Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Sənəddə Azərbaycana səyahət edən Türkiyə vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib.
Həmin sənədlər aşağıdakılardır:
- Türkiyə Respublikasının diplomatik pasportu;
- Türkiyə Respublikasının xüsusi pasportu;
- Türkiyə Respublikasının xidməti pasportu;
- Türkiyə Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi ( Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən);
- Türkiyə Respublikasının Dənizçinin kitabı;
- hava gəmisi heyətinin səyahət sənədi;
- Qatarlar və Lokomativ heyətinin səyahət sənədi;
- Səyahət sənədi və ya Müvəqqəti Pasport (Türkiyə Respublikasına qayıtmaq üçün Azərbaycan Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün).
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.