Qurani-Kərimin bir çox ayəsində müharibə qanunları və müsəlmanların müharibəyə necə hazırlanmaları gərəkdiyi haqqında məlumat verilir. Bir ayeyi-kərimədə bununla bağlı olaraq Allah-Təala: “Ey iman gətirənlər, hər hansı (kafir) bir dəstə ilə qarşılaşdığınız zaman sabitqədəm olun və Allahı çox zikr edin ki, bəlkə qalib gələsiniz!”[1] – buyuraraq zəfər üçün lazım olan ruh yüksəkliyinə diqqət çəkir. Bununla yanaşı bəzi ayələrdə də maddi hazırlıqla bağlı müəyyən prinsiplərə toxunulur. Bu ayələrdən birində Uca Allah belə buyurur:
“Onlara (düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və (müharibə üçün) bağlanmış atları hazırlayın! Bunlarla, Allahın və sizin düşməninizi, həmçinin Allahın bilib sizin bilmədiyiniz başqa kimsələri qorxudarsınız”.[2]
Allah-Təalanın yer üzündə qoyduğu nizam və qanunlara görə zəfər və müvəffəqiyyətin müəyyən şərtləri vardır. Eyni zamanda dinimizə görə döyüş gücünə sahib olmaq və döyüşə hazırlanmaqdan məqsəd başqa dindən olanları öldürmək deyil, onların özlərinə və başqalarına zərər verməsinə mane olmaqdır. Bu da düşməndən daha güclü olmaqla mümkündür. Atalarımızın “hazır ol cəngə, əgər istərsən sülh və səlah” sözündə də məhz bu həqiqətə işarə olunur.
Ayədə döyüş üçün bağlanıb hazırlanmış atlardan bəhs olunur və bununla düşmənin qorxudulacağı ifadə edilir. Hamımıza məlumdur ki, Quranın nazil olduğu yeddinci əsrdə müharibə üçün ən zəruri silahlardan və nəqliyyat vasitələrindən biri atlar idi. Necə ki, bir çox hədisi-şərifdə[3] də Peyğəmbərimiz (s.ə.s) oxçuluq və atıcılığa təşviq edərək bunların döyüş üçün mühüm hazırlıqlardan olduğuna işarə etmişdir. Atların sayca çoxluğu və hazırlığı o dövrün şərtlərində düşmənin gözünü qorxudurdu. Atlar həmin dövrdə o qədər əhəmiyyətli idi ki, hətta Qurandakı adını tövşüyə-tövşüyə qaçan atlardan alan “Adiyat” surəsinin birinci ayəsində də Uca Allah: “And olsun tövşüyə-tövşüyə qaçan atlara!” – buyuraraq onların dəyərinə diqqət çəkir.
Bu ayəni tarixi olaraq ələ alıb günümüzə tətbiq edəcək olsaq, deyə bilərik ki, düşmənə qarşı qələbə çalmaq üçün zəruri olan ən müasir silah və müdafiə sistemləri, texniki avadanlıqlar və s. bu ayənin əmr etdiyi xüsuslara şamil edilə bilər.
f.f.d. Ələddin Sultanov
[1] Ənfal, 8/45.
[2] Ənfal, 8/60.
[3] Bax: Buxari, “Məvaqit”, 18; Müslim, “Məsacid”, 217.