Peyğəmbər aleyhissəlam əfəndimiz bir hədisində “Bir insan qəbrə qoyulduqdan sonra namaz, oruc kimi saleh əməlləri onu əhatə edər. Nekir-Münkər mələkləri sorğu sual üçün yaxınlaşdığı zaman bir tərəfdən namazı digər tərəfdən isə orucu onu qoruyar…. ”(bax İbn Hənbəl, 6/352).
Dünyada və axirətdə bizi tək buraxmayan və müdafiə edən əsl dostlarımızdan birisi namazdır. Rəbbimiz bizə sonsuz nemətlər vermişdir, o cümlədən əmin dostlar və dəstəkçilər təyin edərək dünya və axirətdə güclü olmağımızı istəmişdir. Lakin insan öz təkəbbürü və cahilliyi səbəbiylə bu dostları qəbul etmək istəmir. Nəhayətdə insan dəsdəksiz qalaraq aciz vəziyyətlərə düşür və rəzillik yaşayır. Namaz bizi gündə beş dəfə pis əməllərdən çəkindirmək surətiylə mənəvi təmiz olmağımıza şərait yaradır. Gündə beş dəfə dəsdəmaz alaraq maddi təmizliyimizi də bu sadiq dosdumuz sayasındə təmin edirik. Problemlərimizə və həyatın çətinliklərinə məhz “Namaz Qaradımızın” köməyi ilə çarə tapa bilirik. “Namaz Qardaşla” gündə beş dəfə görüşərək ehtiyaclarımızı dilə gətiririk və əmin ola bilərik ki, Allah bu sayədə bizi eşidir, həmçinin dualarımıza icabət edir. Bu “sadiq qardaşımız” bizi göylərə yüksəltmə qabiliyyətinə də sahibdir, təki biz buna inanaraq ona yaxşıca sarılaq. “Namaz Qardaşın” daha bir çox hünəri mövcud olsa da təəssüflər olsun ki, biz onu yaxşı tanımırıq, həmçinin onun bir çox məharətini hələ də kəşf edə bilməmişik. “Namaz Qardaşla” yaxından tanış olmaq üçün ilk öncə onun tələblərini, xüsusiyyətlərini və vəsiflərini öyrənməliyik. Onunla dərindən tanış olsaq və haqqını verərək dostluq etsək, əlbətdəki aramızda güclü əlaqə yaranar. Məhz bu sayədə ümidsizlik, çarəsizlik, təlaş, qorxu kimi ən yaygın xəstəliklərdən özümüzü qoruyarıq. Ən əsası da odur ki, “Namaz Qardaş” bizdən nə pul istəyir nə də yemək. İstədiyi əsas iki şey var; gündə bir saat vaxt və güclü etina. Buna qarşılıq onun bizə bəxş etdiyi faydaları isə yazmaqla bitirmək olmaz. “Namaz Qardaşla” tanış olub xoşbəxt olmaq varkən onu hələ də tanımayanlara məsləhətim budur ki, vaxt itirmədən və bu işi təxir etmədən onu axtarsınlar. Çünki, “Namaz Qardaşı” bu dünyada tanımayanları o da axirətdə tanımayacaqdır. Odur ki, tələsin ölüm gəlmədən onu axtarın tapın və tanış olun.
Rəşad Manafov