Ermənistanın silahlı qüvvələri Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket atəşinə tutub.
“Report”un Qərb Mərkəzinin verdiyi məlumata görə, Gəncə şəhərinə atılmış raketlərdən biri mülki şəxslərin yaşadığı yaşayış binalarına düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Hazırda dağıntılar altında qalan insanların çıxarılması tədbirləri davam edir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı açıqlamada, hadisə nəticəsində 5 nəfərin dünyasını dəyişdiyi bildirilir.
Açıqlamada qeyd olunub ki, düşmənin silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə nəticəsində yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.
Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən, ilkin məlumata əsasən, dağıntılar altından xəsarət almış 17 nəfər və 5 nəfərin cəsədi çıxarılıb.