ƏZMKAR SƏYYAHLARIMIZ

0

Azərbaycan səyyahları dünya səyyahlıq tarixinə öz adlarını qızıl hərflərlə yazdırıblar. Bu səyyahlardan ən məşhuru Hacı Zeynalabdin Şirvani (1780-1838) olmuşdur. Onun qət etdiyi yolun umumi uzunluğu 60 000 km-dən artıq olmuşdur. Belə ki, Hazı Zeynalabdin Şirvani ömrünün 40 ilini səyahətdə keçirmiş və son səyahətini də həccə getməklə başa vurmuşdur. Hacı Zeynalabdin Şirvani şərəfli bir ömür sürərək hər kəsin rəğbətini qazanmış bir şəxsiyyət olmuşdur.

Azəbaycanın müasir dövr səyyahlarına Ramil Ziyadovu misal verə bilərik. Onun etdiyi səyahət digər səyyahların səyahətnaməsindən xeyli fərqlidir. Belə ki, o öz səyahətini özünəməxsus bir üsulda – velosipedlə həyata keçirmişdir. İndiki dövrdə təyyarə ilə beş saat yol gedəndə insanlar yorulur, amma Ramil velosipedlə Çinə qədər gedib çıxmışdır. Həm də bu yol beş saat, on saat deyil, günlərlə, aylarla davam etmişdir. Bu da Azərbaycanda cəsur, iradəli səyyahlıq ənənəsinin hələ də davam etdiyini göstərir.

Türk dünyasının ən məşhur coğrafiyaşünas alimlərindən biri olan Katib Çələbinin də özünəməxsus dəst-xətti olmuşdur. Katib Çələbi Coğrafiyaya aid bir çox yeni fikirlərin də sahibi olmuşdur.

Dünya elm və mədəniyyətində türk xalqlarının rolu olduqca böyükdür. Avrasiyada təqribən 10 mln kv.km ərazidə məskunlaşmış türk xalqları riyaziyyat, həndəsə, kimya, geologiya, astronomiya, coğrafiya və bir sıra başqa elm sahələri üzrə dünya elm xəzinəsinə əvəzsiz töhfələr bəxş etmişlər. Türklər tarixini öz əməlləri ilə yaradan xalqlardan biri olmuşlar. Dediklərimizi Sakit və Atlantik okean suları arasında qalan böyük bir ərazidə türk mənşəli adların var olması bir daha təsdiq edir. E.ə. V əsrdə Asiyada Hun, III-V əsrlərdə Avropada Hun, IV-X əsrlərdə uyğur, XI-XV əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu dövlətlərini quran türk xalqları, çox təəssüf ki, bu gün böyük ərazilərinin bir hissəsini itirmişdir. Rusiya ərazisində yakutlar, altaylar, dolqan və nenlər, çuvaşlar tədricən din və dillərini də itirərək assimilyasiyaya məruz qalmışlar. Bu proses o cümlədən, Maldovada, Rumıniyada və Bolqarıstanda da davam etməkdədir. Digər dövrlərdə olduğu kimi, orta əsrlər dövründə də dünya elm xəzinəsini öz inciləri ilə zənginləşdirən səyyah və coğrafiyaçılarla fəxr etməyə türk xalqlarının haqqı var. Biz isə onların bəziləri haqqında qısa da olsa məlumat verməyi özümüzə borc bildik. Katib Çələbi haqqında isə bir neçə xüsusu daha geniş şəkildə xatırlatmaq istərdim:

Katib Çələbi (1609-1657) dünyəvi elmlərlə dini elmləri birlikdə mənimsəməklə şöhrət qazanmış türk dünyasının görkəmli coğrafiyaşünaslarından biridir. Əsərlərinin bir hissəsi başqa mənbələri araşdırmaqla başa gəlsə də, “Cahannamə” (Dünya haqqında) əsəri ilə coğrafiya tarixində özünəməxsus yer tutur. Bu əsərdə o, Yapon adalarından başlamış Ərzurum və İraq sərhədlərinə qədər ölkələr haqqında məlumatlar verir. Əsər bu ərazilərdə yerləşən xalqların adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti, təbiəti haqqında verilən zəngin məlumatlarla fərqlənir. Çələbi dövrünün bir çox Avropa alimlərindən irəli gedərək dünyanın kürə şəklində olması fikrinin güclü tərəfdarlarından olmuşdur.

“Dünyanın hansı tərəfindən baxırsansa, o, kürə kimi görünür” fikrini söyləyən İbrahim Haqqı (1703-1780) da Günəş, planetlərin hərəkəti (Heliosentrik), həmçinin Günəş və Ay tutulmalarını izah edərkən Çələbinin “Cahannamə” əsərindən kifayət qədər istifadə etmişdir.

Dünyada müsəlman səyyahların etdiyi yeniliklər əvəzsizdir. Keçmiş dövrün səyyahları içərisində müsəlman səyyahların rolu heç də digər səyyahlardan az olmayıb. Səyyahlıq tamam başqa bir hissdir. Onu ancaq yaşayaraq anlamaq olur. Həyatını təhlükəyə ataraq riskə getmək, yenilikləri kəşf etmək böyük səy və məsuliyyət tələb edir. Məhz müsəlman səyyahlar da bu məsuliyyətə qatlanaraq bunu etmiş və tarixə adlarını ləyaqətlə yazdırmışlar.

/Elsevər CƏLİLOV – İRFAN dərgisi/

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“AZƏRBAYCANDA BÜTÜN DİNLƏRƏ MƏNSUB İNSANLAR RAHAT YAŞAYIRLAR”

Azərbaycanda bütün dinlərə mənsub insanlar rahat yaşayırlar. Burada tarixən multikultural mühit mövcud olub. Tolerantlıq Azərbaycan xalqının yaşam tərzidir. Dini bayramlarda...

Bağla