ABŞ Senatı, Şərqi Türküstanda Uyğur türklərinə istiqamətlənmiş təzyiqlərə görə Çinə sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Respublikaçı Marko Rubionun səyləri ilə gündəmə gətirilən və yekdilliklə qəbul edilən qanun layihəsi, Uyğur türklərinə və bölgədə yaşayan digər müsəlman etniklərə qarşı təzyiqlərə və zorakılıqlara görə məsuliyyət daşıyan dövlət rəsmilərinə sanksiya tətbiq edilməsini nəzərdə tutur.
Bundan başqa layihədə ABŞ Dövlət Departamentindən, bölgədə insan hüquqlarının pozulmasına dair hesabat hazırlaması tələb olunur.
Qanun layihəsinin yaxın günlərdə Nümayəndələr palatasında səsverməyə çıxarılaraq imza üçün prezident Donald Trampa göndəriləcəyi gözlənilir.
Qanun layihəsinin qəbul edilməsindən sonra Marko Rubio şəxsi Twitter səhifəsində yazıb:
“Biraz əvvəl kobud rəftarına görə Çin kommunist partiyasının məsuliyyətə cəlb edilməsini nəzərdə tutan “Uyğur insan hüquqları” qanun layihəsini senatdan keçirdik. Ümidvaram ki, bu layihə sabah nümayəndələr palatasından da keçərək prezident Tramp tərəfindən imzalanacaq.”