4 ADDIMDA ƏDALƏT

0

Ədalət əksər hallarda dövləti idarə edənlərdə axtarılır. Ancaq unutmamalıyıq ki, hər insanın müəyyən bir iqtidar sahəsi var və bu baxımdan hər kəsin diqqət etməsi lazım olan ən təməl bir şəxsiyyət ünsürüdür.

İlahi tərbiyənin misilsiz mənbəyi olan Qurani-Kə­rim nə olursa olsun, ədalətin şəxsiyyətimizin vaz keçilməz əsas dəyəri olmasının vacibliyini belə bəyan edir:

“Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünü­zün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!” (ən-Nisa, 135)

“Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” (əl-Maidə, 8).

Dövlətlərin iqtisadi inkişafının, sosial rifahının və sabitliyinin təməli ədalət olduğu kimi, şəxsiyyətin dəyəri də ədalətə bağlıdır. Ədalət hər kəslə eyni davranmaq deyil, hər kəsə və hər şeyə layiq olduğunu verməkdir. Bu amilin şəxsiyyətdə meydana gəlməsi ciddi bir iradə, məsuliyyət şüuru, bəsirət və əzmkarlıq istəyir.

Ədalət şüurunun şəxsiyyət dilimizin inkişafına təsirini aşağıdakı şəkildə sadalaya bilərik:

1.Şəxsiyyətdə vüqar və həmsöhbətində hörmət yaradır. Sözünə və qərarlarına hörmət edilən şəxslərin ortaq xüsusiyyətlərindən biri də şübhəsiz ki, ədalətli olmalarıdır. Bu baxımdan hörmətli dövlət adamı və ya hər səviyyədə yaxşı bir idarəçi olmanın ən əsas xüsusiyyəti əmri altında çalışanlara qarşı adil davranmaqdır. Əda­lətin yox olması qətiyyət və nüfuzun zəifləməsi deməkdir. Hz. Ömərlə -radiyallahu anh- bağlı belə bir ha­disə nəql edilir:

Bir gün döyüşdən sonra qənimətlərin bölüşdürülməsində hər kəsə bir qədər parça paylanılır. Ancaq paylanan parçalar bir paltar tikiləcək qədər deyil. Səhəri gün xəlifə Ömər xütbə oxumaq üçün minbərə çıxanda, əynində dünən paylanan paltardan tikilmiş paltar vardı. Bu, məsciddəkilərdən birinin diqqətini cəlb edər və dərhal ayağa qalxıb xəlifədən sanki hesab soruşar:

“-Ey möminlərin əmiri! Bizə paylanan parçadan bir paltar çıxmadığı halda sizin əyninizdəki bu paltar han­sı parçadandır? Bunun səbəbini izah etməsən, sözlərinə qulaq asmayacağıq”, -deyər. Ədaləti şəxsiyyətinin əsası halına gətirən o böyük xəlifə ayağa qalxar, vüqar və təvazö ilə oğlu Abdullaha baxaraq:

“-Övladım, bu suala sən cavab ver!”, -deyər. Atasının göz nuru olan Abdullah ayağa qalxar və vəziyyəti izah edər:

“-Paylanan parçalardan hər kəsə bir paltar tikmək mümkün olmadığını görüb mən öz payımı da atama hədiyyə etdim və o da gördüyünüz bu paltarı tikdirdi. Bilin ki, atam özünə artıq parça götürməyib.” Bundan sonra həmin şəxs dedi ki:

“-Ey möminlərin əmiri, indi danış, sənəqulaq asır və artıq sənə itaət edirik.”

2.Ədalət şəxsiyyətimizə elə bir müsbət dəyər qazandırar ki, bu dəyər sayəsində ətrafımıza güvən və fərəh verən bir xarakterə qovuşarıq. Ədalətdən məh­rum olan bir lider ona tabe olan camaat fərdləri arasında; bir pedoqoq tələbələri nəzərində; bir ailə başçısı da ailə üzvlərinin gözündə və könlündə sevgi, hörmət və güvən meydana gətirə bilməz.

