“Türkiyə Cümhuriyyətinin hörmətli Prezidenti, mənim qardaşım Rəcəb Tayyib Ərdoğan birmənalı şəkildə Azərbaycanı dəstəklədi, bildirdi ki, Azərbaycanın yanındadır. Bildirdi ki, Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaqlar. Bu dəstəyə görə mən öz qardaşıma dərin təşəkkürümü bildirmək istəyirəm.”
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki geniş nitqində deyib:
“Mən bir məsələyə də toxunmaq istəyirəm. İstəyirəm ki, Azərbaycan xalqı bunu bilsin. İndi, əlbəttə ki, məlumat məkanı çox genişdir. Biz bu günlərdə heç vaxt olmadığı qədər, – nə 1990-cı illərin əvvəllərində ki, müharibə gedirdi, nə də başqa dövrdə, – çox güclü beynəlxalq dəstək gördük. Təbii ki, ilk dəstək, ilk qardaşlıq addımı qardaş Türkiyədən gəldi. Türkiyə Cümhuriyyətinin hörmətli Prezidenti, mənim qardaşım Rəcəb Tayyib Ərdoğan birmənalı şəkildə Azərbaycanı dəstəklədi, bildirdi ki, Azərbaycanın yanındadır. Bildirdi ki, Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaqlar. Bu dəstəyə görə mən öz qardaşıma dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz daim təmasdayıq. Mənə telefonla zəng edib, dəstək ifadə edib, şəhidlərimizin həlak olması ilə əlaqədar başsağlığı verib. Deyib ki, biz sona qədər bir yerdəyik.”
Prezident İlham Əliyev, Türkiyə xalqına məhəbbətinin olduğunun heç kimə sirr olmadığını vurğulayıb:
“Mən də hər zaman dostum, qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana böyük hörmət göstərmişəm. Türkiyə xalqına mənim məhəbbətim heç kəs üçün sirr deyil. Dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkələr yoxdur. Bu, həm tarixə, bizim ortaq, etnik köklərə, həm də bugünkü siyasətə əsaslanır. Eyni zamanda, Türkiyənin digər yüksək vəzifəli rəsmi şəxsləri, o cümlədən Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstərmişlər.”