İrlandiyanın paytaxtı Dublində təxminən 200 müsəlman bayram namazlarını “Croke Park” stadionunda qıldılar. Covid-19 pandemiyası səbəbindən sosial məsafə qaydalarına riayət edilərək qılınan namaz, bu stadionda yerinə yetirilən ilk ibadət kimi də tarixə düşüb.
İrlandiya Futbol Federasiyasının prezidenti Con Horan, qlobal pandemiya səbəbindən çox fərqli bir dövr yaşadıqlarını, bu səbəblə də ölkədəki az sayda müsəlmana stadionda kütləvi namaz qılmağa izn verildiyini deyib.
“Normal şərtlərdə “Croke Park”da idman tədbirləri keçirilir. Amma bu il vəziyyət biraz fərqlidir. Müsəlmanları “Croke Park”da qonaq etdiyimiz üçün çox məmnunuq. Qurban bayramı İslam təqviminin ən önəmli günlərindən biridir.” – deyə Con Horan bildirib.
Qeyd edək ki, təxminən 5 milyon əhalisi olan İrlandiyanın 85%-i xristiandır. Bu ölkədə yaşayan müsəlmanların nisbəti isə təxminən 1,3%-dir.