Yunus Əmrə həzrətləri buyurur:
Eşidin ey ulular, axırzaman olusar
Sağ müsəlman seyrəkdir, ol da güman olusar…
Əcəb məxluq erişdi, göz yumuban dürişti
Halal-haram qarışdı, assı ziyan olusar…
Allah-Təala hər insana bir ömür təyin etdiyi kimi bu fani dünyaya da bir ömür təyin etmişdir. Dünya həyatının son mərhələsində, yəni axırzamanda qiyamətin ayaq səsləri sayılacaq bəzi əlamətlər meydana gələcək. Bu əlamətlərdən bəzisi: Dəccalın zühuru, Günəşin Qərbdən doğması kimi maddi aləmlə əlaqəlidir. Bəzisi də iman, ixlas, təqva və dindarlığın azalaraq əxlaqsızlıq və günahların yayğın hal alması kimi mənəvi həyata dair əlamətlərdir.
İçində olduğumuz axırzamanda yaşanan bədbəxtliklərin ən əsas səbəblərindən biri də xüsusilə halal-haram həssaslığının aradan qalxmasıdır. Hz. Peyğəmbər r bu həqiqətə işarə edərək belə buyurmuşdur:
“Elə bir zaman gələcək ki, insan malını halaldan, yoxsa haramdan qazandığına əhəmiyyət verməyəcək”. (Buxari, Büyü, 7, 23)
Halbuki qazancın halal, şübhəli, yoxsa haram olması hətta ibadətlərin belə qəbul və ya rəddinə səbəbdir. Hədisi-şərifdə haram pulla həccə gedən adamın “Ləbbeyk” deməsinə:
“Sənə nə ləbbeyk, nə də sə`deyk! Qazancın haram, azuqən haram, miniyin haram. Heç bir savab almadan, günahkar olaraq geri qayıt! Xoşuna gəlməyəcək şeylə qarşılaşacağın üçün kədərlən!” – deyə qarşılıq veriləcəyi bəyan edilir. (Heysəmi, III, 209-210)
Qazancına haram qarışan adamın əməli və əxlaqı da pozular. Qəlbində ilahi feyz, ibadətlərində isə xüşu olmaz. Çünki halallar insana qüvvət, ibadət vəcdi, saleh əməl işləmə cəhdi, Allah yolunda xidmət eşqi verdiyi halda haram və şübhəlilər qəflət, tənbəllik və daşqınlıq verər.
Bu səbəblə Haqq dostları halal qida üzərində ciddi durmuşlar. Sevənlərinə hər şeydən əvvəl halal qazanıb halal loğma yeməyi tövsiyə etmişlər. Məsələn, Süfyan Sevri həzrətlərindən:
– Əfəndim, namazı birinci səfdə qılmağın fəzilətindən bəhs edərsinizmi? – deyə soruşulduqda halal loğmaya diqqət çəkərək:
– Qardaşım, sən əvvəlcə çörəyini haradan qazandığına bax! Qazancın halal olduqdan sonra hansı səfdə istəyirsən, namazını orada qıla bilərsən, bu xüsusda sənin üçün heç bir məcburiyyət yoxdur, – cavabını vermişdir.
Yəni namazı ilk səfdə qılmağın böyük fəzilətinə rəğmən əgər insanın qazancı halal deyilsə, əhəmiyyətinə görə bundan aşağı mərtəbədəki fəzilətlərə yönəlməsinin ona heç bir fayda verməyəcəyini bildirmişdir. Həmçinin bu sözü də məşhurdur:
“İnsanın dindarlığı yediyi çörəyin halallığı nisbətindədir”.
Əli Ramitəni həzrətlərinin bu sözləri də eyni həqiqətin əhəmiyyətinə diqqət çəkən misallardandır:
“İbadətlər on cüzdür, doqquzu halalı tələb etməkdir. Geri qalan bütün ibadətlər bir cüzdür”.[1] “Halal yeməyən kəsin Allaha ibadət etməyə taqəti olmaz, elə hey üsyana meyil edər. Halal yeyən kəs də Allaha üsyan etməz…”[2]
Könüllərdəki feyz və ruhaniyyətin ilk amilinin halal loğma olduğuna işarə edən Mövlana həzrətləri də belə buyurmuşdur:
“Bu səfər mənə ilham gəlmədi. Vücuduma bir neçə şübhəli loğma girdiyini anladım!
