Ümumdünya Müsəlman Alimlər Şurası, Misir Fətva qurumunun İstanbulun fəthinə “İşğal” deməsinə etirazını bildirib. Şuranın baş katibi Əli Məhyəddin əl-Qaradaği sosial şəbəkə səhifəsində yazdığı reaksiyada Misirin atdığı bu addımın utancverici olduğunu bildirib.
Baş katib facebook səhifəsində Hz. Muhammədin (SAV) “İstanbul (Qonstantiniyyə) hökmən fəth ediləcək! Onu fəth edən sərkərdə nə gözəl sərkərdədir, onun ordusu nə gözəl ordudur.” – hədisi ilə bu fəthə işarə etdiyini xatırladıb.
“İstanbulun fəthinin Osmanlı işğalı kimi göstərilməsi şəxsi-qərəzlikdə həddi aşmaq, təhlükəli bir hərəkət və Misir Fətva qurumu üçün bir utancverici ləkədir.” – yazan Qaradaği, bu cür açıqlamaların Misirdəki dini qurumların siyasiləşməsinin sübutu olduğunu vurğulayıb.
Xatırladaq ki, Türkiyədə Ayasofiya məscidinin fəaliyyətinin bərpa edilməsi gündəmə gəldikdən sonra Misirin fətva qurumu sosial şəbəkədəki səhifəsində İstanbulun fəthini Osmanlı işğalı kimi göstərmiş, “Ayasofiya 537-ci ildə Bizans dövründə kilsə kimi tikildi və Osmanlılar 1453-cü ildə İstanbulu işğal edənə və onu məscidə çevirənə qədər 916 il kilsə kimi qaldı.” – yazmışdı.
Sosial şəbəkə səhifələrindəki çoxsaylı etirazlardan sonra qurum öz açıqlamasını dəyişdirərək, böyük fəthin sufi Osmanlı Fatih Sultan Mehmedin əliylə həyata keçirildiyini, prezident Rəcəb Tayyib Ərdoğanın isə Sultan Mehmedlə heç bir əlaqəsinin olmadığını yazıb.