Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:
“De: “Həmd olsun Allaha! O Öz ayələrini (qüdrət nişanələrini) sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir”. (ən-Nəml, 93).
Aləmlərin rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun həbibi Hz. Muhammədə salətu-salam olsun.
İlahi səltənətin ağılları heyran qoyan möhtəşəmliyinin sərgiləndiyi bu aləmdə insan övladı Rəbbinin ona ehsan etdiyi maddi və mənəvi əzəmət təcəllilərini yalnız ilahi qüdrətin əmsalsız görünmə məkanı olan irfan aynasında seyr edə bilər. Hamımıza məlum olan yüksək sürətə malik kompüter sistemləri cəmiyyətimizin hər bir sahəsində öz üstün rolunu nümayiş etdirməkdədir. Son məlumatlara görə ən müasir kompüter 300 petaflop əməliyyat sürətinə malikdir. Qeyd edək ki, 1 petaflop 1 saniyədə 1 000 000 000 000 000(kvadrilyon) əməliyyat sürəti deməkdir. İlahi ehtişamın irfan aynasına əks edən qüdrət təcəllilərindən bixəbər olan adəm övladının dünyəvi ehtiraslarını tam təmin edən bir sürət. Lakin bu sistemləri təkmilləşdirənlərin özləri belə sadə mikroskopik canlılarla təcrübə apararkən qarşılaşdıqları qeyri-adi hadisədən dolayı aciz qaldıqlarını etiraf etmək məcburiyyətində qalmışlar. Yaponiyada Tokio Universitetinin bir qrup alimi “Physarum polycephalum” amöbü, daha doğrusu, onun ifraz etdiyi seliyi üzərində maraqlı təcrübə aparmışlar. Qeyd edək ki, sadə və bilinən mənada sinir sisteminə malik olmayan amöbün ölşüsü cəmi 0,1 mm-dir. Mikroskop altında görünən bu sadə canlının özü deyil, sadəcə ifraz etdiyi seliyi, onun üçün hazırlanmış xüsusi şəraitdə ifrat çətinliyə malik məsələni müasir kompüter sistemindən daha tez həll etmiş və alimləri mat-məəttəl qoymuşdur. Təcrübənin rəhbəri Masaşi Aono heyrətini bu sözlərlə ifadə etmişdir: “Amöbün seliyinin inanılmaz cəldliklə çətin məsələləri həll etmə mexanizmi bizim üçün bir müəmmadır”.
Bəli, miqyaslı şəkildə elmi tərəqqinin reklam edilmiş nailiyyətləri amöbün seliyi qarşısında öz acizliyini etiraf etməyə məcbur olmuşdur. Qarşılaşdığımız bu kimi hadisələrin həqiqətini öyrənmək hər bir insanın təbii haqqıdır, lakin hesablara sığmayan ilahi səltənətin kainatdakı hər bir varlığın həyatına əks etdirdiyi incəlikləri yalnız haqq dostlarının irfan aynasında Allah (c.c) və Rəsuluna sonsuz təslimiyyət və rəğbətin bərəkəti ilə hasil olan mərifət əsintiləri ilə qəlblərə tanıtmaq mümkündür. İlahi sirlərə tərcüman olan kainat miqyaslı həqiqətləri irfan aynasında seyr edən haqq ərlərinin etirafları nəinki iman əhlinə, habelə üsyan aynasının çıxılmaz dolanbacında qalmış dünyəvi tərəqqi aşiqlərinə belə həqiqi oyanış düsturları təklif etməkdədir: “Haqqın gözəl isimlərindən biri də “Bədi”dir. Yəni Rəbbimiz yaratdığı hər şeyi müqayisəsiz bir gözəllikdə, örnəksiz və təkrarsız gözəllikdə xəlq edər. Hər bir barmaq izində, hər bir göz bəbəyində, hər bir qar dənəsində təkrarı və bənzəri olmayan ilahi imzanın müstəsna bir qüdrət möhrü vardır”.
Eyni sinfə malik olan amöbün seliyi ilahi iznlə tərəqqinin aciz qaldığı bir məsələni, digəri tamamilə başqa bir məsələni, bir digəri isə tamamilə fərqli məsələni həll edirsə və kainatdakı hər bir varlıq bu şəkildə ilahi nizam proqramını inanılmaz bir cəldliklə icra edirsə, aləmlərin müstəsna varlığı olan insan bu mükəmməlliyin mərkəzində öz layiqli yerini tuta bilirmi? Üsyan aynasının yalançı əksləri fonunda, əlbəttə ki, yox. Könüllər sultanı Hz. Mövlananı Haqdan pərdələyən fani istehkamlardan müdhiş bir irfan fırtınası ilə təmizləyən Şəms Təbrizi həzrətləri bu məqamı belə açıqlamaqdadır: “Axtardığın şeylər kitablarda deyil və onları oxuyaraq əldə edə bilməzsən. Səndə əskik olan şeyləri gözlərinlə də tamamlaya bilməzsən. Bilmək istədiyin həqiqətləri dünyada Haqqa təslim olmuş bir qəlb ilə tapa bilərsən. Dünyadakı bütün kitablar, bütün hesablar, ağıl oyunları, səhifələrcə ifadələr sevgilinin (irfani təcəllilərinin) yerini tuta bilməz. Oxuyaraq öyrənəcəksən, amma yalnız sevərək, İrfan sahibi haqq dostuna könül verərək sevgili Rəbbinin ehtişamını anlayacaqsan”.
Nə qədər qəribə də olsa, xırda bir varlığın selik zərrələrinin nümayiş etdirdiyi nəticələr insanın bugünkü elmi tərəqqi sevdasına qapılaraq öyündüyü nəticələri üstələməkdədir. Bu müəmmanı yüz illər öncə çözən Abdulqadir Gilani həzrətləri mükəmməl bir irfan aynasından süzülən min bir hikmət və sirr təcəllilərindən məhrum yaşamanın insan övladını zərrədəki sonsuz məna üfüqlərindən belə xəbərsiz buraxacağını necə də mükəmmməl izah etmişdir: “Ey dünyadan bixəbər! Dünyanın içini bilsəydin, onun mənasız şeylərini almağa tələsməzdin. Onun bütünü bir dərddir; gəlsə insanı yorar, gəlməsə də onu üzər. Haqqa qarşı irfan sahibi olsaydın, hər şeyə Onun kəlamlarının, əmrinin işığında baxardın. Lakin Ona qarşı cahilsən. Nə Rəsulullahı (s.ə.s), nə də digər Nəbiləri yaxşı tanıyırsan. Hələ onun qulları barədə heç bilgin də yoxdur”.