1. Təmizlik İslam dinində ibadət hesab olunur və bununla bağlı çoxlu sayda ayeyi-kərimələr və hədisi-şəriflər vardır (Bax. “Bəqərə”, 2/222; “Maidə”, 5/6; “Müddəssir”, 74/4). Hətta bir hədisi-şərifində Həzrət Peyğəmbər (s.ə.s) təmizliyin imanın yarısı olduğunu vurğulayır (Müslim, Təharət, 1). Odur ki, bu virusdan qorunmaq üçün təmizlik vasitələrindən istifadə etməklə əllər tez-tez yuyulmalı və maskalardan istifadə edilməlidir. Həmçinin virusdan qorunmaqla əlaqədar olaraq səhiyyə təşkilatları tərəfindən göstərilən digər təlimatlara riayət edilməlidir. Bundan əlavə, tibbi spritdən, eləcə də tərkibində spirt olan digər təmizlik vasitələrindən əllərin və digər müxtəlif yerlərin təmizlənməsində və dezinfeksiyasında istifadə etməkdə dini baxımdan hər hansı bir qəbahət yoxdur. Çünki spirt təmizlik və dezinfeksiya vasitəsi kimi dini baxımdan nəcis deyil.
2. Virusa yoluxmuş bir şəxsin izolyasiyası vacib olmaqla yanaşı, yoluxan şəxsin bunu gizlətməsi də dini baxımdan qəbuledilməzdir. Əks təqdirdə, həm özünün xəstəliyinin daha da ağırlaşması, həm də xəstəliyi başqalarına yoluxdurması qaçınılmazdır. Odur ki, dini baxımdan nə özünü təhlükəyə ata bilər, nə də başqalarına zərər verilə bilər. Uca Allah “Bəqərə” surəsinin 195-ci ayəsində belə buyurur: “…Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq edənləri sevir”. Başqa bir ayədə isə belə buyurur: “…Özünüzü ödürməyin! Həqiqətən Allah sizə qarşı mərhəmətlidir” (“Nisa”, 4/29). Həzrət Peyğəmbər (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Hər hansı bir yerdə taun xəstəliyinin olduğunu eşitdikdə ora getməyin, sizin olduğunuz yerdə çıxarsa, oradan çıxmayın!” (Buxari, Ənbiya, 56) Digər bir hədisində isə belə buyurur: “Həm zərər vermək, həm də zərərə qarşı zərərlə cavab vermək qadağan edilmişdir” (İbn Macə, Əhkam, 17).
3. Həkimlərin və digər mütəxəssislərin sosial məsafə və izolyasiya qaydalarına əməl etməyin zəruri olduğu çağırışlarına əsasən məscidlər bağlanmalı, həcc və ümrə ziyarətləri dayandırılmalıdır. Uca Allah “Nisa” surəsinin 71-ci ayəsində belə buyurur: “Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin…”. Lakin məscidlər bağlı olsa da, azanlar davam etdirməlidir. Çünki azan İslamın şüarlarındandır. Bundan əlavə, azanlarda namazların evdə qılınması ilə bağlı təşviqedici ifadələrdən istifadə edilə bilər.
4. Məscidlər bağlı olduğuna görə cümə günü müsəlmanlar cümə namazını qıla bilmədikləri üçün bunun əvəzinə evlərində günorta namazını qılmalıdırlar. Evlərdə cümə namazını qılmaq birmənalı olaraq caiz deyil. Bundan əlavə, müvafiq orqanlar bütün lazımi tədbirlər alaraq yalnız bir məsciddə simvolik olaraq xütbə və cümə namazını təşkil edə və xüsusilə xütbədən insanların istifadə edə bilməsi məqsədilə bunu televiziya, radio və internet vasitəsi ilə yayımlaya bilərlər. Ancaq xüsusilə qeyd edək ki, bu kimi hallarda aralarında onları bir-birindən ayıran məsafə və məkan fərqliliyi olduğu üçün insanların canlı yayıma tabe olaraq cümə namazını evlərində qılmaları caiz deyil.
5. Pandemiya ilə əsas mübarizə aparan və insanlara xidmət edən tibb işçiləri və vətəndaşların təhlükəsizliyini təmin edən digər orqanlarda işləyənlər ehtiyac olduqda namazlarını cəm edə bilər, yaxud cəm etmək caiz olmayan məzhəblərdə ən azı bir namazın son digər namazın ilk vaxtlarında qılaraq şəklən cəm edərək İslamın bu kimi rüxsətlərindən istifadə edə bilərlər.
f.f.d. Anar Qurbanov