QƏDR SURƏSİ

0

Qədr surəsi Məkkədə nazil olub, 5 ayədən ibarətdir. Qurani-Kərimin enməyə başlamasından və Qədr gecəsinin digər gün və aylardan  daha üstün olduğundan bəhs edir.Qədr gecəsi, içində ilahi nur təcəlliləri və Uca Yaradanın mömin qullarına bol-bol endirdiyi ilahi lütflər olduğu üçün digər gecələrdən üstündür.

 Qədr gecəsindəki bu ilahi təcəllilər  Quranın enməsinə verilən dəyərdən ötəridir. Qədr, “əzəmət” və “şərəf” deməkdir. Surənin məalən tərcüməsi bu şəkildədir:

“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir). O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək gözəldir).(Əl-Qədr, 1-5)

Eyni zamanda bu surə, Qədr gecəsində itaətkar mələklərin səhərə qədər endiklərindən bəhs edir. O, nə qədri uca bir gecədir !! Bu gecə, Allah qatında min aydan daha xeyirlidir!

İbn Abbas və Mücahiddən rəvayətə görə əvvəlki qövmlərdən bir adam silahlanıb min ay Allah yolunda cihad etmişdi. Rəsulullah(s.ə.s) və müsəlmanlar buna heyrət etdilər. Rəsulullah(s.ə.s) bunu ümməti üçün də təmənni edərək belə dedi: “EyRəbbim! Ümmətimi, ümmətlərinən qısa ömürlüsü, bu səbəblə də əməl baxımından da ümmətlərin ən azı qıldın”. Bunun üzərinə UcaAllah ona Qədr gecəsini verdi və belə buyurdu: “Qədr gecəsi, sən və ümmətin üçün, o adamın cihad etdiyi min aydan daha xeyirlidir”.

Qədr gecəsinin üstünlüyünün üç yönü vardır:

1. O gün və gecədə edilən əməl, tutulan oruc min aydan daha xeyirlidir.

2. Uca Allahın təqdiri  və hökmü, yəni hər cür iş üçün mələklər və Ruh (Cəbrayıl ə.s) öz Rəbbinin əmri ilə o gecə yer üzünə enər.

3. Qədrgecəsi, başlanğıcından (axşamdan) dan yeri sökülənə (ağarana) qədər bir salamatlıqdır. O gecə mələklər möminləri salamlayar.
Uca Allah, o gecə insanoğlu üçün xeyir və salamatlıqdan başqa bir şey təqdir etməz.

Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur:

Qədr gecəsinifəzilət və müqəddəsliyinə inanaraq və savabını yalnız Allahdan gözləyərək ibadət və itaətlə keçirən kimsənin(qulhaqqı xaric) keçmiş günahları bağışlanar“.(Müslim, Müsafirin175)

Aişə (r.anhə), Peyğəmbər Əfəndimizə (s.ə.s): “Ey Allahın Rəsulu! Qədr Gecəsinin hansı gecə olduğunu bilsəm, o gecə necə dua edim?”,-deyə soruşmuş, Fəxri-Kainat Əfəndimiz (s.ə.s) də:

    اللَّهُمَّ إِنَّكَ عَفُوٌّ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنِّي

“Allahım! Sən çox bağışlayansan, bağışlamağı sevirsən. Məni bağışla!- deyə dua et”,-buyurmuşdur. (Tirmizi, Dəavat84)

Aişədən ( r. anhə) rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s)Ramazanda digər aylardan daha çox (ibadət etməyə) çalışardı. Ramazanın son on günündə də Ramazanın o biri günlərindən daha çox ibadət edərdi. (Müslim, İtikaf 8)

Qədr gecəsinin dəqiq tarixi məlum olmasa da ona işarə edən müxtəlif hədisi-şəriflər vardır. Onlardan bəziləri belədir:

“Qədr gecəsi ilə əlaqədar yuxularınızın, Ramazanın son yeddi gecəsi üzərində toplandığını görürəm. O halda Qədr gecəsini axtaran onu Ramazanın son yeddi gecəsində axtarsın! “(Buxari, Leylətul-qadr 2)

“Qədr gecəsini Ramazanın son on günü içində axtarın! “(Buxari, Leylətul-qadr 3)

 Kamran MƏMMƏDOV
SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENTDƏN İLAHİYYAT İNSTİTUTUNA YENİ TƏYİNAT

Prezident İlham Əliyev Aqil Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. İslamveirfan.com xəbər verir ki, sərəncamla Aqil Muxtar oğlu...

Bağla