Hər bir cəmiyyətdə olduğu kimi ölkəmizdə də falçılıqla məşğul olan müəyyən insanlar vardır. Belə insanlar etdikləri əməli müdafiə edərkən məqsədlərinin insanlara faydalı olmaq olduğunu ifadə edirlər. Lakin dini cəhətdən məsələyə yanaşdığımız zaman haram olan bir yolla insanlara hər hansı bir faydanı qazandırmağın mümkün olmadığı aydın olur. Rəsulullahın (s.ə.s) şərab haqqında buyurduğu hədisini burada misal olaraq qeyd etməyimiz mümkündür. Şərab ilə müalicə olunmağın mümkün olub-olmadığını soruşan bir səhabəyə Allah Rəsulu (s.ə.s): “O özü dərddir, dəva deyildir“, – şəklində cavab verərək haram bir yolla müalicə olunmağın insana faydasının olmayacağını açıqlamışdır. (Müslim, Əşribə, 12).
Falçılığın haram olduğu da həm Qurani-Kərim həm də hədisi-şəriflərlə sabitdir.
Uca Allah belə buyurur: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız“. (Maidə, 5/90). Ayədə keçən “fal oxları” ifadəsi ilə Cahiliyyə vaxtında ərəblərin istifadə etdikləri falçılıq üsuluna işarə edilir. Onlar üç qədəh götürər və bir kağıza yazaraq bir qədəhin içinə “etmək olar”, ikincisinin içinə “etmək olmaz” və üçüncünün içinə hər hansı bir şey qoymazdılar. Beləliklə, qədəhdən çıxan nəticəyə görə etmək istədiklərini ya edər ya da etməzdilər. Əgər boş qədəh çıxardısa bu işi bir daha təkrarlayardılar. (İbn Kəsir, “Müxtəsər“, I, 481).
Rəsulullah (s.ə.s) belə buyurur: “Falçının yanına gedərək ondan bir şey soruşan kimsənin qırx gecə (gün) boyunca qıldığı namaz qəbul edilməz”. (Müslim, Salam, 35).
“Kim bir kahinə və ya bir falçıya gedərsə və onun dediklərini təsdiqləyərsə, Muhəmmədə endirilənləri inkar etmiş olar“. (Əhməd ibn Hənbəl, “Müsnəd”, XV, 331).
Qeyd olunan ayə və hədislərdən falçılığın şeytan əməlindən günah bir iş olduğu anlaşılır. Bu səbəblə də hər hansı bir sıxıntıya məruz qalan bir insan bu sıxıntısını həll etmək üçün şəriətin icazə verdiyi yollara müraciət etməlidir. Şəriət maddi və mənəvi bir çox sıxıntının həlli üçün müəyyən surələrin və duaların oxunmasını tövsiyə edir. Səmimi duyğularla və inanaraq bu surə və dualar oxunarsa, sıxıntıların ortadan qalxması ümid edilir. Eyni zamanda belə bir sıxıntıya məruz qalan bir insanın namaz başda olmaqla ibadətlərinə diqqət etməsi və tez-tez Quran oxumaqla dilini zikrə öyrəşdirməsi lazımdır.
f.f.d. Səfa Muradov