OSMAN NURİ TOPBAŞ – RƏHMƏT, MƏĞFİRƏT VƏ TƏZKİYƏ İQLİMİ

0

Ramazani-Şərif ömür təqvimi içərisində insana bəxş edilən müstəsna lütf və rəhmət ayıdır. Haqq-Təalanın ümməti-Muhammədə lütf etdiyi, mənəvi qiymətlərlə dolu ilahi bir xəzinədir. Bir hədisi-şərifdə buyurulduğu kimi:

“Əgər insanlar Ramazanın fəzilətlərini bilsəydilər, bütün ilin Ramazan olmasını istəyərdilər…” (Heysəmi, c. III, s. 141)

24 saatlıq bir gün içində səhər vaxtının, 7 günlük həftə içində mübarək cümə gününün ayrı bir xüsusiyyəti olduğu kimi ilin ayları içərisində də Ramazani-Şərif müstəsna bir dəyər daşıyır.

Ramazani-Şərif ehtiva etdiyi müstəsna fürsətlər səbəbi ilə uxrəvi qazanc əldə etməyə hər zamankından daha çox cəhd ediləcək bir rəhmət iqlimidir.

Mövlana həzrətləri buyurur:

“Ramazan gəldi, artıq maddi qidalardan əlini çək ki, səmadan mənəvi ruzilər gəlsin. Bu ay könül süfrəsinin qurulduğu aydır. Qəlbin bədən xətalarından qurtulduğu aydır. Könüllərin eşq və imanla dolduğu aydır”.

Yəni Ramazani-Şərif dünyəvi əlaqələri minimuma endirib Allaha yaxınlıq və dostluqda mərhələ qət etmə mövsümüdür. Qulu Rəbbindən uzaqlaşdıran hər şeydən əl çəkərək ilahi rizanı qazanma təliminin bərəkətli fürsətlərindən son dərəcə istifadə etmək zamanıdır.

Ramazani-Şərif nəfs mühasibəsinin də ən feyzli mövsümüdür. Bütün il uzunu mənən itirdiklərimizi bərpa ətmək, xəta və qüsurlarımızı düzəltmək, ömrümüzün qalan hissəsini keçən hissəsindən daha xeyirli hala gətirmək üçün gözəl başlanğıclar etmək üçün Ramazani-Şərifi böyük fürsət bilməliyik.

Bizə bir stəkan su verənə belə təşəkkür etməyi özümüzə borc bilirik. Rəbbimizin bahabiçilməz xəzinə dəyərindəki ikramı olan Ramazani-Şərifi də yüksək bir şükür hissiyyatı ilə qarşılamalıyıq:

– Namaz, oruc kimi fərdi ibadətlərdə dərinləşməklə,

– Zəkat, infaq, fitrə, Yaradandan ötrü yaradılanlara şəfqət, mərhəmət və xidmət kimi ictimai ibadətlərə göstərəcəyimiz səylərlə,

– Qurani-Kərim ilə quracağımız yaxın ünsiyyətlə Ramazani-Şərifə göstərəcəyimiz böyük etina Haqq-Təalanın bu müstəsna lütfünə qarşı ən gözəl şükür ifadəsidir.

Məğfirət mövsümü

Ramazani-Şərif ilahi əfvin sanki tüğyan etdiyi bir məğfirət mövsümüdür. Rəsuli-Əkrəm r bu həqiqəti ifadə etmək üçün belə buyurmuşdur:

“Kim fəzilətinə inanaraq və əcrini Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar”. (Buxari, Savm, 6)

“Kim inanaraq və savabını Allahdan umaraq Ramazan gecələrini əhya edərsə, keçmiş günahları əfv olar”. (Buxari, Təravih, 46)

Təbii ki, borclar və qul haqqı bundan istisnadır. Mütləq haqq sahibləri ilə halallaşmaq lazımdır.

