Səudiyyə Ərəbistanı yeni koronavirus (Kovid-19) növü təhlükəsi səbəbilə ümrə və Məscidi-Nəbəvi ziyarətlərini müvəqqəti olaraq dayandırıb. İslamveirfan.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə S. Ərəbistanının Xarici İşlər Nazirliyi və rəsmi SPA agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, başda Ümumdünya Səhiyyə Təşkilatı (WHO) olmaqla bütün beynəlxalq təşkilatların və ölkələrin bu epidemiyanın qarşısını almaq üçün göstərdiyi səylər dəstəklənəcək:
“Səhiyyə orqanlarının məsləhəti və virusun yayılmasının qarşısının alınması məqsədilə görülən qoruyucu tədbirlər çərçivəsində, ümrə və ya Məscidi-Nəbəvi ziyarətləri üçün Səudiyyə Ərəbistanına girişlərin müvəqqəti olaraq dayandırılmasına qərar verilmişdir.” – deyə açıqlamada bildirilir.
Açıqlamada həmçinin, virusun təhlükəli şəkildə yayıldığı ölkələrdən S. Ərəbistanına turist vizası ilə girişlərin və Səudiyyə Ərəbistanı ilə “Körfəz Əməkdaşlıq Təşkilatı”na üzv ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxış vaxtı milli şəxsiyyət vəsiqəsindən istifadə etməsinə məhdudiyyət qoyulduğu bildirilir.