Bir neçə gün əvvəl Türkiyədə istifadəyə verilən Rize-Artvin hava limanının tikinti mərhələsini əks etdirən video sosial şəbəkədə yayılıb.
Sürətləndirilmiş video-çarxı Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu sosial şəbəkədəki şəxsi səhifəsində paylaşıb.
Qeyd edək ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır.
Rize şəhərinə 34, Artvin şəhərinə isə 125 kilometr məsafədə yerləşən bu aeroport Türkiyənin 58-ci hava limanıdır. Bu hava limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daşın tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri aparılıb. Rize-Artvin Hava Limanı ildə təxminən 3 milyon sərnişinə xidmət edəcək.
Müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir.
Ümumi sahəsi 3 milyon kvadratmetr olan Rize-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək.
Xatırladaq ki, Rize-Artvvin hava limanının mayın 14-də baş tutan açılış mərasimində Azərbaycan prezidenti cənab İlham Əliyev də iştirak edib.
Bir Mühendislik Harikası
Rize Artvin Havalimanı🛫 pic.twitter.com/g99II0T6Ls— Adil Karaismailoğlu (@akaraismailoglu) May 17, 2022