Bu gün məşhur hədis alimi İmam Buxarinin vəfatının 1151-ci il dönümüdür. İmam Buxari və ya tam adı ilə Əbu Abdullah Muhamməd ibn Əbülhəsən İsmayıl ibn İbrahim əl-Muğirə ibn Əhnəf Bərdizbəh əl-Cufi əl-Buxari 810-cu il iyulun 20-də indiki Özbəkistanın Buxara şəhərində dünyaya gəlmişdir. 869-cu ildə isə Buxarada dünyasını dəyişmişdir və bu şəhərdə mədfundur.
Həyatı
Uşaq yaşlarından atasını itirən Buxari anasının tərbiyəsi ilə böyüyüb və kiçik yaşında artıq Qurani Kərimi əzbərlədi və ərəb dilini öyrəndi.Atasından qalan sərvət onun heç kimə möhtac olmadan elm öyrənməsinə yararlı oldu. On bir yaşında hədis öyrənməyə başlayan Buxari 16 yaşında anası və qardaşı Əhmədlə həcc ziyarəti edir. Anası və qardaşı Buxaraya qayıdanda, o, elm öyrənmək istəyi ilə Məkkədə qalır.
On səkkiz yaşında “Kitabi Kadyas-Səhabə vət Tabiin” ilə “ət-Tarixül-Kəbir” adlı əsərlərini yazan Buxari, elmini artırmaq üçün Şam, Misir, Bəsrə və Bağdada səfər edir. Bu səbəblə altı il Hicazda qalan Buxari hədis öyrənmək və nəql etməklə yanaşı şeirlə də maraqlanırdı. Döyüş idmanlarına maraq göstərir, at minir, ox atırdı. Yaşıdları Buxaridən fəxrlə danışırdılar. Onun nailiyyətlərini qəbul etmək istəməyənlər fitnə çıxarmağa başladılar və Buxarinin “Quran məxluqdur” fikrini dəstəklədiyini yaydılar. Bu səbəbdən Buxari vətəninə qayıtdı. Lakin burada da Buxara əmiriylə problem yaşadı. Sonra Əhməd İbn Xalid tərəfindən Buxaradan çıxardılır. Buxari Səmərqənddə Hartənk kəndində qohumlarının yanında yerləşir. Səmərqəndlilər Buxaridən yararlanmaq məqsədilə heyət göndərib Səmərqəndə gəlməsini xahiş edirlər. Buxari Səmərqəndə gəlməyə hazırlaşan zaman xəstələnir və Hicri təqvimlə 256-cı il 30 Ramazanda bayram gecəsi vəfat edir. Cənazə namazı bayram günü günortadan sonra qılınaraq Hərtənkdə dəfn edilir.
İmam Buxari dərin zəka və əzbərləmə qabiliyətinə malik idi. Hər hansı bir şeyi yadda saxlamaq üçün ona bir dəfə baxması və ya onu bir dəfə dinləməsi kifayət edərdi. O, eyni zamanda çox hədis əzbərləməklə də şöhrət qazanıb.”Kutubi-sittə” müəlliflərindən ən-Nəsai onunla şəxsən danişdiqdan sonra “O, inanılmaz dərəcədə zəkalı bir mühəddisdir. İslam tarixində ilk səhih kitab yazan odur”, – deyir.
Bəzi alimlər onun üçün belə deyirlər: “Buxari Allahın yer üzərində yeriyən ayətlərindəndir”. Nəcm b.el-Fəzil deyir: “Yuxumda Rəsulullahı (s.a.v.) gördüm. Bir kənddən çıxıb gedirdi və arxasından İmami Buxari onu izləməkdə idi. O (s.a.v) bir addım atdıqda Buxari də bir addım atırdı və ayağını Rəsululahın (s.a.v) ayağını basdığı yerə basırdı. Kitabını da hər baxımdan ona nisbət edirdi”. Buxari elmiylə əməl edən bir insan idi və İslami qaydalara çox riayət edir, halal və haram məsələlərinə çox diqqət edirdi. Hədis elminə xidmət, bu yolla Allahın rizasını, Həzrəti Muhammədin (SAV) şəfaətini qazanmaq əsas fikri idi. Atasından qalan mirası da bu yolda xərcləmiş və mərdliyi ilə şöhrət qazanmışdı. Çox Quran oxuyar, çox sünnət namazı qılardı. Rəvayətə görə hər üç gündən bir Qurani Kərimi xətm edərdi. Gecənin yalnızca bir hissəsini yatar, hər zaman yuxudan oyanıb, şam yandırıb hədis yazar, ya da yazdıqlarını işarələyib, üzərində təkəfəkkür edərmiş. Sübh namazı girməmişdən oyanar, gecə namazı qılar, sonra Quranın üçdə birini oxuyardı.