Bir səhabə Peyğəmbərimizin yanında otururkan yanına oğlu gəldi. O da uşağı qucaqlayıb öpdü və dizinin üstündə oturtdu. Bir azdan qızı da gəldi. Həmin səhabə onu dizinin üstündə deyil, yanında oturtdu. Bunu görən Peyğəmbərimiz belə buyurdu:

“-Uşaqlar arasında ədaləti gözləməli deyildin? ”

Numan bin Bəşir -radiyallahu anhuma- nəql edir:

Atam məni Rəsulullahın -sallallahu aleyhi və səl­ləm- yanına gətirdi və:

“-Mən sahib olduğum bir köləni bu oğluma ver­dim”, -dedi. Rəsulullah -səllallahu aleyhi vəsəlləm-:

Buna verdiyini digər övladlarına da verdin?”, -de­yə soruşdu. Atam:

“-Xeyr, vermədim”, -dedikdə, Peyğəmbərimiz:

“-Allahdan qorxun, övladlarınız arasında ədalətli davranın!”, -buyurdu. Bundan sonra atam fikrindən da­şındı və verdiyini geri aldı.

3.Ədalət şəxsiyyətimizə ətrafımızdan hörmət ik­si­ri təqdim edən bir dəyərdir. Sevgi elə bir iksirdir ki, bunun yoxluğu insanı kiçildir və hətta əksər hallarda özü­müzü qurudur. Sevgi şəxsiyyətimizə yüklənən müsbət enerjidir. Könlümüz çox zaman onunla qidalanır. Başqalarının və hətta bütün yaradılmışların şəxsimizə istiqamətlənən sevgiləri bizə mənəvi bir enerji verir. O, bizə rahatlıq verir. Hələ bir də bu sevgi aləmlərin Rəbbinə olarsa, Ondan gələn ilahi feyzlə daxili aləmimiz misilsiz bir coşqu və həyəcan qazanar. Rəbbimiz bu sevgisini ədalətli olanlara belə elan edir:

“…Ədalətlə hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!” (Hucurat surəsi, 9)

4.Ədalət ünsürü fərdi həyatımız baxımından olsa belə şəxsiyyətimizin ifrat və təfrit kimi həddi aşan dərəcədən qorunaraq etidal üzrə bir həyat keyfiyyəti­nə qovuşması deməkdir. Digər bir ifadə ilə müvazinətli bir həyat tərzinin mərkəz nöqtəsini ədalət təşkil edir. Rəbbin haqqını vermək, öz bədənimizin haqqını vermək, ünsiyyət qurduğumuz digər insanların haqlarını ver­mək, işin haqqını vermək və bu kimi bizimlə əlaqəli hər mövzuda bu həssasiyyəti qorumaq ciddi bir güc axtarışıdır. Bu həssasiyyət şəxsiyyətin kamalını göstərir. Ədalət ünsürü məhz bu cəhətdən rahatlıq tapan və rahatlıq bəxş edən şəxsiyyətin ən əsas xüsusiyyətlərindən birini təşkil edir.

Əshabi-kiramdan bir qrup bir gün möhtərəm analarımıza suallar verərək Allah Rəsulunun -sallallahu aleyhi və səlləm- ibadətlərini öyrənmək istəmişdilər. Onlar da gördüklərini anlatdılar. Peyğəmbərimizin etidal üzrə yerinə yetirdiyi ibadətlərini az görən bəzi kimsələr öz-özlərinə:

“Allah Rəsulu ilə biz özümüzü müqayisə edə bilmərik. Onun keçmiş və gələcək günahları bağışlanmışdır”, -dedilər. Onlardan biri:

“-Mən ömrümün axırına qədər gecə boyunca yat­madan namaz qılacam”, -dedi. Digəri isə:

“-Mən də həyatım boyunca gündüzlər oruc tutacam, orucsuz heç bir gün keçirməyəcəm”, -dedi. Başqa biri də:

“-Mən də sağ olduğum müddətcə qadınlardan uzaq duracaq, əsla evlənməyəcəyəm”, -deyə söz verdi. Bir müddət sonra Peyğəmbərimiz onların yanına gəldi və belə dedi:

“-Belə-belə deyən sizsiniz? Sizə xəbərdarlıq edirəm! Allaha and olsun ki, mən sizin Allahdan ən çox qorxanınız və Ona ən çox hörmət bəsləyəninizəm. Lakin mən bəzən oruc tutur, bəzən tutmuram. Gecə həm namaz qılır, həm də yatıram. Qadınlarla da evlənirəm. Mənim bu həyat tərzimdən (sünnəmdən) üz çevirən kimsə məndən deyildir.”

 

ŞƏXSİYYƏT DİLİ VƏ LİDERLİK, ADEM ERGÜL

İPƏKYOLU NƏŞRİYYATI

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜƏLLİM KİMDİR?

Dar mənada "Müəllim" ərəbcədən tərcümədə "dərs keçən, tədris edən", geniş mənada Azərbaycan dilinin izahlı lüğətində məktəbdə hər hansı bir fəndən...

Bağla