ELM ÖYRƏNMƏK İBADƏTDƏN ÜSTÜNDÜRMÜ?

0

Orta məktəbdə oxuduğum illərdə qarşıma dərsliklərimizin birində Həzrət Peyğəmbərin hədisi olaraq qeyd olunan bir söz çıxmışdı. Rəsulullaha (s.ə.s) nisbət olunan bu söz belə idi: “Bir saat elm ilə məşğul olmaq altmış il ibadət etməkdən daha üstündür“. Bu sözü müəllimlərimizdən biri Allah Rəsulunun (s.ə.s) adından tez-tez təkrarlayardı. Elə düşünürəm ki, orta məktəbdə oxuyan və bu sözlə qarşılaşan hər kəsin zehnində bu söz Həzrət Peyğəmbərin hədisi olaraq yerləşmişdir. Bəs görəsən bu söz həqiqətən Həzrət Peyğəmbərin hədisidirmi?

Məlum olduğu kimi İslam dinində elmə böyük əhəmiyyət verilmişdir. Həm Qurani-Kərimdə həm də Həzrət Peyğəmbərin səhih hədislərində elmin və alimin üstünlüyünə işarə olunmuşdur. (Fatir, 35/28; Tirmizi, Elm, 19). Bu sözü isə əsas hədis mənbələrində araşdırdığımız zaman Həzrət Peyğəmbərin belə bir hədisinin olmadığı məlum olur. Burada qeyd etdiyimiz kimi olmasa da müəyyən mənbələrdə bu sözə yaxın mənada olan müəyyən rəvayətlər nəql olunmuşdur. Bu rəvayətlərdən bəziləri belədir:

– “Bir saat təfəkkür etmək altmış il ibadətdən daha üstündür“. (Əbu Şeyx əl-İsfəhani, əl-Əzəmə, I, 299). Bu rəvayət hədis münəkkidləri tərəfindən tənqid olunmuşdur. (İbnül-Cövzi, əl-Mövzuat, III, 144).

– “Fəqih bir alimin məclisində oturmaq altmış il ibadətdən daha üstündür“. (İbn Ərraq, Tənzihuş-şəriə, I, 278). Bu söz zəif və uydurma hədislərin toplandığı kitablarda qeyd olunmuşdur.

Qeyd etdiyimiz bu iki rəvayət etibar edilməyəcək qədər zəif olsa da səhih hədis mənbələrində alim ilə abidin (ibadət edən kimsə) müqayisə edildiyi müəyyən rəvayətlər qeyd olunmuş və alimin abiddən üstünlüyünə diqqət çəkilmişdir. Belə rəvayətlərdən bəziləri belədir:

– “Alimin abiddən üstünlüyü ayın ulduzlara olan üstünlüyü kimidir“. (Əbu Davud, Elm, 1)

–  “Alimin abiddən üstünlüyü mənim sizin ən aşağı mərtəbədə olanınıza olan üstünlüyüm kimidir“. (Tirmizi, Elm, 19)

– “Şeytan üçün bir fəqihi (azdırmaq) min abiddən daha çətindir“. (İbn Macə, Müqəddimə, 17). Bu rəvayət hədisçilərin çoxu tərəfindən tənqid olunmuş və zəif/uydurma olaraq qəbul olunmuşdur. (İbnül-Cövzi, əl-İləlül-mütənahiyə, I, 126).

Buraya qədər qeyd etdiklərimizdən “Bir saat elm ilə məşğul olmaq altmış il ibadət etməkdən daha üstündür” sözünün Həzrət Peyğəmbərə aid olmadığı nəticəsi ortaya çıxmaqdadır. Alimin abiddən üstünlüyünə dair qeyd olunan hədislər isə hədis elmi baxımından səhih qəbul edilən hədislərdir. Burada qəsd olunan alim insandan məqsədin kim olduğuna gəlincə Qurani-kərim və hədislərin ümumunə nəzər saldığımızda alim sözü ilə qəsd olunan kimsənin insanları zəlalətdən uzaqlaşdırıb hidayətə dəvət edən kimsələr olduğu məlum olur. Yoxsa hədisdə qeyd olunan alim kimsə ilə inancsız, ibadətsiz “alimlər” qəsd olunmamaqdadır. İnsanın əsas yaradılış məqsədi Rəbbinə ibadət etmək olduğu halda (Zariyat, 51/56) elm ilə məşğul olmaq bəhanəsilə ibadətdən uzaqlaşmağı İslam dini qəti bir şəkildə qəbul etməməkdədir.

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Allah-Təala Azərbaycanımızı hifz etsin, Ali Baş Komandanımızı müzəffər, dövlətimizi, ordumuzu, xalqımızı qalib qərar versin, inşallah!”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqına müraciət edib. İdarənin mətbuat Xidmətindən verilən məlumata görə, müraciətdə deyilir: ...

Bağla