Dövrümüzdə iş tapmaq, yaxud daha yüksək vəzifəyə təyin olunmaq üçün CV doldurmaq əhəmiyyətli hal alıb. CV dolduran hər bir insan qarşıdakı insanlara özünün necə bir insan olduğunu qısa və qaneedici şəkildə izah etməyə çalışır. Əgər məqsədimiz bu dünyada iş tapmaq deyil, axirətdəki böyük məhkəmədə öz həyatımızı qısa və aydın tərzdə anladaraq bəraət qazanmaq və beləliklə yüksək məqamlara yiyələnmək olarsa görəsən, dünyada doldurduğumuz axirət CV-sində nələri yazardıq. Elə bir CV-dən danışıram ki, axirət üçün də yararlı olsun. Peyğəmbərlərin də bir növ CV-ləri Quranda bizə vəciz şəkildə ərz olunur. Gəlin bəzi ayələrdən örnəklər gətirək və peyğəmbər CV-lərində yazılan bir sıra vəsiflərə baxaq.
– İdris aleyhissəlamın CV-sində; (Məryəm 56) صِدّ۪يقاً/sıddıq (doğru sözlü), (Ənbiya 85) مِنَ الصَّابِر۪ينَ/səbrli.
– Hud aleyhissəlamın CV-sində; (Araf 68) اَم۪ينٌ/etibarlı, نَاصِحٌ/nəsihətçi.
– İbrahim aleyhissəlamın CV-sində; (Hud 75) لَحَل۪يمٌ/ həlim, اَوَّاهٌ/həssas, مُن۪يبٌ/Allaha sarı.
– Yusuf aleyhissəlamın CV-sində (Yusuf 54-55)مَك۪ينٌ /mövqe sahibi, اَم۪ينٌ/etibarlı bir şəxs, عَل۪يمٌ/bilən, حَف۪يظٌ/ qoruyan.
– Musa aleyhissəlamın CV-sində; (Qəsas 26) الْاَم۪ينُ/etibarlı bir şəxs, الْقَوِيُّ /güclü.
– İsmail aleyhissəlamın CV-sində; (Məryəm 54) صَادِقَ الْوَعْدِ/sözünə sadiq, مِنَ الصَّالِح۪ينَ/ saleh kimsə.
Bu cür ayətləri çoxaltmaq mümkündür, amma ən çox əhəmiyyət kəsb edən nöqtəni vurğulamaq lazımdır. Bu da bütün insanların yuxarıda qeyd olunan peyğəmbər vəsiflərinə yiyələnmək adına çalışıb çabalamasının önəmi məsələsidir. Hər bir insan səbirli, sadiq, vədlərə sadiq, həlim, etibarlı, həssas, elmli, əmanətləri qoruyan, güclü kimi üstün məziyyətlərə sahib olmalıdır. İnsan üçün yüksək səviyyədə dil, təhsil, elm və peşəkarlıq lazım olduğu qədər dəyərlər və məziyyətlər də çox əhəmiyyətlidir. CV dolduran, yaxud qəbul edib incələyən mütəxəssislərin zahiri elmlərə və qabiliyyətlərə önəm verərək insan kamilliyini təkcə zahiri istedadlara şamil etməmələri yaxşı olardı. Təəsüflər olsun ki, müasir dövrümüzdə yüksək dəyər və əxlaqa sahib olmaq məsələsinə lazımınca diqqət ayrılmır. Həm təhsil ocaqlarında, həm də ailədə yüksək əxlaq vərdişlərin əldə edilməsi üçün bu əxlaqın daşıyıcıları örnək göstərilməlidir. Təbii ki, bu xüsusda ən bariz örnəklər elə məhz peyğəmbərlərdir. O cümlədən son peyğəmbərin əxlaqı və nümunəvi həyatını uşaqlarımıza dərindən öyrətmək və gərəyincə aşılamağımız labüdür ki, böyüdüklərində CV-lərində dil, təhsil, elmi nailiyyətlər, peşəkarlıq kimi bir sıra qabiliyyətlərin yazılması ilə yanaşı, şəxsiyyət və xarakter baxımından da qətiyyətli, tərtibli, fədakar, səbirli, etinalı, əzimli, yaradıcı fikirli, bəsirətli, əmin, ədalətli, həlim, həssas və buna bənzər əxlaqi dəyərlərə sahib olsunlar.
Rəşad Manafov