Pakistan prezidenti Arif Alvi Fransa parlamentində hazırlanan və hədəfində müsəlmanların olduğu “separatçılıqla mübarizə” adlı qanun layihəsini tənqid edib.
Paytaxt İslamabadda keçirilən “Dini Azadlıqlar və Etniklərin hüquqları” adlı seminarda çıxış edən Alvi, rəsmi Parisi insanlar arasında ayrı-seçkilik etməməyə çağırıb.
İnanc və ifadə azadlığı adı altında Hz. Muhammədi (ﷺ) təhqir etmənin İslam ümmətinə yönələn hücum olduğunu deyən Pakistan prezidenti bildirib ki, Fransa islamafobiyanı dəstəkləyən bu mövqeyindən əl çəkməlidir.
Qeyd edək ki, təqribən 6 milyon müsəlmanın yaşadığı Fransada müsəlmanları hədəfə götürən bir qanun layihəsi hazırlanıb.
Prezident Makronun rəhbərliyi ilə 2020-ci ildə hazırlanan bu layihənin adı əvvəllər “İslamçı separatizm” olsa da, etirazlardan sonra layihə “respublika dəyərlərinə hörməti gücləndirən prinsiplər” adlandırılıb.
Layihənin qüvvəyə minməsi, Fransa hökumətinə müsəlmanların bütün həyatlarına müdaxilə haqqı verir. Bundan başqa qanun layihəsi, məscidlərə, məscidləri idarə edən icmalara, müsəlmanlara aid dərnək və QHT-lərə müdaxilə haqqı verir.
Fevralın 16-da milli məclisdə qəbul edilən qanun layihəsi, martın 30-dan sonra Fransa senatında müzakirəyə çıxarılacaq.
Bir çox akademik, jurnalist, insan hüququnu müdafiə təşkilatları və QHT-lər bu layihəyə etiraz etmək üçün Parisdə etiraz aksiyası keçirmişdilər. Etirazçılar bu layihənin müsəlmanlara qarşı ayrı-seçkilik yaradacağını demişdilər.