Oruc kəlməsi ərəb dilində “savm” və ya “Siyam” kimi ifadə olunur. Ramazan ayına “Şəhri Siyam”, yəni oruc ayı deyilir.
RAMAZAN ORUCU, PEYĞƏMBƏRİMİZ HZ. MƏHƏMMƏD (S.Ə.S)İN HİCRƏTİNDƏN İL YARIM SONAR, “ŞABAN” AYININ ONUNCU GÜNÜNDƏ FƏRZ QILINMIŞDIR. RAMAZAN ORUCUNUN FƏRZ OLMASI KİTAB, SÜNNƏ VƏ İCMA İLƏ SABİTDİR. ALLAH TƏALA QURANİ-KƏRİMDƏ BELƏ BUYURUR: “ORUC SİZDƏN ƏVVƏLKİ ÜMMƏTLƏRƏ FƏRZ BUYURULDUĞU KİMİ SİZƏ DƏ FƏRZ BUYURULDU” (BƏQƏRƏ, 183). |
Oruclar hökmlərinə görə fərz, vacib, nafilə və məkruh növlərə bölünür. Belə ki, Ramazan ayında oruc tutmaq, mükəlləf olan hər bir müslümana fərzdir. Qəzaya qalan yəni ramazan ayında hər hansı bir səbəbə görə tutulmayan orucların sonradan tutulması da fərz hökmündədir. Ramazan orucunun qəzaları hər hansı mübah bir gündə tutula bilər.
Vacib oruclar isə; nəzir olaraq deyilən və tutduqdan sonra pozulan nafilə oruclardır. Belə orucları tutmaq vacib hökmündədir.
Ramazan ayı xaricində və heç bir səbəb olmadan Allah rizası üçün tutulan oruclar isə nafilə oruclardır. Belə oruclara sünnə, müstəhəb və ya məndub oruclar da deyilir.
Ramazan bayramının birinci günündə və qurban bayramının dörd günündə oruc tutmaq məkruhdur. Məkruh dində yerinə yetirilməsi xoş qarşılanmayan davranışlardır. Həmin günlərdə oruc tutmaq ona görə məkruhdur ki, həmin günlər Allah Təalanın bəndələrinə ehsan etdiyi bir ziyafət günüdür. Rəbbimizin lütf etdiyi bu ehsandan qaçınmaq olmaz. Bundan əlavə tək cümə günü, tək şənbə günü və Məhərrəm ayının “Aşurə günü” olaraq bilinən tək onuncu günü oruc tutmaq da məkruh oruclardandır. Cümə günü müsəlmanların bayram günüdür. Ona görə təkcə cümə günü oruc tutulmaz, ancaq cümə axşamı və cümə günləri ardarda tutula bilər. Həmçinin cümə və şənbə günləri də ardarda tutula bilər. Məhərrəm ayında da yaxşı olar ki, 9, 10 və ya 10, 11-ci günləri oruc tutulsun.
Oruc tutan şəxsin orucunun tam olması üçün orucu pozan və pozmayan halları bilməsi zəruridir.
Orucu pozan hallar bunlardır:
- Yeyilməsi adət olmayan şeyləri yemək (bişməmiş duyu və.s). Unudaraq yeyib içmək isə orucu pozmur.
- Dəstəmaz alarkən istəmədən boğaza suyun getməsi
- İftar vaxtı olmadığı halda iftar olduğunu zənn edərək yeyib-içmək
- Sahur vaxtı bitdiyi halda (imsaq) hələ keçməmiş olduğunu zənn edərək yeyib-içmək
- Öz istəyi ilə ağız dolusu qusmaq
- Orucun başqası tərəfindən zorla pozdurulması
- Qulağa və buruna dərman damlatmaq
Bu hallar baş verdiyi zaman oruc pozulmuş olur. Həmin orucu yenidən qəza etmək lazımdır. Bundan əlavə orucu pozmayan hallar da var:
- Oruclu olduğunu (həqiqətən) unudaraq yeyib-içmək
- Qulağa su getməsi
- Gözə dərman tökmək
- Öz istəyi olmadan qusma
- Oruclu olduğu halda yuxuda cünub olmaq
- Qan aldırmaq
- Ağızdakı tüpürcəyi udmaq
- Dişləri misvakla fırçalamaq
İslam dini asanlıq dinidir. Dinimiz bəzi səbəblərə görə Ramazanda oruc tutmamağa və sonra həmin orucu qəza etməyə icazə vermişdir. Aşağıda sıralanan hallarda oruc tutmamaq olar:
- Səfərə çıxanda
- Xəstə olanda (ölmək və ya xəstəliyin artması qorxusu olarsa oruc pozula bilər)
- Hamiləlik və uşaq əmizdirmə hallarında (qadınların özlərinə və uşaqlarına zərər gəlməsindən qorxduqları hallarda)
- Heyz və nifas hallarında
- Şiddətli aclıq və susuzluqda (ölüm təhlükəsi olarsa)
Bundan əlavə olaraq oruc tutmağa gücü çatmayan zəif və yaşlı kimsələr ilə, sağalma ümidi olmayan xəstələr tuta bilmədikləri orucların əvəzinə fidyə verməlidirlər. Fidyənin miqdarı fitrəylə eynidir. Fidyələr hesablanaraq Ramazanın başında və ya sonunda verilə bilər. Fidyəni verən şəxs istəsə bir kasıba, yaxud da ayrı-ayrı kasıblara paylaya bilər. Fidyə verməyə də maddi gücü olmayanlar Allahdan əfv olunmalarını diləyərlər.