Bilik də, hikmət də halal loğmadan doğar. Eşq də, mərhəmət də halal loğmadan doğar.
Əgər bir loğmada qəflət meydana gəlirsə, bil ki, o loğma şübhəli və ya haramdır.
Nur və kamalı artıran loğma halal qazancdan əldə olunan loğmadır”.
Abdulqadir Gilani həzrətləri də yeyilən loğmaların insanın daxili aləmi üzərində nə qədər həyati təsirə malik olduğunu belə ifadə etmişdir:
“Haram yemək qəlbi öldürər, halal isə əhya edər. Loğma var, qəlbi nurlandırar, loğma da var, onu qaranlığa boğar. Loğma var, səni dünya ilə məşğul edər, loğma var, uqba ilə məşğul edər. Loğma da var, səni hər iki dünyanın zahidi edər, dünya və axirətin Xaliqinə yönəldər”.
Bir sözlə, yeyilən loğmaların, geyilən paltarların, sahib olduğumuz əşyaların mənəviyyatımız üzərində mühüm bir təsiri olduğunu heç vaxt yaddan çıxarmamalıyıq. Onları Rəbbimizin razı olduğu yoldan qazanıb, Onun razı olduğu şəkildə istifadə etməliyik ki, qulluq imtahanımızda müvəffəq ola bilək.
Yunus Əmrə həzrətləri buyurur:
Müsəlmanlar, zəmanə yatlı oldu,
Halal yenməz, haram qiymətli oldu…
Haram ilə hamir tutdu cahanı,
Fəsad işlər edən hörmətli oldu…
Axırzamanın ən mühüm əlamətlərindən biri də haramların yayılması və haramla əməl edən, qul haqqı yeyən, fitnə-fəsad çıxaranların cəmiyyət tərəfindən etibar görməsidir.
Halbuki haramlar insanın mənəviyyatına zəhər saçan, dolayısı ilə əbədi həyatını əzaba çevirən fəlakətlərdir. Haramlar zahirən cazibəli görünən, iç üzü və nəticəsi dərin peşmanlıqlarla dolu olan ağır bir xüsran səbəbidir. Bu etibarla haram yollardan dünyalıq qazanmağa çalışanların qəlbi kordur. Necə ki, Ömər bin Əbdüləziz g belə buyurur:
“Haramlar yanan alovdur. Yalnız qəlbi ölü olanlar ona uzanar. Əgər ona əl uzadanlar diri olsaydılar, əlbəttə ki, o alovun acısını hiss edərdilər”.
Hz. Peyğəmbər r və Onun dizinin dibində yetişən səhabələrin bu xüsusdakı nümunəvi davranışları bizim üçün həyat düsturu olmalıdır.
Məsələn, bu hadisə nə qədər də ibrətlidir:
Bir gün Hz. Əbu Bəkrə həddən artıq ac olduğu bir vaxtda yemək ikram edirlər. O da aclığın şiddətindən həmin qidanın haradan gəldiyini soruşmadan ağzına bir loğma atır. Lakin həmin loğmanın haram və ya şübhəli yolla qazanıldığını öyrənən kimi dərhal barmağını boğazına soxub (böyük əziyyətlə) bütün yediklərini çıxardır. Həmin yeməyi gətirənə də:
“Az qala, məni həlak edəcəkdin”, – deyir.