Ramazanda isə təravih namazından sonra Quranın üçdə birini oxumağa davam edərdi. Buxarinin özünün verdiyi məlumata gğrə, hədis öyrəndiyi müəllimlərinin sayı 1000-dən çoxdur. Əsas müəllimləri Əhməd b. Hənbəl, Əli b.əl-Mədini,Yəhya b. Main, İsmail b. İdiris əl-Mədini, İshaq b.Rəhuyəh, Məkki b. İbrahim əl-Bəlxi, Məhəmməd b. Salam əl-Bikəndi, İbrahim b.Əl-Əs`as, Əli b. Əl-Həsən b.Səkik,Yahya b. Yəhya, İbrahim b.Musa əl-Hafiz, Surəyc b. ən-Numan, Əbu Asim ən-Nəbil əs-Səybani, Məhəmməd b. Abdullah əl Ənsari, Abdullah b. Zübəyr əl-Həmidi, Əl Məkri, Əbdüləziz əl-Üvəysidir. Şagirdləri arasında ən tanınmışları isə Əbu İsa ət-Tirmizi, Məhəmməd b. Nəsru`l Mərvəzi, İbn Əbi Davud, Müslim b.Həccac və ən-Nəsaidir.
İslamın ilk vaxtlarında insanların Quran ayələri ilə hədisləri biri-biri ilə qarışdırmaması üçün hədislərin yazılması qadağan edilmişdi. Sonralar Qurani Kərim kitab formasına salınmış, çoxaldılmış, ona başqa bir şeyin qarışması əngəllənmişdi. Bununla bərabər səhabə nəsli bütünlüklə vəfat etmiş, İslam ölkələri genişlənmiş, dəyişik fikirlər ortaya çıxmışdı. Bu səbəbdən hədislərin toplanmasının vacibliyi ortaya çıxdı və hədislərtabiinin zamanında toplanmağa başlandı. İmam Malik (179 h/195m.) Hz Muhammədin (SAV) hədislərini səhabə və tabiun rəvayətləri üzrə toplayaraq Müvvata adlı kitabı təsnif etmişdi. İmam Malikdən sonra da hədis toplanması yönündə işlər görüldü.
Yaradıcılığı
Buxarinin “Camiu`s-Səhih”i (Səhihi Buxari) qələmə alması iki səbəbə bağlıdır. Bunların birincisi, müəlliminin ondan bunu xahiş etməsi, ikincisi isə bunu yuxuda görməsidir. Buxari “Səhih” olaraq adlandırılan və içərisində onun özünə görə səhih olduğu sabit olan hədislərə yer verdiyi kitabında bir çox dini hökmlərin qaynağını göstərməsi ilə İslam dünyasına böyük bir xidmət etmişdir. İmam Buxari ayrıca özündən əvvəl yaşamış məzhəb imamlarının söykəndiyi təməllərin sağlam olduğunu, heç birinin şəxsi görüşlə fətva vermədiyini ortaya çıxardı. Elm adamları Buxarinin əsərinə böyük önəm verdilər. Xüsusilə hədisin səhihliyi məsələsində onun əsərində qəbul etdiyi şərtləri daha dəqiq olduğu qənaətinə gəldilər. Buxari bu əsəri meydana gətirərkən çox diqqəli idi. Əsərində yer verdiyi hədisləri altı yüz min hədisin içindən seçmişdi. Onun səhihlik ölçülərinə uyğun gəlməyən hədislərə kitabında yer vermədi. Kitabda yer alan hədislərin sayı 7275-dir. Mükərrərləri (mənası eyni olan hədislər) çıxmaqla əsərdə cəm edilən hədislərin sayı 4000 – dir.
