Uca Allah Qurani-Kərimdə: “Ey iman gətirənlər, Allahdan qorxun və sadiqlərlə (doğru insanlarla) birlikdə olun!”[1] – buyurur. Əgər həqiqətən, qəlbimizdə Allah qorxusu və iman varsa, doğru insanların yanında olmalıyıq. Çünki qəlbdən qəlbə yol vardır. İnsan oğlunun qəlbi istər-istəməz yanındakının qəlbinə meyil edər və müəyyən dərəcədə ondan təsirlənər. Əgər biz sadiq kəslərlə bərabər olsaq, bu, doğru yoldan ayrılmağımızın qarşısını alar.
Eyni zamanda doğru danışmaq, doğru yaşamaq və doğru insanlarla bir yerdə olmaq İslam əxlaqının əsas xüsusiyyətlərindən biridir. Yəni, doğruluq həyatımızın bütün sahələrini əhatə etməlidir.
İlk əvvəl niyyətlərimizdə doğru olmalıyıq. İbadətlərimizdə, verdiyimiz sədəqələrimizdə və insanlarla münasibətlərimizdə məqsədimiz yalnız Allahın rizasını qazanmaq olmalıdır. Eləcə də ağzımızdan çıxan hər bir sözün doğru olmasına diqqət etməliyik.
Həzrət Peyğəmbər (s.ə.s) bununla əlaqəli olaraq buyurur: “Səndə şübhə yaradan bir şeyi tərk et, əmin olduğun şeyə çatana qədər get! Çünki doğruluq qəlbin əminlik qazanmasıdır, yalan isə qəlbində şübhə yaranmasıdır”.[2]
Qurani-Kərimdə doğruluq iman ilə birlikdə qeyd olunur və bir çox ayədə doğruluğa diqqət çəkilir. Bir ayeyi-kərimədə belə buyurulur: “Elə isə sən və səninlə birlikdə tövbə edənlər əmr olunduğunuz kimi doğru yolda olun və həddi aşmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir”.[3]
Digər ayeyi-kərimələrdə isə:“Ey iman gətirənlər! Özünüzün, ata-ananızın və ya qohumlarınızın əleyhinə olsa belə, daim ədaləti təmin edən və) Allah üçün şahidlik edən kimsələr olun!”[4] “Ey iman gətirənlər, Allah üçün ədaləti təmin edən şahidlər olun! Bir qrup insana qarşı bəslədiyiniz kin sizi ədalətsizliyə sövq etməsin”,[5] – buyurulur və ümumbəşər bir prinsip ortaya qoyulur. Belə ki, Uca Allah sevmədiyimiz və hətta, düşmənimiz olan biri olsa belə ona qarşı doğru və ədalətli olmağımızı əmr edir.
Nəticə etibarilə, biz doğru olaq ki, ətrafımızdakılar da doğru yola gəlsin. Eyni zamanda doğru insanlarla birgə olaq ki, doğruluqdan ayrılmayaq.
f.f.d. Ələddin Sultanov
[1] Tövbə, 9/119.
[2] Tirmizi, “Qiyamə”, 61.
[3] Hud, 11/112.
[4] Nisa, 4/135.
[5] Maidə, 5/8.