ŞƏHİDLƏRİN RUHLARI HARADA OLUR?

0

İslam dinində şəhidlik mərtəbəsi ən üstün mərtəbələrdən sayılır. Çünki Uca Allah Qurani-kərimdə şəhidlik mərtəbəsinin fəzilətinə diqqət çəkərək şəhidlərin ölmədiyini xəbər vermişdir. (Ali-İmran, 3/169).

Bəs elə isə şəhidlər dünyalarını dəyişdikdən sonra onların ruhları harada məskunlaşır?

Hədislərə nəzər saldığımız zaman şəhidlərin ruhları haqqında müxtəlif məlumatlarla qarşılaşırıq. Belə ki, İmam Müslimin (261/875) “əs-Səhih” adlı əsərində qeyd etdiyi bir rəvayətə görə Həzrət Peyğəmbər (s.ə.s) belə buyurmuşdur:

Onların (şəhidlərin) ruhları yaşıl rəngli quşların qarnındadır. Onların Ərşə asılmış qəndilləri vardır. Cənnətdə istədikləri yerdə dolaşar, sonra isə bu qəndillərə qayıdarlar. Rəbbləri onlardan hər an xəbər tutar. Onlara: Arzu etdiyiniz bir şey varmı? -deyə soruşar. Onlar da: (Ey Rəbbimiz!) daha nə istəyək. Cənnətdə istədiyimiz yerdə gəzib dolaşırıq – deyərlər. Allah onlardan bunu üç dəfə soruşar onlar da bu suallardan qurtula bilməyəcəklərini görüncə belə deyərlər: Ya Rəbbi! Ruhlarımızı bədənlərimizə qaytar ki, biz bir daha Sənin yolunda savaşaq və ölək – deyərlər. Beləliklə onların heç bir ehtiyaclarının olmadığı anlaşılınca onlardan daha heç bir şey soruşulmaz. (Müslim, İmarə, 121).

Bu hədisi-şərifdən anlaşıldığı kimi şəhidlərin ruhları dünyalarını dəyişdikdən sonra bir başa cənnəttə məskunlaşmaqda və orada istədikləri hər bir nemətə nail olmaqdadırlar. Hətta onlara o qədər geniş nemətlər bəxş olunar ki, onlar bunlara görə hədsiz sevincə qərq olar və dünyada yaşayan insanlara da cənnətdə qarşılaşdıqları bu nemətləri xəbər vermək istəyərlər. (Ali-İmran, 3/170). Uca Allahın Qurani-Kərimdə, Həzrət Peyğəmbərin (s.ə.s) də hədislərində qeyd etdiyi bu həqiqətlər inanc sahibi hər bir mömin üçün Allah yolunda şəhid düşməyin nə qədər ülvi bir qayə olduğunu göstərməkdədir. Dünya ağlı ilə həqiqi mahiyyətini dərk etməyimiz mümkün olmayan şəhidlik mərtəbəsinin fəzilətini anlamaq yalnız inanc sahibi insanların anlaya biləcəyi bir şeydir.

İnancımız budur ki, bu gün torpaqlarımızın azad olunması uğrunda canlarını fəda edərək şəhid düşən vətəndaşlarımız da Allah Təalanın və Həzrət Peyğəmbərin (s.ə.s) xəbər verdiyi bu nemətlərə qovuşma şərəfinə nail olmuşdurlar. Onlar həm öz canlarını fəda edərək tarixə şərəfli bir iz qoymaqla həm də axirətin ən yüksək mərtəbəsinə nail olmaqla insanlığın əldə edə biləcəyi ən yüksək mərtəbəyə qovuşdular. Allah şəhidlərimizə rəhmət eləsin! Məqamları ali olsun!

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MN: Düşmənin daha 4 PUA-sı zərərsizləşdirilib

Oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 2 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən...

Bağla