“Camius-Səhih”də hədislər mövzulara görə kitablara ayrılmış və hər kitabda bir neçə baba bölünmüşdür. Əsərdə üzərində ixtilaf edilməyən hədislərə yer verilmiş, hədis ravilərinin (rəvayət edənlərin) inanılır olmasına diqqət edilmişdir. Buxari hədislərə bəzi dəqiq ölçüləri tətbiq etdikdən sonra onları səhih qəbul edirmiş. Ondan sonra gələn alimlər də bu ölçüləri tətbiq edərək səhih hədislərin zəif və uydurma olanlarını ayıra bilmişlər. Səhih hədis kitabı tərtib edənlərin çox olmasına baxmayaraq onlar arasında Buxari kimi dəqiqi olmamışdır. Həyatı səyahətlərlə və elm yolunda keçən bir insanın on altı illik zəhmətinin məhsulu olan bu əsərin təlifini bir yerə yığmaq mümkün deyildir. Buxarinin “Camius-Səhih”i 97 kitabdan 3450 babdan ibarətdir. Üç ravili hədislərin sayı 23-dür. Fərqli sənədlə Qurandan sonra ana qaynaq olnBuxarinin Səhihi ilə Müslümün əsərinə Səhih adı verilmişdir. İkisinə birdən “Səhihayn”, (yəni iki səhih) deyilir. Digər dörd hədis kitabına “Sünən”, bu 6 hədis kitabının hamısına isə “Kutubi Sitə” deyilir. Buxarinin bu əsərinə bir çox şərh yazılmış və üzərində araşdırmalar aparılmışdır. Ən məşhur şərhləri Ayninin “Ümdətül-Qari”, İbn Həcər Əsqalaninin “Fəthul-Bari”, Kirmaninin “Kəvakibud-Dərari” adlı əsərləridir. “Camius-Səhih”dən başqa Buxarinin bu əsərləri vardır:
Əsərləri
“Tarixul Kəbir” – Hədis ricalına (hədis rəvayət edənlərə) aid əhəmiyyətli bir əsərdir. Buxari bunu on səkkiz yaşında Həzrəti Muhammədin (SAV) qəbri üzərində yazmışdı.
“Tarixil- Əvsat” – “Tarixul Kəbir”in qısa formasıdır. Bəzi əlayazmaları nüsxələri günümüzə gəlib çatmışdır. “Tarixus-Sağir” – “Tarixul Kəbir”in bir müxtəsəridir. “Kitabu Zuafaus-Sağır” – Zəif ravilərdən bəhs edir. “Ət-Tarixu fi mərifəti rüvatil-hədis və nukatil əsar vəs sünən və təmyizü sikatihim min züafaihim və tarixu vəfatihim” – Kiçik bir risalədir. “Əat-Təvarixul Ənsab” – Bəzi şəxslərin şəxsi hallarından bəhs edir. “Kitabul Kuna” – Ravilərin (hədis rəvayət edənlərin) künyələrindən bəhs edən bir əsərdir. “Ədəbül-Müfrəd” – Əxlaq hadisələrini özündə cəm edən bir əsərdir. “Rəful-Yədəyn fis-Səlati” – Namazda əl qaldırmaqla bağlı bir risalədir. . “Kitabil-qiraati xalfəl-imam” – Namazda imamın arxasında oxuma hqqında yazılmış bir risalədir. “Halkul-Əf`alil-ibad vər-Rədd aləl-Cəhmiyyə” – Сəhmiyyə məzhəbinin görüşlərini rədd edən bir kitabdır. “Əl-Aqidə” yaxut “ət-Tevhid” – Əqaid haqqında yazılmış bir əsərdir. “Abarus Sifat” – Hədislə bağlı bir əsərdir. Bəzi kitabxanalarda əlyazma nüsxələri mövcuddur.
Bunlardan başqa mənbələrdə Buxariyə aid olduğu bildirilən bu kitabların da adı keçməkdədir: “Birril Valideyn”, “Əl-Camiul Kəbir”, “ət-Təfsiril Kəbir”, “Kitabül Hibə”, “Kitabül Əsribə”, Kitabul Məsbut”, “Kitabüliləl”, “Kitabül-Fəvaid”, “Kitabud-Duafa”, “Əl Müsnədil-Kəbir”.