Həmçinin Rəsulullah r:

“Cəbrayıl u yanıma gələrək: “Ramazana çatıb günahları əfv edilməyən kəs rəhmətdən uzaq olsun!” – dedi. Mən də “Amin!” – dedim”, – buyurmuşdur. (Hakim, IV, 170/7256; Tirmizi, Dəavat, 100/3545)

Deməli, Ramazani-Şərifin gündüz və gecələrini layiqincə əhya edə bilsək, ilahi əfv vədi bizi gözləyir. Lakin bunun əksinə, bu müstəsna xəzinəyə biganə qalıb səhlənkarlıq etsək, ilahi rəhmətdən məhrum ola bilərik. Yəni bu qədər mühüm, həssas və qiymətli bir zaman dilimindəyik…

Təqva iqlimi

Ramazani-Şərifin fariq tərəfi olan oruc ibadəti, məlum olduğu kimi, imsakdan iftara qədər yeyib-içmək və cinsi arzulardan uzaq durmaqdır. Lakin bu, orucun zahiri tərəfidir. Orucun məqbul səviyyədə tutula bilməsi üçün zahiri ilə bərabər qəlbi cəhətinə də hədsiz dərəcədə həssaslıq göstərmək lazımdır.

Çünki oruc sırf aclıq və pəhrizdən ibarət deyil. Haqq-Təala:

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi. Ümid edilir ki, (bunun vasitəsilə)  təqvaya nail olarsınız!” (əl-Bəqərə, 183) – buyuraraq, oruc tutmaqdan qayənin “təqvaya çatmaq” olduğunu bəyan etmişdir.

Təqva isə Allah-Təalanın riza və məhəbbətini itirmək qorxusu ilə Onun razı olmadığı hər hal və davranışdan diqqətlə çəkinmək həssaslığıdır.

Xüşu ilə qılınan məqbul bir namaz insanı həyasızlıq və pislikdən uzaqlaşdırdığı kimi, layiqincə tutulan oruc da günahlara qarşı bir sipər, qoruyucu zireh hökmündədir.

Dolayısı ilə namaz və orucumuzun məqbul olub-olmadığını anlamaq istəyiriksə yaşayışımızda günahlardan nə qədər uzaq dura bildiyimizə baxmaq kifayətdir. Əgər tutduğumuz oruc bizdə təqva həssaslığı meydana gətirmirsə, halımızı gözdən keçirməli və harada xəta işlədiyimizə baxmalıyıq. Orucun zahiri şərtlərinə əlavə olaraq təqva cəhətinə də diqqət etməliyik ki, tutduğumuz oruc bizi cəhənnəmdən qoruyan qalxan olsun.

Oruc tutmaq dinin bəyənmədiyi zahiri və batini bütün haramlara qarşı nəfsin cilovunu möhkəm tutmaqdır. Ona görə də orucu mədə ilə yanaşı gözə, qulağa, dilə, qəlbə, xülasə, bütün üzvlərə tutdurmaq lazımdır. Fikirləşməliyik ki, tutduğumuz oruc:

  •  Gözümüzü harama baxmaqdan qoruyurmu?
  •  Qulağımızı yanlış söz və səslər dinləməkdən mühafizə edirmi?
  •  Xüsusilə də dilimizi yalan, qeybət, dedi-qodu və boş sözlərdən qoruyuruqmu? Zira bu cür sözlərə qarşı da “sükut orucu” tutmalıyıq.

Necə ki, Rəsulullah r oruclu olarkən qeybət edən iki qadın barəsində:

“Bunlar Allahın halal qıldığı şeylərdən özlərini qorudular, onlara qarşı oruc tutdular. Haram qıldığı şeylərlə də oruclarını açdılar. Oturub insanların ətini yedilər (qeybət etdilər)”, – buyurmuşdur. (Əhməd, V, 431; Heysəmi, III, 171)

Demək, oruclu olarkən ağzımızdan nə isə girməməsinə diqqət etdiyimiz kimi ağzımızdan yanlış bir kəlmə çıxmamasına da son dərəcə diqqət etməliyik.

