Gözlərin çox şeyi görmürsə görmədiklərin yoxdur deyə bilməzsən…
Qulaqların bütün səsləri duya bilmirsə eşitmədiyin səsləri inkar etməyə haqqın yoxdur…
Sənin beynin çox şeyi dərk edə bilməsə də dərk edə bilmədiyin bir çox həqiqətlər vardır.
Bu həqiqətlərdən biri də başımıza gələn müsibətlərdə belə bizim üçün bir xeyrin olmasıdır.
Hər şeydə bir xeyrin olması isə Yaradanın öz bəndələrinə bir lütfüdür.
Çünki başımıza gələn bütün hadisələr bizim xarakterizə etdiyimiz kimi fəlakət tipli olsaydı dünya yaşanmaz bir məkana çevrilərdi. Və ya tam əksinə hər şey hər zaman bizim xeyrimizə işləsəydi o zaman heç nəyin qədri bilinməzdi. Amma bunların heç biri olmadı. Bu iki yanaşmanın ortasında ədalətli bir ilahi mexanizm işləməkdədir. Bu elə bir mexanizmdi ki, biz nəyin nə zaman nə şəkildə qarşımıza çıxacağını bilmirik. Bu da ümid və qorxu arasında yaşayaraq həyatımızın daha mənalı olmasına gətirib çıxarır. Əgər bunun əksi olsaydı, dünyada ümidsiz insanlardan çox heç bir şey olmazdı. Əlində heç bir şey olmayan insanlar, bir gün çox şeyə sahib olacaqlarını ümid edərək yaşadıqları halda, bu dünyada çox şeyə sahib olan insanlar da bir gün sahib olduqlarını itirəcəklərindən narahat olaraq yaşayarlar. Ama həqiqətdə nə bu dünyada qazandıqların sənindir nə də itirdiklərin. Bunların heç biri üçün üzülməyə dəyməz.
Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz. (Bəqərə, 2/216)
Əgər sizin həyatınızda gözlədiyiniz bir xeyir gecikirsə bu sizin üçün bir xeyirdir deməkdir.
Dr. Eldar Kərimov