Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Tovuz rayonnun sərhədində başlatdığı təxribat nəticəsində dünyasını dəyişən şəhidlərin məzarlarını ziyarət edib.
İslamveirfan.com xəbər verir ki, bu barədə QMİ mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir:
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri — Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Arxiyepiskop Aleksandr və Dağ yəhudiləri dini icmasının başçısı Melix Yevdayev, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev qəhrəman Vətən oğullarının xatirəsini yad etmək məramı ilə II Fəxri Xiyabanda olmuşlar.
Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin 40-cı anım günündə onların məzarları başında bütün Vətən şəhidlərimizin ruhları üçün Quran oxundu, Allahdan rəhmət diləndi və məzarlarına tər çiçəklər düzüldü.