Nəfs təzkiyəsi

Rəsulullah r buyu­rur:

“Oruc sadəcə yeyib-içmək və bu kimi işlərdən çəkinmək deyil. Kamil və savablı oruc ancaq faydasız sözdən, boş vaxt keçirməkdən, pis söz söyləməkdən və nəfsi-əmmarənin bütün təmayüllərindən vaz keçməkdir. Əgər kimsə sənə söyər, yaxud sənə qarşı cahil bir hərəkət edərsə, öz-özünə: “Mən orucam”, – de, səbir et!”. (Hakim, Müstədrək, I, 595)

Səbir ayı olan Ramazani-Şərifdə tutulan oruc bir növ ruhun ehramı kimidir. Ehramda rəfəs, fisq və cidal, yəni şəhəvi arzular, fisq-fücur, münaqişə, qəzəblənmək, qəlb qırmaq, qəlblərə tikan batırmaq qadağan olduğu kimi, bütün bu davranışlar orucun da savabını puça çıxaran əməllərdir. Bu baxımdan oruclu bir möminin qəlbi də bir növ ehramın ruhaniyyətinə bürünməlidir.

Unutmayaq ki, xam bir nəfs haramlara açılan imtahan pəncərəsidir. Mayasına haram təmayülü qoyulduğu üçün günahlar onu maqnit kimi çəkər. İnsanda haramlara can atma duyğusunun səbəbi də məhz budur. Bu səbəblə hər bir insan üçün nəfs təzkiyəsi vacibdir. Oruc ibadəti də ruhaniyyəti nəfsaniyyətə, təqvanı günaha qalib gətirmək üçün nəfsə qarşı girilən mənəvi bir cihaddır.

Şükrü artırmaq zamanı

Ramazani-Şərif tutduğumuz oruclar səbəbi ilə bir stəkan suyun və bir  dilim çörəyin belə nə qədər böyük nemət olduğunu xatırladır. Beləliklə, ehsan etdiyi saysız nemətlər üçün Rəbbimizə nə qədər şükür etməli olduğumuzu təlqin edir.

Şükür isə quru sözlə olmaz. Hər nemətin şükrü öz cinsindəndir:

Qulağın şükrü: Dedi-qodu, qeybət, təcəssüs və nəmimə (söz gəzdirmək) kimi boş və çirkin sözləri dinləməməkdir. Əksinə, onu Qurani-Kərim, mənəvi söhbətlər, gözəl nəsihətlər kimi ruhani sədalara təşnə etməkdir.

Gözün şükrü: İnsanların ayıblarını görməkdən, haramlardan və şeytani vitrinlərə baxmaqdan çəkinməkdir. İlahi qüdrət, sənət və əzəməti xatırladan ruhani vitrinləri ibrət nəzəri ilə seyr edə bilməkdir.

Qəlbin şükrü: Verdiyi nemətləri daima təfəkkür etmək surəti ilə Allahı unutmamaqdır. Qəlbin mənəvi hüzuru da buna bağlıdır. Çünki ayeyi-kərimədə belə buyurulur:

 “…Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar”. (ər-Rad, 28)

Orucun mərhəmət təlqini

Məqbul bir oruc ruhlarda mərhəmət duyğusunu qabardar. Çünki müəyyən müddətlik də olsa, aclıq və acizliyi dadaraq toplumdakı ac, möhtac və biçarələrin halını daha yaxşı başa düşməyi təmin edər.

Necə ki, Misirdə şiddətli qıtlıq hökm sürdüyü günlərdə Həzrət Yusuf u-a:

– Siz dövlət xəzinəsinə hökm edən idarəçisiniz. Nə üçün özünüzü ac qoyursunuz? – dedilər. O isə bu hikmətli cavabı verdi:

– Qarnım tox olarsa, acların halını anlaya bilməyəcəyimdən qorxuram!