Bir loğma üçün bu qədər əziyyətə dəymədiyini deyənlərə isə bu cavabı verir:
“Canımın çıxacağını bilsəydim, yenə də o loğmanı çıxardardım. Çünki Rəsulullah r:
“Haramla bəslənən vücudun layiq olduğu yer cəhənnəmdir”, – deyə buyurmuşdur.[3]
Təəssüf ki, bu gün axırzaman fitnələri zühur etdi. Hədisi-şərifdə buyurulduğu kimi:
“İnsanlar üzərinə elə bir zaman gələcək ki, faiz yeməyən heç kim qalmayacaq. İnsan birbaşa yeməsə də, tozundan ona da bulaşacaq”. (Əbu Davud, Büyü, 3/3331)
Həqiqətən, haramların müxtəlif adlarla hər tərəfə yayıldığı, Quranın ifadəsi ilə: “şeytanın mallara və övladlara ortaq olduğu”[4] günlərdə yaşayırıq.
Kredit kartlarından düşüncəsiz istifadə, bank bonusları və bu kimi səbəblərlə bir çoxlarının birbaşa və ya dolayı yolla faizə bulaşdığı zəmanədəyik. Sadəcə qazanc və ruzi cəhətindən deyil, sosial həyatda müşahidə olunan qadın-kişi bərabərliyi, həddi aşmalar, göz-qulaq və könül münasibətlərində halal-haram ölçülərinə riayətsizlik son həddə çatdı. Nəticədə toplumun nüvəsi olan ailə müəssisəsi zərər gördü, boşanmalar artdı, uşaqlar sahibsiz və başıboş qaldı.
Belə bir zamanda ilahi hüdudlara riayət etmək, halalın axtarışında olmaq və onunla kifayətlənmək dünənki günlə müqayisədə çox çətindir. Lakin buna diqqət etmək dünənkindən daha mühüm və daha qazanclıdır. Çünki hədisi-şərifdə belə buyurulur:
“Allah-Təala qulunu halal ardınca düşməkdən yorulmuş halda görməyi sevər”. (Süyuti, əl-Camius-Sağir, I, 65)
İnsanın ağır zamanlarda halalla kifayətlənərək paklığını ləkələməməsi Allah qatında daha qiymətlidir. Nəticə etibarilə, hər bir mömin halal qazanmağın dərdində olmalıdır; istər fəhlə olsun, istər sahibkar olsun, istərsə də məmur.
Fəhlə zamanını və əməyini sərf edərək məişətini təmin etdiyi üçün iş saatına həssas yanaşmalı, vəzifəsini də layiqli şəkildə yerinə yetirməlidir.
Sahibkar ümməti-Muhammədə və insanlığa faydalı olan işlərlə məşğul olmalı, İslamın münasib görmədiyi sahədə iş görməkdən, məsələn, lüks və israf sərmayəsinə xidmət etməkdən uzaq durmalıdır.
İçşinin haqqını gecikdirmədən – hətta məşhur deyimə görə – alnının təri qurumadan verməlidir. Hz. Peyğəmbərin vəfatından əvvəl: “Namaz, namaz! Əmriniz altındakılar haqqında Allahdan qorxun!” – deyə ağzından çıxan son sözlərinə və təlimatına riayət etməlidir.
Mal sahibi Allahın haram etdiyi faizdən, inhisarçılıqdan, yalandan, saxtakarlıqdan, müştərinin naşılığını fürsət bilib süni qiymət artımından uzaq durmalı, hətta öz haqqını düşündüyü qədər müştərisinin də haqqını düşünməlidir.
Bu xüsusda İslam həssaslığını göstərən ibrətli misallardan biri belədir:
Bir qadın ticarətlə məşğul olan İmam Əzəm həzrətlərinə satmaq üçün ipək paltar gətirmişdi. İmam Əzəm paltarın qiymətini soruşdu. Qadın:
– Yüz dirhəmdir, ya İmam! – dedikdə etiraz edərək:
– Xeyr, bu mal daha baha qiymətə gedər, – buyurdu.
Qadın təəccüblə qiyməti yüz dirhəm artırdı. İmam Əzəm yenə qəbul etmədi. Qadın yüz dirhəm də artırdı, sonra yüz dirhəm də… İmam Əzəm:
– Xeyr. Bu, dörd yüz dirhəmdən də bahadır, – dedikdə qadın:
– Ey İmam, mənimlə zarafat edirsiniz? – deyə etiraz etdi.
