Şəki İslam Kollecinin kollektivi müqəddəs ramazan ayının başlamasına bir neçə gün qalmış xeyirxah bir addım atıb. İslamveirfan.com xəbər verir ki, bu barədə kollecin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.
Məlumatda bildirilir ki, Şəki şəhərindəki bəzi marketlərə və mağazalara kollec rəhbərliyinin təşəbbüsü ilə hazırlanan “Sədəqə Qutuları” yerləşdirilib. Yardım sevər insanların dəstəyi ilə başlayan bu aksiyada qutulara yığılan vəsaitlə ərzaq paketləri alınaraq ehtiyac sahibi ailələrə çatdırılacaq.
Ölkə rəhbərliyinin apardığı “vətəndaşa könüllü yardım” siyasəti ilə paralellik göstərən bu fəaliyət Şəki İslam Kollecində ilk deyil.
Kovid-19 pandemiyasının bütün dünyanı cənginə aldığı bu günlərdə kollecin kollektivi Şəki şəhərində xeyirxah insanların dəstəyi ilə təxminən 300 ailəyə ərzaq və təmizlik məhsulları çatdırıblar.
Qeyd edək ki, kollec rəhbərliyi pandemiya səbəbindən ehtiyacı olanlara xeyirxah insanların dəstəyi ilə göstərilən yardım aksiyasının karantin rejimi ləğv edilənə qədər davam edəcəyini deyib.