1. Pandemiya ucbatından dolanışığını təmin edə bilməyib möhtac vəziyyətə düşənlərə yardım etməklə əlaqədar fiziki və hüquqi şəxslər, eləcə də dövlətlər təşviq edilməlidir. Uca Allah “Hədid” surəsinin 7-ci ayəsində belə buyurur: “Allaha və Onun Peyğəmbərinə iman gətirin! Sizin ixtiyarınıza verdiklərindən infaq edin! Sizdən iman gətirib infaq edən kimsələr üçün böyük bir mükafat vardır”. Başqa bir ayədə: “Kim Allaha yaxşı bir borc verərsə (istəyənə faizsiz borc verər, yaxud malını Allah yolunda xərcləyərsə), Allah onun əvəzini (mükafatını) qat-qat artırar”, – buyurur (“Bəqərə”, 2/245). Digər bir ayədə isə belə buyurur: “Mallarını Allah yolunda infaq edənlərin halı, yeddi sünbül verib hər sünbülü də yüz ədəd dən verən bir toxumun halına bənzəyir. Allah dilədiyi kimsəyə qatbaqat artığını verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir” (“Bəqərə”, 2/261). Həzrət Peyğəmbər (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Möminlər bir-birini sevmədə, bir-birinə mərhəmət etmədə və bir-birinə şəfqət göstərmədə bir bədən kimidirlər. Əgər o bədənin bir üzvü narahat olsa, bədənin digər üzvləri də yuxusuz qalıb narahat olarlar” (Müslim, “Birr”, 66). Başqa bir hədisdə isə belə buyurur: “Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu (düşməninə) təslim etməz. Kim mömin qardaşının bir ehtiyacını aradan qaldırarsa, Allah da onun ehtiyacını aradan qaldırar. Kim müsəlmanı bir sıxıntıdan qurtarırsa, Allah da onu qiyamət günü sıxıntılardan qurtarır. Kim bir müsəlmanın qüsurunu örtərsə, görməzdən gələrsə, Allah da qiyamət günü onun qüsurunu örtər” (Buxari, “Məzalim”, 3; Müslim, “Birr”, 58).
Zəkatın il bitmədən əvvəl verilib-verilə bilməməsi məsələsinə gəldikdə isə, bu, caizdir, xüsusilə də, xeyirxahlığın və yardımlaşmanın təşviq edildiyi bu kimi vəziyyətlərdə il bitmədən verilməsi məqsədəuyğun bir haldır. Həmçinin cəmiyyət qohum-əqrəbalarından, qon-qonşularından möhtac olanlara, eləcə də yoxsullara əvəzsiz borc verməyə, imkan daxilində köməklik göstərməyə can atmalıdır.
2. Sözügedən virusa yaxalanıb vəfat edənlər icazə verilmədiyi təqdirdə ən azı uzaqdan da olsa su sıçratmaq yolu ilə yuyulmalı və ondan sonra kəfənlənməlidir. Əgər bu da mümkün olmazsa, təyəmmüm etdirilməlidir. Ancaq təyəmmüm də qeyri-mümkün olarsa, qoruyucu tədbirlər çərçivəsində qüslun vacibliyi aradan qalmış olar. Həmçinin bu qaydalara və tədbirlərə kəfənləyərkən və dəfn edərkən də riayət edilməlidir. Bütün bunlardan sonra cənazə namazı qılınmalıdır. Heç bir halda müsəlmanların cəsədlərinin yandırılması caiz deyildir.
3. Təziyə müstəhəbdir və müxtəlif yollarla yerinə yetirmək mümkündür. Ona görə də pandemiya ərəfəsində təziyə yerinə getmədən telefon və digər vasitələrlə baş sağlığı vermək daha məqsədəuyğundur.
4. Dövlətlər qiymətlərə nəzarət etməli və möhtəkirliklə bağlı təşəbbüslərin qarşısını almalıdır. Çünki bu məsələdə manipulyasiyaya yol vermək dini baxımdan qadağandır.
5. Pandemiya dövründə müxtəlif rabitə vasitələrindən istifadə edərək nikah müqaviləsinin bağlanması caiz hesab edilmişdir. Şübhəsiz ki, nikah müqaviləsi tələb olunan bütün rükn və şərtlər əsasında bağlanmalıdır. Bu da məhz müvafiq orqanların məlumatı daxilində, onların qeydiyyatı əsasında həyata keçirilməklə yerinə yetirilir. Həmçinin toy məclisləri yalnız yaxın qohumlarla kifayətlənərək həyata keçirilmə və bu zaman da sosial məsafə başda olmaqla digər karantin qaydalarına riayət edilməlidir.
f.f.d Anar Qurbanov