Bu baxımdan oruc məzlum və möhtac könüllərdən yüksələn səssiz fəryadların ən gözəl tərcümanıdır. Ətrafımızdakı yoxsul və kimsəsizlərdən məsul olduğumuzun təlqinidir.

Haqq-Təala bizə ən çox “Rəhman” və “Rəhim” əsmasını tanıdır. Aləmlərə rəhmət olaraq göndərilən Hz. Peyğəmbər r də “rauf” və “rəhim”, yəni çox şəfqətli və mərhəmətlidir. Bir möminin də xüsusilə ilahi rəhmətin coşub daşdığı Ramazani-Şərifdə əlindən, dilindən və könlündən şəfqət və mərhəmət yayılan “rəhmət insanı” olması lazımdır.

Möminin könlü şəfqət və mərhəmətdə o qədər yüksəlməlidir ki, sadəcə yaxınlarının deyil, bütün məxluqatın içində hüzur tapdığı rəhmət dərgahına çevrilməlidir.

Necə ki, Hz. Peyğəmbər r bir gün əshabına:

“Nəfsim qüdrət əlində olan Allaha and olsun ki, bir-birinizə mərhəmət etmədikcə cənnətə girə bilməzsiniz”, – dedi. Əshabi-kiram:

– Ya Rəsulallah, biz hamımız mərhəmətliyik, – dedilər.

Allah Rəsulu r belə buyurdu:

– “(Mənim qəsd etdiyim) mərhəmət sizin anladığınız kimi yalnız bir-birinizə olan mərhəmət deyil. Əksinə, bütün məxluqata şamil olan mərhəmətdir, (bəli) bütün məxluqata şamil olan mərhəmət!..” (Hakim, IV, 185/7310)

Haqq dostlarından Bəhaəddin Nəqşbənd həzrətləri onu ziyarətə gələn dostlarından hal-xətrini soruşduqdan sonra toyuqlarının belə halını soruşardı. Çünki bu ifadələrdə “Allahın sənə əmanət etdiyi o heyvanlara yaxşı baxırsanmı?” – şəklində xəbərdarlıq da vardı.

Biz də qapımızdakı it-pişikdən tutmuş pəncərəmizə qonan quşlara qədər bütün məxluqata Yaradandan ötrü şəfqət və mərhəmət saça bilirikmi? Qarlı qış günlərində qida tapa bilməyən, isti yay aylarında susuz qalan heyvanları düşünüb onlara şəfqət göstərə bilirikmi?..

Oruc ibadəti də sadəcə mədəni ac saxlamaqdan ibarət deyil. Mühüm olan vicdanlara da oruc tutdurmaqdır. Beləliklə, eqoizm və nadanlıqdan qurtulub fədakarlıq, qayğıkeşlik, riqqət, şəfqət və mərhəmət duyğularını inkişaf etdirməkdir. Oruc vicdanımızı nə qədər təmizləyirsə, comərdlik və fədakarlığımızı hansı ölçüdə artırırsa, deməli, Allah qatında o qədər məqbul olmuşdur.

Comərdlik və qayğıkeşlik

İnsanların ən səxavətlisi olan Hz. Peyğəmbər r xüsusilə Ramazani-Şərifdə heç bir əngəl tanımadan əsən rəhmət küləklərindən daha comərd olardı, ikramlarını artırardı.[1]

Biz də Hz. Peyğəmbərə layiq ümmət ola bilmək üçün xüsusilə bu mübarək ayda – imkan daxilində – yoxsul və kimsəsizlərə sahib çıxmalıyıq. Zəkat, fitrə və sədəqələri sevərək və ürəkdən verməliyik. Yardım edərkən də yoxsulu minnət altında qoymamağa diqqət edərək və sanki sədəqəmizi Allahın qüdrət əlinə verirmiş kimi təşəkkür ədası ilə etməliyik. Beləliklə, təbəssümü unudan neçə-neçə üzləri sevincə qovuşdurmağa çalışmalıyıq. Əsl bayramın bayram etdirilən hüznlü könüllərdən Haqq qatına yüksələn xeyir-dualarla gələcəyini unutmamalıyıq.

