Türkiyənin Elazığ vilayətində zəlzələ nəticəsində dünyasını dəyişənlərin sayı artıb. Bu barədə Türkiyənin Fövqəladə Vəziyyətlər və Təbii Fəlakətlər üzrə İdarəsi (AFAD) məlumat yayıb. Məlumatda bildirilir ki, Elazığ şəhərinin Sivricə rayonunda yanvarın 24-də meydana gələn 6,8 ballıq zəlzələ qurbanlarının sayının artaraq 39 nəfərə çatıb.
Məlumata görə, təbii fəlakət bölgəsinə 9 min 545 çadır, ehtiyac duyulan qida və yaşayış üçün lazım olan əşyalar göndərilib.
Yeraltı təkanlar nəticəsində 76 binanın uçduğu, 642 binaya ziyan dəydiyi, 425-ində isə yüngül zədələr olduğu müəyyən edilib.
Yerli mətbuatın məlumatına görə, dağıntılar altından 45 nəfər xilas edilib. 1556 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Zəlzələdən sonra 599 yeraltı təkan qeydə alınıb.
Təbii fəlakətin baş verdiyi bölgəyə müxtəlif ölkələr, o cümlədən Azərbaycan hökuməti humanitar yardım göndərib.
Xatırladaq ki, yanvarın 24-də, axşam saat 20.55-də 6.8 bal gücündə zəlzələ baş verib.