Bu zaman İmam Əzəm qadına malın əsl qiymətini bildirmək üçün bu işdən başı çıxan bir nəfəri yanına çağırtdırdı. Gələn adam paltarın qiymətinin beş yüz dirhəm olduğunu bildirdi və İmam Əzəm onu həmin qiymətə aldı.[5]
Məhz budur, İslamın ticarət həyatındakı “qul haqqı” həssasiyyəti… Deməli, haqq-hüquq düşünmədən “müştəridən nə qoparsam kardır” məntiqi ilə yürüdülən ticarət insan üçün ağır axirət vəbalından başqa bir şey qazandırmaz.
Müsəlman hər xüsusda olduğu kimi ticarət həyatında da verdiyi sözü mütləq tutmalıdır. Əgər bu xüsusda bir xəta işləyərsə, insanların bu xətanı dinimiz İslama şamil edəcəyini düşünərək hər kəsdən daha diqqətli olmalıdır.
İmam Əzəm Əbu Hənifə həzrətlərinin bu qissəsi də ibrətlidir:
Əbu Hənifə həzrətləri dolanışığını ticarətlə təmin edən, böyük sərvət sahibi bir insan idi. Ancaq daha çox elmlə məğşul olduğu üçün ticarət işlərini vəkilinə həvalə etmişdi. Özü isə ticarətin halal olub-olmadığına nəzarət edərdi. Bu məsələdə o qədər həssas idi ki, bir dəfə şəriki Hafs bin Əbdürrəhmanı parça satmağa göndərmiş və ona:
“Ey Hafs, malın filan qüsurları var. Ona görə müştəriyə xəbər ver və ucuz sat!”, – demişdi.
Hafs da malı İmamın qoyduğu qiymətə satmış, lakin parçanın qüsurunu müştəriyə deməyi unutmuşdu. Məsələni öyrənən Əbu Hənifə həzrətləri Hafs bin Əbdürrəhmandan soruşdu:
“Parçanı alan müştərini tanıyırsanmı?”
Hafs müştərini tanımadığını dedikdə İmam halal qazancının ləkələnəcəyi təlaşı ilə satılan maldan əldə edilən 30 min dirhəmi tamamən sədəqə etdi və şərikindən ayrıldı.[6]
Əcdadımız Osmanlının halal-harama riayət xüsusundakı uca əxlaqını göstərən bu hadisə də çox ibrətlidir:
Osmanlı ordusu Misirə gedərkən Qəbzə tərəflərdə bağ-bağçalı bir yerdən keçirdi. Yavuz Sultan Səlim xan “Görəsən, əsgərlərim sahibindən izinsiz üzüm və alma qoparıb yeməyib ki?” – deyə düşüncəyə daldı.
Sonra yeniçəri ağasını hüzuruna çağırtdıraraq:
“Ağa, fərmanımdır. Bütün yeniçəri, sipahi və əsgərlərimin heybələri yoxlansın! Heybəsindən bir alma və ya üzüm salxımı çıxan əsgər olarsa, dərhal hüzuruma gətirilsin!” – deyə əmr etdi.
Yeniçəri ağası bütün heybələri yoxlatdırdıqdan sonra Sultanın hüzuruna gəlib:
“Sultanım, qoparılmış heç bir meyvə izinə rastlamadıq”, – dedi.
Yavuz bu xəbərə çox sevindi. Üstünə çökən ağırlıq qalxdı. Sonra əllərini açıb:
“Allahım, Sənə sonsuz həmd-sənalar olsun! Mənə haram yeməyən bir ordu bəxş etdin!”, – deyə dua etdi və yeniçəri ağasına belə dedi:
“Əgər əsgərlərim izinsiz meyvə qoparsaydılar, Misir səfərindən vaz keçəcəkdim. Çünki haram yeyən ordu ilə bölgələri fəth etmək mümkün deyil!..”