Malik bin Dinar həzrətlərinin rəvayətinə görə:

“Musa u bir dəfə Allaha dua edərkən belə dedi:

“Ya Rəbb! Sə­ni harada axtarım?”

Al­lah-Tə­ala bu­yur­du ki:

“Məni qəlbiqırıqların yanında axtar!” (Əbu Nu­aym, Hil­yə, II, 364)

Unutmayaq ki, bu dünyada kasıb zənginə möhtacdır, axirətdə isə zəngin kasıbın duasına möhtacdır. Xəstə sağlama möhtacdır, sağlam da xəstənin duasına möhtacdır…

Biz də bu həqiqətlərin işığında məmləkətimizə sığınan mühacirlərə ənsar olmağa çalışmalıyıq. Onları ziyarət edib hal-xətirlərini soruşaq. Həmçinin dünyanın dörd bir yanından yüksələn imdad səslərinə, səssiz fəryadlara qulaq verək. Onlara əlimizi uzadaq, qəlbimizi açaq.

Təəssüf ki, günümüzün müasir və mədəni adlandırılan dünyasında zülm, istila və vəhşət yaşanır: Suriya, İraq, Fələstin, Qəzza, Misir, Yəmən, Myanma, Arakan, Şərqi Türküstan, Afrika… Hər biri matəm diyarı oldu. 

İslam alimləri yer üzünün hər hansı bir bölgəsində zülm görən, əsir olan və ya əzilən din qardaşlarına yardım etməyə imkanı olduğu halda yardım etməyən müsəlmanların böyük günaha girəcəkləri xüsusunda ittifaq etmişlər.

Unutmayaq ki, bu gün o məzlum qardaşlarımızın dərdi ilə dərdlənmək, onlara həm sözlü, həm də feli dualar etmək din qardaşlığı xüsusunda hər birimiz üçün ilahi imtahandır.

İftar və sahurlar

Ramazani-Şərif, xüsusilə oruc ibadəti eyni zamanda zöhd və riyazət təlimidir, maldan və candan fədakarlıq təlimidir. Bu gün isə, təəssüf ki, Ramazani-Şərifin ruhuna zidd şəkildə; lüks, israf, acgözlük, göstəriş və nəfsani ehtirasların baş alıb getdiyi bir zamandayıq.

Təəssüf ki, zəmanəmizdə verilən bəzi iftarlarda məqsədindən uzaqlaşan bir çox mənzərələr sərgilənir. Lüks məkanlarda, israf və güc göstərişinə çevrilən ziyafətlər verilir. Fəqir-füqəranın deyil, yalnız imkanlıların dəvət edildiyi bu süfrələrin hədisi-şəriflərdə fəzilətindən bəhs edilən iftarlara nə qədər bənzədiyi məchuldur.

Halbuki iftar verərkən dost-tanışla yanaşı duası alınacaq saleh insanları, xüsusilə fəqir-füqəra və qəribləri dəvət etməli olduğumuzu yaddan çıxarmamaq lazımdır. Şeyx Sədinin buyurduğu kimi: “Haqq dostları heç kimin baş çəkmədiyi dükanlardan alver edərlər” düsturuna görə əsl hünər toplumda gözardı edilən qərib və kimsəsizlərə uzana bilmək, evini, süfrəsini və qəlbini aça bilməkdir.

Ramazani-Şərifin gözəl adətlərindən biri də iftar verilən ehtiyac sahiblərini bir az cib xərcliyi və ya hədiyyə ilə yola salmaqdır. Əcdadımız bu gözəl adətə zərif bir təşbehlə “diş kirası” adı vermişdir. Məqsəd kasıbları minnət altında qoymadan nəzakətlə sevindirməkdir.

