UŞAQLARINIZIN XOŞBƏXTLİYİ SİZDƏN ASILIDIR!

0
Demək olar ki, hər birimiz  məşğuluq və kifayət qədər stresli həyat yaşayırıq. Bir valideyn olaraq isə sonsuz qayğılarımız var.  Bütün həyat şərtlərinin çətinliklərinə baxmayaraq üzərimizə düşən ən vacib işlərdən biri isə övladlarımıza qarşı sevgi göstərib, onlara vaxt ayırmaqdır. Son on ildə aparılan araşdırmalar da uşaqlıqdakı sevgi ilə gələcəkdəki sağlamlıq və xoşbəxtlik arasında önəmli bir əlaqənin olduğunu ortaya qoyur.

ABŞ Child Trends tədqiqat mərkəzinin uşaqların, gənclərin və onların ailələrinin həyat və perspektivlərini yaxşılaşdırmağa istiqamətlənmiş tədqiqatlarının nəticələri də valideynlərin uşaqlarına qarşı göstərdiyi isti münasibət və məhəbbətin onların həyatında ömür boyu müsbət nəticə verməsi fikrini dəstəkləyir. 
Yüksək dərəcədə özünə hörmət, inkişaf etmiş akademik performans, valideyn-övlad ünsiyyətinin səmərəli olması, psixoloji və davranış problemlərinin azlığı bu sevgi növü ilə əlaqələndirilmişdir. Digər tərəfdən, mehriban valideynləri olmayan uşaqlarda özünəinam hissinin aşağı olması və daha çox başqalarına düşmən, aqressiv və anti-sosial münasibət bəsləməsi ortaya çıxmışdır.
2010-cu ildə Duke Universiteti Tibb Məktəbinin tədqiqatçıları da müəyyən etmişdir  ki, çox həssas və diqqətli anaları olan körpələr daha xoşbəxt, daha möhkəm və daha az narahat olan yeniyetmə kimi böyüyürlər. Onu da qeyd edək ki, həmin tədqiqat körpə yaşlarından 30 yaşlarına qədər izlənilən 500-ə yaxın insan üzərində həyata keçirilib.
Psixoloqlar anaya olan sevgi və diqqət səviyyəsini beş səviyyədə “mənfi” dən “ekstravaqant” səviyyəsinə qədər qiymətləndirərək  anaların təxminən 10 faizinin sevgi səviyyəsinin aşağı olduğu, 85 faizinin normal, 6 faizinin isə daha yüksək olduğu nəticəsini əldə ediblər. 30 il sonra həmin şəxslərdən emosional sağlamlıqları ilə bağlı sorğu keçirilib və anaları “ekstravaqant” və ya “lütfkar” sevgi nümayiş etdirən böyüklərin digərlərinə nisbətən daha az stress və narahatlıq hiss etdikləri ortaya çıxıb. Onların  həmçinin başqalarına qarşı düşmənçilik, problemli qarşılıqlı sosial münasibət və psixosomatik simptomlar kimi narahatlıqları da digər qruplara görə aşağı qiymətləndirilib.
Tədqiqatçılar bütün bu müsbət nəticələrə görə burada oksitosin hormonunun rolunun yüksək olduğu qənaətinə gəliblər. Qeyd edək ki, oksitosin hormonu insanın sevgi və bağlantı hiss etdiyi zamanlarda ortaya çıxan kimyəvi maddədir. Valideynlərlə övladları arasındakı müsbət əlaqə, çox güman ki, beyində oksitosin istehsalına və istifadəsinə kömək edir və uşağın daha müsbət emosiyalara sahib olmasına səbəb olur.
Tədqiqatçılar körpələr üçün dəri ilə təmasın faydaları haqqında da araşdırmalar aparıb. Xüsusilə ana və körpə arasındakı bu qarşılıqlı əlaqə körpələrin daha az ağlamaları və daha çox yatması üçün sakitləşməsinə kömək edir. Eyni zamanda  bu proses beyinin inkişafını sürətləndirir. Scientific American jurnalında yer alan məlumata görə, yetim uşaqlar evi kimi valideyn sevgisindən  məhrum bir mühitdə yaşayan uşaqlarda, valideynləri ilə birlikdə yaşayanlara nisbətən stress hormonu kortizolun səviyyəsi daha yüksək çıxmışdır. Alimlər hesab edirlər ki, uşaq evlərində fiziki təmasın olmaması bu fiziki və psixoloji dəyişikliklərin əsas amilidir.
Başqa bir maraqlı fakt isə, uşağınızı tərbiyə edərkən bu əsnada onlara qarşı sevgi tətbiq etməkdir. Səhv etdikləri barədə danışarkən, davranışlarından məmnun qalmasanız da, yenə də onları sevdiyinizi ifadə etmək üçün əlinizi çiyninə qoyun və söhbətin sonunda onları bağrınıza basın. Övladlarınız bacısını və ya qardaşını vurursa, onları qucaqlayın və onlara qucaqlamağın vurmaqdan daha yaxşı hiss olduğunu izah edin.
Nəticə etibarı ilə deyə bilərik ki, son dövrlərdə aparılan bütün araşdırmaların nəticələrinə görə, valideynlərin öz övladlarına qarşı münasibətləri uşaqların gələcək yaşlardakı xoşbəxtliyində böyük əhəmiyyət daşıyır. İslam dinində də ailə dəyərlərinin formalaşmasında bu məsələyə xüsusi diqqət yetirilmişdir. Belə ki,  Hz. Peyğəmbər (s.ə.s) də öz həyatında uşaqlar arasında hər hansı ayrıseçicilik etməz, oğlan-qız demədən hər birinə eyni şəkildə sevgi və mərhəmət hissi ilə yanaşardı. “Kiçiklərə mərhəmət etməyənlər  bizdən deyildir” (Əbu Davud, Ədəb 68)  – buyuran Hz. Peyğəmbər (s.ə.s) istər öz  övladlarına, istər nəvələrinə, istərsə də başqa uşaqlara qarşı ən gözəl mərhəmət nümunəsi olmuşdur. Onun yetişdirdiyi nəsillər bu günə qədər öz nümunəvi şəxsiyyətləri ilə bütün müsəlmanların könlündə taxt qurmuş və əbədiyyətə qədər də könüllərdə yaşayacaqlar. Bizim üzərimizə düşən vəzifə isə Hz. Peyğəmbərin bizlərə öyrətdiyi metodlardan istifadə edərək gələcəyin xoşbəxt nəsillərini yetişdirmək və onlara sahib çıxa bilməkdir.  

Eldar KƏRİMOV / İrfan Jurnalı

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KİMDİR QARDAŞ?

“Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər...

Bağla