“Rəsmi Parisin dəstəyi ilə hazırlanan “Fransa İslam Prinsipləri Nizamnaməsi”, “Fransa İslamı” layihəsinin bir hissəsidir.”
İslamveirfan.com xəbər verir ki, bu fikirlər Fransa Rona bölgəsi məscid şurasının bəyanatında səsləndirilib. Açıqlamada bu layihənin İslamın əsas ünsürlərini inkar etdiyi və İslamın əxlaqi dəyərlərinə zid olduğu vurğulanıb.
Nizamnamənin məqsədinin İslam dinini pozmaq olduğu bildirilən açıqlamada, bu nizamnaməyə riayət etməyən din xadimlərinin tutduqları vəzifədən kənarlaşdırılacaqları qeyd edilib.
“Rəsmi Parisin göstərişi ilə təsis edilən “Milli İmamlar Şurası”nın fəaliyyəti qayğı vericidir. “Fransa İslam Prinsipləri Nizamnaməsi”ni də təsis edən “Fransa İslam Şurası”dır (CFCM). CFCM bu nizamnaməni hazırlayarkən İslam cəmiyyətləri, imam və dini liderlərlə məsləhətləşməyib. Bu da İslam dinindən siyasi məqsədlər üçün istifadə ediləcəyi təhlükəsi yaradır.”
“Seine-Saint-Denis” müsəlman dərnəkləri şurası da həm bu nizamnaməyə, həm də “separatizmlə mübarizə” adıyla çıxan “İslamafobiya” qanununa qarşı olduqlarını açıqlayıb. Açıqlamada qeyd edilir ki, dövlət məscid, imam və müsəlmanların işinə qarışaraq 1905-ci ildə qəbul etdiyi “dünyəvilik” qanununu pozmaqdadır.
Xatırladaq ki, Fransa prezidenti Emanuel Makron ötən il oktyabrın 2-də açıqladığı “Respublika dəyərlərinə hörməti gücləndirən prinsiplər” qanun layihəsində CFCM-nin tərkibində “Milli İmamlar Şurası” təsis edilməsini və ölkədəki müsəlman nümayəndələrinin öz aralarında “ortaq islam anlayışı” üzərində birləşmələrini tələb etmişdi.
Makron yanvarın 18-də ölkədəki bir çox müsəlman nümayəndə ilə görüşmüş, hazırlanan nizamnaməni imzalamalarını istəmişdi. Bəzi nümayəndələr nizamnaməni imzalasalar da, əksər din xadimləri “İslam əqidəsinə zid” olduğunu bildirərək bu nizamnaməni imzalamayıblar.
“Anadolu” agentliyi