Yavuzun bu qəlbi həssaslığının bərəkəti ilə ilahi nüsrət və yardım təcəlliləri daima ona yar oldu. Xadimul-Hərameyniş-Şərifeyn, yəni iki müqəddəs bölgə olan Məkkə və Mədinənin xidmətçisi və İslam xəlifəsi olan ilk Osmanlı sultanı olma şərəfinə nail oldu. Haqq və ədaləti bərqərar etmə xüsusunda göstərdiyi müstəsna diqqətə görə “اَلسُّلْطَانُ ظِلُّ اللهِ فِي الْاَرْضِ” yəni “(Adil) sultan, Allahın yer üzündəki kölgəsidir…”[7] ifadəsi onun haqqında da iltifatla söylənmiş oldu.
Atası Yavuzun izini təqib edən Qanuni də Süleymaniyyə Camesini və Külliyəsini inşa etdirdikdən sonra memar və işçilərlə halallaşmaq üçün hamısını bir yerə topladı. Allaha həmd etdikdən sonra belə dedi:
“Ey din qardaşlarım, bu cameyi-şərif Allahın izni ilə tamamlanmışdır. Hər hansı bir xəta və ya unutma səbəbi ilə əmək haqqını almayan varsa, gəlib alsın! Ola bilsin ki, həmin adam burada deyil. Buradakılardan ricam odur ki, onlara xəbər etsinlər, onlar da gəlib bizdən haqlarını alsınlar!”.
Tarixi araşdırmalar nəticəsində məlum olmuşdur ki, inşaatın ən ağır zamanlarında heyvanlar üçün belə xüsusi bir proqram tərtib olunmuş, yük daşıyan at, uzunqulaq və qatırların istirahət və otlama saatlarına diqqət yetirilmiş, heç bir məxluqun haqqına girməməyə maksimum səy göstərilmişdir.
Məhz Süleymaniyyənin memarlıq ehtişamı qədər ruhları dincəldən mənəvi ehtişamının təməlində yatan sirr Qanuninin qul və heyvan haqqına göstərdiyi incə həssaslıq olmuşdur.
Bu gün əcdadımızdan qalan tarixi məscidlərdə qılınan namazlarla son dövrdə inşa edilən məscidlərdə qılınan namazlar arasındakı hüzur və xüşu fərqini oraya sərf olunan pulun mənəvi keyfiyyətində, yəni halallıq dərəcəsində axtarmaq lazımdır.
Tarixən bir çox zəngin tacirlər, sərvət və səltənət sahibləri gəlib-keçmişdir. Lakin İmam Əzəm kimi, Yavuz və Qanuni kimi halal həssaslığını maddi mənfəətindən öndə tutan, alovdan qaçan kimi qul haqqı yeməkdən qaçan təqva sahibləri könüllərdə yaşamağa davam edir. Onların bu fəzilətləri sonradan gələn nəsillər tərəfindən örnək alındıqca onlara sədəqeyi-cariyə olmağa davam edir.
Dünya imtahanını tamamlayarkən göy qübbədə xoş səda qoyub gedənlər necə də xoşbəxtdirlər!..
Yunus Əmrə həzrətləri buyurur:
Halalına ola hesab,
Haramına ola əzab,
Asiyə olucaq iqab,
Bən nedəyim, neyləyəyim?..
Bir müsəlman həyatının hər mərhələsində halal-haram hüdudlarına riayəti əsas almaq məcburiyyətindədir. “Daha çox qazanmalıyam” düşüncəsi ilə ilahi ölçülərin hüdudlarını aşmaqdan, “nə edək, bu zəmanədə başqa cür mümkün deyil”, – deyərək halal dairəsindən kənara çıxmaqdan çəkinmək lazımdır.
Halalda Allah-Təalanın rəhmət və bərəkətinin olduğunu, haramda isə şeytanın bərəkətsizlik və uğursuzluğunun olduğunu unutmamaq lazımdır. Halal yolla qazanılan bir qəpiyin haramdan gələcək milyonlardan qat-qat qiymətli olduğunu yaddan çıxarmamaq lazımdır. İnsanın axirətdə hesabını verə biləcəyi halal mal xeyirli maldır. Hesabını verməyib əzabına düçar olacağı haram mal isə tamamilə baş bəlasıdır.
