Qlobal pandemiya səbəbindən dayandırılan Ümrə ziyarəti üçün xaricdən zəvvar qəbuluna başlanacaq.
Islamveirfan.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “əl-Əxbəriyyə” telekanalı məlumat yayıb.
Kanalın ötən gün yaydığı məlumatda bildirilir ki, gecənin yarısından etibarən ölkə daxilindən və ölkə xaricindən Ümrə ziyarəti üçün zəvvar qəbulu başlayacaq.
7 aylıq fasilədən sonra mərhələli bərpa edilən Ümrə ziyarətinin üçüncü mərhələsinə əsasən bazar ertəsi günündən xaricdən ilk zəvvar qrupunun Hərəmi-Şərifə qəbul edilməsi nəzərdə tutulur.
Açıqlamada virusa qarşı bütün gigiyenik tədbirlərin görüləcəyi, müqəddəs Kəbəyə gündəlik 20 min zəvvar qəbul ediləcəyi bildirilib.
Qeyd edək ki, kovid-19 virusu səbəbilə bu ilin mart ayında dayandırılan Ümrə ziyarəti, oktyabr ayından mərhələli olaraq bərpa edilməyə başlayıb. İlk mərhələ oktyabrın 4-də başlayıb və sadəcə Səudiyyə Ərəbistanından 6 min zəvvar qəbul edilib.
İkinci mərhələ isə oktyabrın 18-də başlayıb və yenə sadəcə Səudiyyə Ərəbistanından 10 min zəvarın qəbul edilib. Bu mərhələdən sonra həm Məscidi-Haramda, həm də Məscidi-Nəbəvidə vaxt namazları ilə cümə namazının kütləvi qılınmasına başlanıb.
Sabah başlayacaq üçüncü mərhələdə isə xaricdən zəvvar qəbul edilməsi nəzərdə tutulur.
Sonuncu – dördüncü mərhələdə isə gündəlik 100 zəvvarın qəbul edilməsi nəzərdə tutulur. Sonuncu mərhələnin tarixi açıqlanmasa da, bunun üçün pandemiyaya qarşı təhlükəsiz mühitin olması şərti ifadə edilib.