DÜNYA DİNİ LİDERLƏRİNİN 9 MAY MÜRACİƏTİ

0

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin üzv olduğu, Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində mərkəzləşən Dünya və Ənənəvi Dini liderləri Qurultayı təşkilatının Katibliyi bu gün Böyük Vətən Müharibəsində Faşizm və nasizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə bəyanat yaymışdır.

DÜNYA VƏ ƏNƏNƏVİ DİNİ LİDERLƏRİ QURULTAYI KATİBLİYİ ÜZVLƏRİNİN

FAŞİZM VƏ NASİZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN 75-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ

MÜRACİƏTİ

Biz, insan müqəddəratının Allah tərəfindən müəyyən olduğuna, insan hüquqlarının və ləyaqətinin danılmaz olduğuna qəti inamla birləşmiş dünya və ənənəvi dinlərin nümayəndələri, bir daha sülh, harmoniya, qarşılıqlı hörmət, əməkdaşlıq və insan qardaşlığı ideyalarına sadiq olduğumuzu təsdiqləyirik.

Biz dünya dövlətlərinə və cəmiyyətlərə bəşəriyyətin ümumi rifahı naminə II Dünya Müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş faşizm və nasizm üzərində Qələbənin 75-ci ildönümünün, Anım və Sülh Gününün qeyd olunması ilə bağlı nəcib təşəbbüsünə görə dərin minnətdarlığımızı bildiririk.

Dövlətlərin konstruktiv səylərini, habelə Birləşmiş Millətlər Təşkilatının, digər müvafiq beynəlxalq və regional təşkilatların, vətəndaş cəmiyyətlərinin hər bir xalqın öz mənəvi dəyərləri və ideallarına riayət edərək yer üzünün bütün digər xalqları ilə rifah, sülh, qarşılıqlı hörmət və harmoniya içində yaşayacağı gələcək dünya nizamının yaradılması istiqamətindəki fəaliyyətini alqışlayır və dəstəkləyirik.

Əl-Əzhərin Baş İmamı Əhməd Məhəmməd əl-Tayyib və Roma Papası Fransisk tərəfindən 4 Fevral 2019-cu ildə Abu-Dabidə imzalanan “İnsani Qardaşlıq, Dünyada Sülh və Birgə Yaşayış” sənədinin, eləcə də 27-29 may 2019-cu il tarixdə Məkkədə keçirilmiş beynəlxalq konfransda müsəlman ilahiyyatçıları tərəfindən qəbul olunmuş Məkkə Bəyannaməsinin əsas müddəalarını dəstəkləyərək hesab edirik ki, silahlı münaqişəyə son qoymaq və insanların ümumbəşər dəyərləri olan həmrəylik və qayğıkeşlik ətrafında birləşməsi naminə dünyanın bütün nöqtələrində dərhal qlobal atəşkəsin təmin olunmasına yönəlmiş müdrik, ardıcıl və gələcəyə istiqamətlənmiş addımların atılması vaxtı artıq gəlib çatmışdır.  

Dünya ictimaiyyətinin COVID-19 pandemiyası ilə apardığı mübarizə şəraitində və bütün dinlərin başlıca dəyərlərinə əsaslanaraq  biz Roma Papası Fransiskin “humanitar yardım üçün marşrutlar, diplomatiya üçün aşkarlıq yaratmaq, eləcə də koronavirus pandemiyasına ciddi şəkildə məruz qalanlara diqqət yetirmək” çağırışı ilə həmrəy olduğumuzu bildiririk.

XXI əsrin ikinci onilliyinin sonunda bütün millətlərin, dövlətlərin başına gələn bəlaların və müsibətlərin beynəlxalq sülhə və təhlükəsizliyə qarşı təhdidləri və təhlükələri imanla, nizam-intizamla, həmrəyliklə, mənəvi meyarlara və yüksək etikaya, habelə mədəni, milli, dini və etnik tolerantlığı, müxtəlif mədəniyyətlərdən və ölkələrdən olan insanlar arasındakı qarşılıqlı anlaşma və dostluğu təmin edərək dəf etməyə kömək edə biləcəyinə dəlalət edən dərs olduğunun dərk edilməsi üçün Yaradana ürəkdən dua edirik.

Biz İkinci Dünya müharibəsi qurbanlarının xatirəsi qarşısında baş əyərək bəyan edirik ki, bəşəriyyətə hədsiz-hüdudsuz kədər gətirən bu müharibənin nəticələri müasir dövlət xadimləri və siyasi liderlər üçün, gələcək nəsillər üçün dərs olmalıdır.

On yeddi ildir ki, Nur Sultan şəhərində Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayı platformasında keçirdiyimiz görüşlər onu sübut edir ki, dini liderlər arasındakı dialoq bütün bəşəriyyət üçün ümumi olan dəyərlərin daha dərindən öyrənilməsinə və dərk edilməsinə töhfə verməyə qadirdir.

Biz müxtəlif sivilizasiyalar, mədəniyyətlər, dinlər və inanclar arasındakı konstruktiv dialoq və qarşılıqlı anlaşmanı ardıcıl olaraq dəstəkləməyə və təşviq etməyə hazırıq.

Bütün maraqlı tərəfləri dinc və ahəngdar məkanda yaşamaq, ümumbəşər dəyərlərinə arxalanaraq dini və mədəni plüralizmə, müqəddəs ibadət yerlərinə ehtiram nümayiş etdirmək üçün səyləri birləşdirərək davam etdirməyə, cəmiyyətlərin və xalqların regional və beynəlxalq səviyyədə ahəngdar şəraitdə yaşaması, xüsusən də dünyada, xüsusilə də dinlər arasında sabitliyin qorunması və möhkəmləndirilməsi naminə milli, irqi, dini zəmində nifrətin, diskriminasiyanın, düşmənçiliyin və zorakılığın təşviq edilməsinin qarşısını almağa çağırırıq.

Qoy müharibələr və qarşıdurmalar əbədi olaraq keçmişdə qalsın!

Allah dünyanın çiçəklənməsinə, bütün ölkələrdə firavanlığa, bizim mənəvi həmrəyliyimizə rəvac versin!

DÜNYA VƏ ƏNƏNƏVİ DİNİ LİDERLƏRİ QURULTAYI KATİBLİYİNİN

ÜZVLƏRİ VƏ TƏRƏFDAŞLARI

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
17 RAMAZAN BƏDR QƏZVƏSİNİN İLDÖNÜMÜDÜR

Böyük Bədr Qəzvəsi (döyüşü) Bədr döyüşü müsəlmanlarla Qureyş arasındakı ilk əhəmiyyətli döyüşdür. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Zül Uşeyraya hərəkət...

Bağla