Ötən gün Türkiyə “Türksat5A” adlı beşinci nəsil peykini orbitə göndərib.
Başda “Türk Dilində Danışan Ölkələr Əməkdaşlıq Şurası”na (Türk Şurası) üzv olan ölkələr olmaqla bir çox dövlət bu münasibətlə Türkiyəni təbrik edib.
Bu barədə “Türk Şurası”nın sosial şəbəkədəki səhifəsində məlumat yayılıb.
“Türk şurasının təsisçi ölkəsi Türkiyə, Türksat5A telekommunikasiya peykini ABŞ-ın Florida əyalətindən fəzaya göndərib. Türk şurası olaraq Türkiyəni təbrik edir, üzv ölkəmizin elmi-texniki nəaliyyətləri ilə fəxr edirik.” – deyə Şuranın Twitter səhifəsində qeyd edilib.
Qeyd edək ki, ötən gün səhərə yaxın “Cape Canaveral” bazasından orbitə göndərilən “Türksat5A” Türkiyənin kosmosdakı 7-ci fəal peykidir.
Türksat5A-nın orbitdə 31 dərəcə şərq istiqamətindəki mövqeyinə 4 ayda çatması və bu ilin II rübündə fəaliyyətə başlaması planlaşdırılır.