Digər tərəfdən, Hz. Peyğəmbər r iftar və sahurlara xüsusi əhəmiyyət verərdi. Çünki əsri-səadət dövründə yəhudilər də oruc tutar, iftarı yatsı vaxtına qədər gecikdirərdilər. Üstəlik sahur da etməzdilər. Hz. Peyğəmbər r bir stəkan su ilə də olsa sahur etməyi, vaxtı girən kimi iftar etməyə tələsməyi əmr etdi. Yəni ibadətdə belə qeyri-müsəlmanlara bənzəməyi qadağan etdi. İslam həyatın hər mərhələsində şəxsiyyət və vüqarını həssas ölçülərlə qorumağı tövsiyə edir.

Aliya İzzetbeqoviçin gözəl bir sözü var:

“Müharibədə uduzmaq ölməklə deyil, düşmənə bənzəməklə olur”.

Bu gün, təəssüf ki, İslam dünyası həyatın bir çox sahəsində qeyri-müsəlmanlara bənzəməyə çalışaraq öz şəxsiyyət və xarakterinə yadlaşmağın ağır cəzasını ödəyir. Bu kimlik böhranından qurtulmaq üçün öz dəyərlərimizin qiymətini bilib onları əhya etməyimiz vacibdir.

Səhərləri əhya etmək

Ramazani-Şərifdə qazanılan sahur intizamı eyni zamanda ömür boyu səhərləri əhya etmək təlimidir. Ramazani-Şərif ilin ən qiymətli vaxtı olduğu kimi, günün də ən feyzli hissəsi səhər vaxtıdır. Ramazandan sonrakı gecələrdə də Allaha xüsusi bir yaxınlıq vəsiləsi olan tövbə və istiğfarın ən məqbul olduğu ruhi təkamülün zirvələşdiyi o qiymətli vaxtları təhəccüd, zikr və dualarla əhya etməyə çalışmaq lazımdır.

Çünki Allah-Təala biz bəndələrini səhər vaxtları xüsusi istiğfara dəvət edir.[2] Mömin səhərləri əhya edərək ruhi güc qazanmalıdır ki, gündüz qarşılaşacağı nəfsani və şeytani tələlərə qarşı daha güclü ola bilsin. Gündüzü də günahlardan çəkinmək həssaslığı ilə keçirməlidir ki, səhər vaxtında qalxıb Rəbbinin hüzurunda dura bilsin. Yəni mömin Günün batışı ilə Ayın çıxması kimi, gecə ilə gündüzün davamlı yer dəyişməsi kimi gecədən gündüzə, gündüzdən də gecəyə mənəvi olaraq təravət içində keçməlidir.

Qurani-Kərim ilə həmhal olmaq

Ramazani-Şərifin daşıdığı ali dəyərin ən mühüm səbəbini Allah-Təala ayeyi-kərimədə belə izah edir:

“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir…” (əl-Bəqərə, 185)

Ramazan ayı və Qədr gecəsinin üstünlüyü Quranın onda nazil olmağa başlamasındandır. Çünki Qurani-Kərim əzizdir, endiyi hər yerə izzət bəxş edər. Bu həqiqətə əsasən ariflərdən biri belə demişdir:

“Qurani-Kərimi Cəbrayıl u endirdi, mələklərin ən fəzilətlisi oldu.

Qurani-Kərim Həzrət Muhamməd r ə nazil oldu. O, bütün peyğəmbərlərin seyyidi oldu.

Quran-Kərim Ümməti-Muhammədə nazil oldu. O ümmət ümmətlərin ən xeyirlisi oldu.

Qurani-Kərim Ramazan ayında nazil oldu. O ay ayların ən xeyirlisi oldu.

Qurani-Kərim Qədr Gecəsində nazil oldu. O gecə min aydan daha xeyirli oldu.

Əgər Qurani-Kərim sənin də qəlbinə və həyatına enərsə, insanların ən xeyirlisi olarsan!”.

