlayış meydana gəldi. Günəşi kiçik bir güzgüdə seyr edirmiş kimi Allah Rəsulunun halıyla hallanmaq yeganə qayələri oldu.
Riyazət halı yaşandı. Ehtiyacdan artıq tükətmək, acğözlük, ehtişam, göstəriş onların mühitində qəbulolunmaz bir həyat tərzinə çevrildi.
“Sabah bu nəfsin mənzilinin məzar olacağı” fikri meydana gəldi. Min beş yüz adamla qurulan Mədinə şəhər dövlətinin əhalisi on il sonra yüz əlli minə çatdı. Bir kilometrlik Mədinə şəhər dövlətinin sərhədləri Fələstin və İraqa qədər genişləndi.
Bir cəmiyyət və ölkə olaraq əldə olunan zəfərlərin və müvəffəqiyyətlərin ardında bu cəmiyyətin hər bir fərdinin nail olduğu şəxsi inkişaf vardı. Çünki onlar ağlın, ruhun və nəfsin çata biləcəyi son məqama çatdılar. Nəfsi-əmmarənin şərindən xilas olub nəfsi-kamiləyə nail oldular. Nəfslərini hesaba çəkən insanlara çevrildilər. Nəfsani arzularını basdırdılar. Fitrətdən gələn ülvi istedadlarını təkamül etdirərək “vüslət” yolunda məsafə aldılar.
Nəticədə bir zamanlar vəhşi, bədəvi olan insanlar mələklər kimi lətifləşdilər. Elə bir inkişaf ki, sanki;
ÇUXURDAN ZİRVƏYƏ
Cəhalət və zülm baxımından –təbir caiz isə- Hind okeanının dibindəki insanlar Allah Rəsulunun ruhaniyyətindən pay alaraq mərhəmətdə, şəfqətdə, Xaliqin nəzəriylə məxluqata baxışda zirvələşdilər…
Dostluğun mərkəzinə Allah və Rəsulu yerləşdirildi. Səhabə nəsli daima:
“Allah bizdən nə istəyir, Rəsulullah bizi necə görmək istəyir?” düşüncəsi və həyəcanı içindəydi. Dəyişən ağır şərtlər qarşısında da “Allah bizə yetər!” idrakı içində idilər.
Anasının ürəyindən qopararaq qızını diri-diri basdırmağa aparan vəhşi insanlar İslamdan sonra göz yaşlarıyla ikiqat olan, hətta qarışqanı, ilanı da incitməyən şəfqət mələyinə çevrildilər.
Könüllər yorğun sinələrin təsəlli tapdığı bir dərgah oldu. Qəlblər dul, yetim və kimsəsizlər üçün sığınacağa çevrildi.
İslam qardaşlığı ilə məkkəli mühacirlərlə mədinəli ənsar tayı-bərabəri görülməmiş şəkildə birləşdilər. Fədakarlığın misli görülməmiş səhnələri yaşandı. Vasitə “məhəbbət”, nəticəsi “ədəb” oldu. Yəni Allah Rəsulunun ədəbiylə ədəblənmə oldu.
“Seç, götür. Malımın yarısı sənin olsun!” səxavətinə,
“Allah malına bərəkət versin, sən mənə bazarın yolunu göstər” qənaət və toxgözlüyü ilə qarşılıq verildi. Ənsar və mühacirlər elə qaynayıb-qarışdılar ki, mühacirlərin imkanları artdıqdan sonra öz evlərinə köçdükdə ənsar həsrətlə göz yaşı tökdü.
Səhabələr kölələrə və əsirlərə də öz övladı kimi, hətta daha artıq mərhəmətlə baxdılar. Beləliklə qövmlər dəstə-dəstə İslamın şəfqətli qanadları altına tələsdi. Kölələr elm, irfan və səxavətlə öncə maddi və mənəvi olaraq abad edildi, sonra da azad edildi.
Xəlifə olduqdan sonra belə Həzrət Əbu Bəkr fağırlara şəxsən xidmət etməyi yaddan çıxarmadı. Bu vəzifəsini heç kimə həvalə etmədi. Yetim qızların heyvanlarını sağmağa davam etdi.
Əshabi-kiram arasında malı olub, o malı vəqf etməyən tək bir fərd belə yoxdur. Böyük karvanları, xəzinə dəyərindəki quyularını vəqf və infaq edən şükür əhli zənginlərlə yanaşı, iftar edəcəyi bir tikə çörəyi qapısına gəlib “Allah üçün ver!” deyən yetimə verərək suyla iftar edən səbir əhli kasıbları ilə o cəmiyyət əsl isar / başqasını özünə tərcih etmə məktəbi idi.
İSAR / QAYĞIKEŞLİK
Gecələr belində daşıyaraq kasıbların qapısına ərzaq çuvalları qoyan gizli infaq qəhrəmanlarının sirri ancaq öldükdən sonra mübarək bədənləri yuyularkən faş olurdu.
Yərmuk döyüşündə şəhadət şərbətini içmək üzrə olan yaralı, bağrı yanıq, susuz üç səhabə qardaşlarını özlərinə tərcih etdilər. O halda belə qardaşlarını düşündülər. Həmin bir stəkan su qardaşlığın misilsiz simvolu olaraq Rəblərinin qatındakı ikrama nail olan üç şəhidin arasında qaldı.
İslamdan əvvəlki qatı qəlbli Ömər İslamdan sonra rəqiq qəlbli Həzrət Ömər oldu:
“Fəratın kənarında bir quzu məhv olsa bu səbəblə Allahın məni hesaba çəkməsindən qorxaram” deyən ülvi bir təfəkkür halı meydana gəldi. Sərgilənən həqqaniyyət və ədalət düşmənin belə təqdirini qazandı. Xeybər vergilərinin alınmasında göstərilən ədalət və halallıq yəhudiyə belə:
“Yer və göylər məhz bu doğruluq və ədalət sayəsində ayaqda durur.” –dedirtdirdi.
Səhabeyi-kiram saysız misallar içində Fəxri-Kainat r-in rəhbərliyində bizə ideal bir cəmiyyətin ulduzları kimi oldular. Onları da ehsanla təqib edənlər Allah Rəsulunun məhəbbətindən aldıqları pay nisbətində ideal cəmiyyətlər, heyran qoyan nəsillər, qibtə edilən şəhərlər, dövlətlər meydana gətirdilər.
Bizim fərd və cəmiyyət həyatımızın da birlik və bərabərlik, ədalət və mərhəmət, elm və irfan, gözəllik və zərafət kimi ölçülərlə ideal bir səviyyəyə çatması üçün yeganə yol Allah Rəsuluna məhəbbətlə tabe olmaq, onun bizə gətirdiyi Qurana sarılmaq və yetişdirdiyi səhabə nəsli kimi fədakarcasına cəhd və qeyrət içində olmaqdır.
Hər iki dünyada bayram sevincinə ancaq bu yolla qovuşa bilərik.
Ya Rəbb, bizə Həbibi-Ədibinin yolunda ən gözəl şəkildə gedən, onunla eyniləşib, hər halında onsan təhsil etdikləri əxlaqi kamalı yaşamaq səyində olan səhabeyi-kiramın yolundan getməyi nəsib eylə!..
Ya Rəbb! Cəmiyyətimizi, nəsillərimizi də Sənin rizanı istəyən, yeganə qayəsi Sənin adını ucaltmaq olan ideal bir təqva tolumu eylə!.. Bizi nemət verdiklərinin yoluna yönəlt… Qəzəbə və zəlalətə düçar olanlardan möhafizə eylə!..
Amin!.
Osman Nuri Topbaş