Müqəddəs kitabımız olan Qurani-Kərimin adının haradan gəldiyi ilə əlaqədar müəyyən fikirlər səsləndirilmişdir. İslam alimləri arasında yaranmış bu fikir ayrılıqlarını aşağıdakı kimi sadalamaq olar:
- “əl-Quran” sözü ərəb dilindəki “قَرَائِن / Qərain” (bir-birinə tay olanlar) sözündən törəmişdir. Belə ki, Quranın bir çox ayələri bir-birinə bənzərlik təşkil etdiyi üçün onu “Qərain” sözündəki morfolojik dəyişikliklərlə “Quran” adlandırmışlar.
- “əl-Quran” sözü Uca Allahın müqəddəs kitabımıza verdiyi xüsusi bir isimdir və heç bir sözdən törəməmişdir.
- “əl-Quran” sözü “قَرْي / Qəry” (toplamaq) sözündən götürülmüşdür. Çünki Qurani-Kərim özündə bir çox gözəllikləri cəm etmişdir.
- “əl-Quran” sözü “ قَرَأَ / qaraə” (oxudu) sözünün məsdər formasıdır. Belə ki, o, oxunmaq üçün göndərilmiş ilahi bir kitabdır. Bunun ən böyük dəlili isə məhz Quranın özündədir. Çünki Allah-Təala Qurani-Kərim barəsində belə buyurur:
إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ
“Şübhəsiz ki, onu (sənin yaddaşında) cəm etmək və oxutmaq Bizə aiddir. Ona görə də Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə!” (Qiyamət, 75/17-18)
İslam alimləri arasında tərcih olunan ən mötəbər fikir də məhz budur. Yəni, Qurani-Kərim ərəb dilindəki “ قَرَأَ / qaraə” felinin məsdər forması olub müqəddəs kitabımıza Allah tərəfindən verilmiş adıdır. “Kərim” sözü isə müsəlmanlar tərəfindən Qurana verilmiş bir sifət olub “şərəfli, dəyərli” kimi mənalara gəlir. Nəticə etibarilə “Qurani-Kərim” sözünü dilimizə “oxunan şərəfli kitab” şəklində tərcümə edə bilərik.
f.f.d. Ələddin Sultanov