Abdullah bin Abbas v belə nəql edir:

“…Cəbrayıl u Ramazanın hər gecəsi Hz. Peyğəmbər ilə görüşər, (müqabilə yolu ilə / qarşılıqlı) Quran oxuyardılar…” (Buxari, Bədul-Vəhy 5, 6, Savm 7)

Biz də Qurani-Kərimin dünya səmasına nazil edildiyi Ramazani-Şərifdə onunla hər zamankından daha çox həmhal olmalıyıq. Qulluq həyatımızı Quran ölçüləri ilə bir daha gözdən keçirməli, onun yalnız “müqabilə”si ilə kifayətlənməyib “müamilə”si ilə də məşğul olmalıyıq.

Fudayl bin İyaz g-in bu xəbərdarlığı çox mənalıdır:

“Qurani-Kərim əməl edilmək üçün nazil edildi, lakin insanlar onun sadəcə oxunmasını əmələ çevirdilər”.

Deməli, hal və davranışlarımıza Qurani-Kərimlə istiqamət verməli, qiyamətə qədər davam edəcək o ilahi möcüzəyə müxatəb edildiyimiz üçün Allaha şükür borcumuzun olduğunu dərk etməliyik. Bunu da Quran təliminə maddi-mənəvi dəstək olaraq felən isbat etməliyik.

Min aydan xeyirli gecə

Ramazani-Şərifin ən müstəsna gecəsi fəzilət baxımından min aydan üstün olan “Qədr Gecəsi”dir. Bu mübarək gecə Allahın Həbibinə və Onun vəsiləsi ilə Muhamməd ümmətinə duyduğu məhəbbətin böyüklüyünə işarədir. Çünki digər peyğəmbərlərə və onların ümmətlərinə belə bir gecənin lütf edildiyinə dair heç bir məlumat yoxdur.

Biz də bu müstəsna lütfü səbəbi ilə Allah-Təalaya şükrümüzü artırmalı, o mübarək gecəni ibadət və itaətlə əhya etməliyik. Həmçinin ümməti olmaqla şərəfləndiyimiz Rəsulullah r -ə minnətdarlığımızı da artırmalıyıq. “İnsan sevdiyi ilə bərabərdir”[3] hədisi-şərifinin əhatə dairəsinə girə bilmək üçün Peyğəmbərimizlə hal, hiss və fikir bərabərliyi içində olmağa çalışmalıyıq.

Son Ramazan şüuru ilə…

Ramazani-Şərif ömür təqvimi içərisində dərin bir təfəkkür vəsiləsidir. Düşünməliyik ki, keçən Ramazan ayında aramızda olan bir çox dost-tanışımız, qohum-əqrəbamız bu Ramazanda aramızda deyil. Keçən Ramazan onların son Ramazanı idi. Bizim də qarşıdan gələn Ramazanda olub-olmayacağımız məchuldur.

Elə isə bu Ramazanın son Ramazanımız ola biləcəyini düşünərək dəyərləndirməliyik ki, Allahın lütfü ilə bayram hüzuruna nail ola bilək.

Allah-Təala hər birimizə Ramazani-Şərifi əbədi qurtuluşumuza səbəb olacaq saleh əməllərlə əhya edə bilməyi nəsib etsin. Lütf-kərəmi ilə ömrümüzü Ramazan ruhaniyyəti içində yaşayıb son nəfəsimizi də əbədi bayram sevinci ilə verə bilməyi ehsan etsin.

Amin!..


[1] Bax. Buxari, Bədul-Vəhy 5, 6, Savm 7; Müslim, Fəzail 48, 50.

[2] Bkz. Âl-i İmrân, 17.

[3] Buxari, Ədəb, 96.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BMT-NİN BAŞ KATİBİ DİNİ LİDERLƏRDƏN YARDIM İSTƏDİ

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş, bütün dünyaya yayılmış kovid-19 pandemiyasına qarşı mübarizəyə qoşulmaları üçün dünya dini liderlərinə...

Bağla