Türkiyənin “Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi”nin (MÜSİAD) ABŞ nümayəndəliyinin verdiyi elan erməniləri hiddətləndirib.
ABŞ-da MÜSİAD əməkdaşlarından biri Vaşinqton ilə Nyu-York arasındakı magistral yolun kənarında bilborda elan yazdırıb. Elanda, “Azərbaycanlılar (və Türklər) ermənilərlə ahəng içində yaşamağa hazırdır. Bəs ermənilər?” – yazılıb.
Bu elanla özündən çıxan ermənilər, bilbordun olduğu yerdən götürülməsi üçün sosial şəbəkədə kampaniya başladıb. MÜSİAD əməkdaşı, elanı 4 həftəlik verdiklərini, amma ermənilərin reklam şirkətinə göstərdiyi təzyiq səbəbindən elanın bir neçə günə enidirilə biləcəyini deyib.
MÜSİAD-ın ABŞ nümayəndəliyi hadisədən sonra yazılı bəyanat yayıb:
“Bu bilbord mesajı ilə biznes dünyasında sülhü bərqərar etmək üçün bir addım atdıq. Son vaxtlar baş verən hadisələr və əsassız iddialar barədə səsimizi eşitdirmək istəmişdik. MÜSİAD ABŞ-ın ən böyük arzusu, ölkələr arasında baş vermiş konfliktdən sonra biznesmenləri və qurumları uzlaşdırmağa kömək edəcək fəaliyyətlərlə məşğul olmaqdır. Biz biznesmenlər hər yerdə, sülh və stabilliyin ən düzgün mühit olduğunu deməyə davam edəcəyik.” – deyə bəyanatda bildirilib.