ÜMMƏTİN İXTİLAFI RƏHMƏTDİRMİ?!

0

            İslam dini müsəlmanlar arasında təfriqələrin, bölünmələrin, ayrılıqların olmasına qarşı çıxan bir dindir. Belə ki, Qurana nəzər saldığımız zaman Uca Allahın orada belə buyurduğunu görə bilərik: “Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın“. (Ali-İmran, 3/103). “Açıq-aydın dəlillər gəldikdən sonra ayrılıb ixtilafa düşən kəslər kimi olmayın!” (Ali-İmran, 3/105). “Şübhəsiz ki, sizin bu dininiz tək bir dindir. Mən də sizin Rəbbinizəm. Ona görə də məndən çəkinin! Ancaq onlar dini məsələlərdə firqələrə bölündülər. Hər bir firqə öz əlindəkinə görə sevinib qürurlanır“. (Muminun, 23/52-53).

            Bu və bənzər ayələrə nəzər saldıqda Uca Allahın müsəlmanlar arasında birlik və bərabərliyə əhəmiyyət verdiyi, ayrılıq və firqələrə bölünməyi isə xoş görmədiyi anlaşılmaqdadır. Lakin bəzi mənbələrdə keçən bir hədis vardır ki, bu hədisdə müsəlmanlar arasındakı ixtilafın rəhmət olduğu qeyd olunur. Həmin hədis Həzrət Peyğəmbərdən müxtəlif şəkillərdə nəql olunmuşdur. Bir rəvayətə görə Həzrət Peyğəmbər: “Ümmətimin ixtilafı rəhmətdir” buyurmuşdur. (Səxavi, əl-Məqasid, s. 69). Başqa bir yerdə isə bu hədis bir az daha uzun və fərqli şəkildə nəql olunmuşdur. Həmin rəvayətə görə Həzrət Peyğəmbər (s.ə.s) belə buyurur: “Siz Allahın kitabından sizə bildirilənlər ilə əməl edin. Heç kimin bunu tərk etməyə ixtiyarı yoxdur. Əgər bir məsələ barəsində Allahın kitabında bir məlumat tapa bilməsəniz o zaman mənim sünnəm ilə əməl edin. Əgər mənim sünnəmdə də bir şey tapa bilməsəniz o zaman səhabələrimin dedikləri ilə əməl edin. Çünki mənim səhabələrim səmadakı ulduzlar kimidir. Onların hansının yoluyla getsəniz hidayətə çatarsınız. Səhabələrimin ixtilafı sizin üçün rəhmətdir“. (Beyhəqi, əl-Mədxəl, II, 580).

            Bu hədisin əsas hədis mənbələrində keçməməsi hədis üzərində müəyyən şübhələr yaratmaqdadır. Lakin Beyhəqinin əsərində Ömər ibn Əbdüləzizə nisbət olunan bir söz diqqət çəkməkdədir. “Əgər Muhəmmədin (s.ə.s) səhabələri ixtilaf etməsəydi bu məni sevindirməzdi. Çünki, onlar əgər ixtilaf etməsəydi bu (ixtilaf etmək) bizim üçün rüxsət (icazəli) olmazdı”. (Beyhəqi, əl-Mədxəl, II, 456). Ömər ibn Əbdüləzizə nisbət olunan bu sözün Həzrət Peyğəmbərə nisbət olunan bu hədislə əlaqəsi yoxdur. Ömər ibn Əbdüləziz bu sözü ola bilsin ki, öz şəxsi fikri olaraq ifadə etmişdir. Buna görə də bu hədis bir çox hədis tənqidçisi tərəfindən tənqid olunmuş və bu sözü Həzrət Peyğəmbərə nisbət etməyin doğru olmadığı irəli sürülmüşdür. (Əliyyül-Qari, əl-Əsrarul-mərfuə, s. 84; İbnül-Mülaqqin, Təzkirə, s. 71). Süyuti bu hədisi izah edərkən burada qəsd olunan ixtilafın hökümlər ilə əlaqəli mövzularda və ya yeni ortaya çıxan məsələlər ilə bağlı olduğunu söyləmişdir. (Süyuti, Dürər, 44).

            Nəticə olaraq, tarix boyu insanlar arasında eyni məsələyə fərqli yanaşmalar hər zaman olmuşdur. Lakin Allah və Peyğəmbər tərəfindən bildirilən əsaslar vardır ki, bu mövzularda insanların öz qənaətlərinə uyğun olaraq fərqli bir fikri irəli sürməsi qəbul edilməzdir. Bu səbəblə də hədisin mənasını diqqətə alacağımız təqdirdə bu hədis Quran və sünnədə açıqlanmayan məsələlərdə səhabənin fikrinə müraciət olunacağına işarə etməkdədir. “Ümmət” ifadəsinə gəlincə bu söz ilə də İslam alimlərinin qəsd olunduğunu söyləmək mümkündür. Lakin hədisin səhih mənbələrdə keçməməsi və üzərində bir çox mübahisələrin olması hədisin səhhət baxımından şübhəli olduğunu göstərməkdədir. Bu səbəblə də bu hədisi ələ alarkən bunun nəzərə alınması lazımdır.  

SƏFA MURADOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN ORDUSU AĞDAM RAYONUNA DAXİL OLUB

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan ordusunun bölmələri noyabrın 20-də...

Bağla