Hikmət əhli belə demişdir:
“Bəndə öldüyü zaman malı xüsusunda daha əvvəl qarşılaşmadığı iki müsibətlə qarşılaşar:
Birincisi, bütün malının əlindən alınmasıdır. Digəri isə bütün malının əlindən çıxmasına baxmayaraq, onu necə qazanıb necə xərclədiyindən ilahi məhkəmədə hesaba çəkilməsidir”.
Ona görə də mömin olan kəs əsla çox qazanmaq hərisliyinə düşməməlidir. Ruzisini təmin etmək məqsədi ilə əlindən gələni etdikdən sonra Rəbbinin ona təqdir etdiyinə razı olmalıdır. Ruzisinin az və ya çoxluğundan daha çox nə qədər halal olduğunu düşünməlidir.
Əsri-səadət dövründə səhabə xanımlar səhər ərlərini yola salarkən:
“Amandır, Allahdan qorx! Əsla evimizə haram loğma gətirmə! Biz dünyada hər şeyə qatlanarıq, amma axirətdə cəhənnəm əzabına dözə bilmərik”, – deyərək onlara xəbərdarlıq edərdilər.[8]
Xülasə, möminlər olaraq zərrə qədər xeyrin və şərin də hesaba çəkiləcəyi mizanı unutmamalı, haramların dözülməz axirət iztirabı olacağını, halal nemətlər üçün də ciddi sorğu-suala çəkiləcəyimizi yaddan çıxarmamalıyıq.
Ayeyi-kərimədə buyurulur:
“Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” (ət-Təkasur, 8)
Bu ayeyi-kərimə nazil olduğu zaman dünyalıq adına heç nəyi olmayan möhtac bir adam ayağa qalxıb:
“Mənim üzərimdə (hesabı veriləcək) nemətlərdən nə isə varmı?”, – deyə soruşdu.
Rəsulullah r:
“Kölgə(ləndiyin ağac), (ayağına geyindiyin) bir cüt nə`leyn və (içdiyin) soyuq su”, – cavabını verərək onun da axirət hesabından qurtula bilməyəcəyinə işarə etdi. (Bax. Süyuti, VIII, 619)
Haqq-Təala hər birimizə əsas həyatın axirət həyatı olduğunu dərk edərək yaşamağı nəsib etsin. Hər birimizə təqdir olunan nemətlərə həmd, şükür, qənaət və riza göstərərək ilahi rizasına məzhər olan qullarından olmağı lütf etsin.
Amin!..
[1] Deyləmi, Müsnədul- Firdovs, III, 107/4062.
[2] Rəsaili-Sitteyi Zəruriyyə, Dehli 1308, s. 14.
[3] Bax. Buxari, Mənaqibul-Ənsar, 26; Əbu Nuaym, Hilyə, I, 31; Əhməd bin Abdullah ət-Təbəri, ər-Riyadun-Nadra, II, 140-141.
[4] Bax. əl-İsra, 64.
[5] İbn Həcər Heytəmi, Xayratul-Hisan, s. 44; Muhamməd Əbu Zəhra, Əbu Hənifə, tərc. Osman Keskioğlu, Konya 1973, s. 34.
[6] Şəhabəddin Əhməd bin Həcər əl-Heytəmi, İmam Əzəmin Mənqibələri, tərc. Abdulvehhab Öztürk, Ankara 1978, s. 82.
[7] Bax. Beyhəqi, Şuab, VI, 15, 16, nu: 7369-7377; Heysəmi, Məcmauz-Zəvaid, V, 196, Deyləmi, Müsnəd, II, 343; Acluni, Kəşful-Xafa, I, 552.
[8] Bax. Abdülhamid Keşk, Fi Rihabit-Təfsir, I, 26.
/Osman Nuri TOPBAŞ/